Son dövrlərdə dünyada müxtəlif innovasiya sistemlərinin və səmərəli idarəçiliyin təmin olunmasında elektron dövlət mühüm rol oynayır. Müasir dövrdə bir çox ölkələr məhz bu tətbiq forması ilə idarəetmədə aşkarlıq və şəffaflığı artırmağa çalışırlar. Çünki elektron dövlət vətəndaş-məmur münasibətlərində birbaşa təması minimuma endirir və dövlət orqanlarının xidmətlərindən istifadəni vətəndaşlar üçün daha əlçatan edir. Beləliklə də, bu xidmətlərdən istifadə zamanı ehtimal olunacaq xoşagəlməz hallar aradan qalxır və nəticədə, vətəndaş məmnunluğu təmin edilmiş olur. İdarəetmədə elektron dövlət mexanizmini tətbiq etməyə çalışan ölkələrdən biri də Azərbaycan Respublikasıdır. Ölkəmizdə bu sahədə görülən ən mühüm tədbir isə “ASAN xidmət” layihəsinin tətbiq olunmasıdır.
“ASAN xidmət” ölkəmizdə dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanına əsasən “ASAN xidmət” mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması 2012-ci ilə təsadüf edir. İngilis dilindən tərcüməsi (Azerbaijan Service and Assessment Network) Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi olan “ASAN xidmət”in ilk mərkəzi elə həmin ilin dekabr ayında Bakı şəhərində yaradılıb, 2013-cü ilin yanvar ayından isə fəaliyyətə başlayıb. Qısa müddətdə paytaxtın müxtəlif ünvanlarında yaradılan “ASAN xidmət” mərkəzləri tezliklə ölkəmizin müxtəlif bölgələrində də fəaliyyətə başlayaraq daha çox sakinə xidmət göstərməyi qarşısına məqsəd qoyub.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Bu gün ölkəmizdə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində vətəndaşlara dövlət orqanı ilə yanaşı, özəl şirkət və müəssisələr tərəfindən də müxtəlif xidmətlər göstərilir.
“ASAN xidmət”in əsas prinsipləri operativlik, şəffaflıq və innovativlikdir. Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. Belə ki, vahid mərkəzi ziyarət edən vətəndaşlar onlarla dövlət və özəl təşkilatlar tərəfindən göstərilən müxtəlif xidmətlərdən istifadə edə bilərlər. Xidmətlərin göstərilməsinə görə rüsumlar banklar vasitəsilə ödənilir ki, bu da “ASAN xidmət”in əsas prinsiplərindən olan şəffaflığın təmin edilməsində önəmli paya sahibdir. Mərkəzlərdə həyata keçirilən bütün əməliyyatlar videomüşahidə kameralarının vasitəsilə qeydiyyata alınır. Beləliklə, ehtimal olunacaq bürokratik maneələr tam aradan qaldırılır. “ASAN xidmət” mərkəzlərində növbələrini gözləyən vətəndaşların vaxtlarını rahat və mənalı keçirmələri üçün də hərtərəfli şərait yaradılır. Bununla yanaşı, müxtəlif sosial layihələrin keçirilməsinə də öz töhfəsini verən “ASAN xidmət” mərkəzlərində çalışanların mütləq əksəriyyəti könüllü gənclərdir. Mərkəz tərəfindən həmin gənclərin müxtəlif təlimlərdə iştirakı, təcrübə qazanmaları, layihələr həyata keçirmələri üçün də geniş imkanlar yaradılır.
Fəaliyyət göstərdiyi müddətdə vətəndaşların rəğbətini qazanan “ASAN xidmət” layihəsi beynəlxalq qurumların da diqqətini cəlb edib. 2014-cü ildə İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat əldə edən “ASAN xidmət” 2015-ci ildə BMT-nin həmin il üçün Dövlət Xidmətləri Mükafatına layiq görülüb. 2015-ci il martın 2-də isə Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən, müxtəlif dövlətlərin 700-dən çox müəssisəsinin müraciət etdiyi müsabiqənin “Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması” sahəsi üzrə qalibi olub. Eyni zamanda bu Azərbaycan brendi bir çox dünya ölkələrinin də marağını cəlb edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “ASAN bizim intellektual məhsulumuzdur. Mən çox şadam ki, Azərbaycan intellektual məhsul icad edir və bunu ixrac edir. İntellektual məhsulun, xidmətlərin ixracı hesab edirəm ki, bizim gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır... ASAN dünyada öz fəaliyyətini genişləndirir və bizim gələcəkdə də bir çox ölkələrlə əməkdaşlığımız mümkündür. Əsas şərtimiz ondan ibarətdir ki, Azərbaycanda göstərilən xidmət orada da göstərilsin, çünki bu, bizim brendimizdir və mərkəzin adı da bütün ölkələrdə ASAN olmalıdır…”
Məlum olduğu kimi, ölkə başçısı 2020-ci il yanvarın 16-da “Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb və sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu məqsədlə 8,8 milyon manat ayrılması nəzərdə tutulub. Sərəncamda nəzərdə tutulan məsələlərin həlli istiqamətində görüləcək işlər yaxın gələcəkdə muxtar respublikamızda da “ASAN xidmət”in uğurlu tətbiqinə imkan verəcək.
Səbuhi HƏSƏNOV