23 Dekabr 2024, Bazar ertəsi

9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə növbədən­kənar seçkilər günüdür.

Qeydə alınmış namizədlərin bərabərliyi

Qeydə alınmış bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar.

– Dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan, həmçinin kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər seçki kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına və bələdiyyə üzvlərinə şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər; onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə etmək məqsədilə istifadə edə bilməzlər.

Dövlət vəzifələrində olan qeydə alınmış namizədlər, həmçinin bələdiyyə vəzifələrində olan qeydə alınmış namizədlər öz vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər 

– Vəzifə və xidməti mövqedən üstünlük əldə etmək məqsədilə istifadə olunması nəticəsində bərabərlik prinsiplərinin pozulması halları Seçki Məcəlləsinin 55.2-ci və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 51.2-ci maddəsi ilə müəyyənləşdirilir.

Dövlət vəzifələrində olan qeydə alınmış namizədlərin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı təşviqat aparmaq hüququ vardır.
– Vəzifəli şəxslər, teleradio verilişləri və kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalistlər və yaradıcı işçilər qeydə alınmış namizəddirlərsə, yaxud qeydə alınmış namizədlərin və siyasi partiyaların vəkil edilmiş şəxsləri və ya səlahiyyətli nümayəndələridirsə, seçkilərin ­gedişinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasında iştirak etmək onlara ­qadağan edilir.
Yuxarıda qeyd edilən məhdudiyyətlərə əməl edilməsi Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına seçicilər qarşısında səlahiyyətlərini və vəzifələrini yerinə yetirməkdə mane olmamalıdır.
– Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, qeydə alınmış namizədlərin vəkil edilmiş şəxsləri xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər.
– Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, qeydə alınmış namizədlərin vəkil edilmiş şəxsləri, göstərilən şəxslərin təsisçisi, sahibi, üzvü və ya işçisi olduğu təşkilatlar, göstərilən şəxslərin və ya təşkilatların tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların fiziki və hüquqi şəxslərə, seçicilərə maddi və maliyyə, yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət etməsi qadağandır. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin adından və onların müdafiəsi üçün fiziki və hüquqi şəxslərin xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.

 

Qeydə alınmış namizədin fəaliyyətinin təminatları

 

– Qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir.
– Seçki qanunvericiliyində göstərilən müddətdə qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti, qeydə alındığı gündən başlayaraq işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir.
– Qeydə alınmış namizəd seçki qanunvericiliyində göstərilən müddətdə müvafiq prokurorun razılığı olmadan, namizəd kimi qeydə alındıqdan sonra törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz.

Qeydə alınmış namizəd cinayət başında yaxalanarsa, tutula bilər. Belə razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı seçki komissiyasını bu barədə dərhal xəbərdar edir.

– Qeydə alınmış namizəd və siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasından hüdudları, ünvanı və telefonları göstərilməklə seçki məntəqələrinin, məntəqə seçki komissiyalarının siyahısını və səsvermə yerlərinin ünvanlarını ala bilər.
– Qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının seçki komissiyasının hərəkəti (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət edə ­bilər.

Qeydə alınmış namizədin seçkilərdə iştirakının şərtləri

Seçkilərdə iştirak edən qeydə alınmış namizəd Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.6-cı və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 2.4-cü maddəsində göstərilən şərtlərlə yanaşı, aşağıdakı şərtlərə riayət etməlidir:
– Qeydə alınmış digər namizədlərin seçki kampaniyası zamanı öz siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək;
– Qeydə alınmış digər namizədlərin, siyasi partiyaların, seçicilərin və ictimai təşkilatların hüquqlarına hörmət bəsləmək;
– Seçicilərlə azad ünsiyyətin yaradılmasında qeydə alınmış digər namizədlərə mane olmamaq.

Namizədin namizədlik statusundan imtina etməsi

– İrəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.
– Qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Belə ərizə geri götürülə bilməz. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir.
– Qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə məcburedici əsas, habelə siyasi partiyanın qeydə alınmış namizədini geri çağırmasına məcburedici əsas dedikdə, qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür.
– Namizədin öz namizədliyini geri götür­məsi haqqında məlumat mərkəzi, dairə və məntəqə seçki komissiyalarının Azərbaycan Respublikası Seçki Məcəlləsinin 98.3-cü və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 85.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirilir.

Vəkil edilmiş şəxslər

– Qeydə alınmış namizədin və namizədi qeydə alınmış siyasi partiyanın vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər namizədi qeydə almış müvafiq seçki komissiyası tərəfindən qeydə alınır. Vəkil edilmiş şəxslərinin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində vəkil edilmiş şəxslər qeydə alınırlar. Ərizədə və ya təqdimatda vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi göstərilməlidir.
– Vəkil edilmiş şəxslər müvafiq seçki komissiyasından lövhəcik alırlar.
– Vəkil edilmiş şəxs qeydə alınmış namizədin seçilməsi ilə bağlı təşviqat aparır və digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir.
– Qeydə alınmış namizəd və siyasi partiya, müvafiq seçki komissiyasını xəbərdar etməklə, vəkil etdikləri şəxsi istənilən vaxt geri çağıra bilər və onların əvəzinə başqalarını təyin edə bilərlər. Belə xəbərdarlıq olduqda seçki komissiyası geri çağırılan vəkil edilmiş şəxsin vəsiqəsini ləğv edir. Vəkil edilmiş şəxs qeydə alınmış namizədi, habelə siyasi partiyanı xəbərdar etməklə, ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq öz səlahiyyətlərindən imtina edə bilər.
– Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyasının onları qeydə aldığı gündən başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq, habelə seçki qanunvericiliyinin pozulması barədə şikayət üzrə məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec olmayaraq, seçki qanunvericiliyində göstərilən hallar istisna edilməklə, təmsil ­etdikləri namizədlərin statusunun itirilməsi ilə başa çatır.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR