Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan nazir Niyazi Novruzov bildirib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, insanların sosial rifah halının daha da yaxşılaşması, müalicə-profilaktika işlərinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması və ümumiyyətlə, əhali rifahının davamlı yüksəlişi demoqrafik vəziyyətə də müsbət təsirini göstərib. Belə ki, muxtar respublikada 2019-cu ildə 5303 uşaq doğulub, təbii artım 0,7, doğum göstəricisi 11,5, ölüm göstəricisi 4,5, 1 yaşa qədər uşaq ölümü 1,1 promilli təşkil edib.
Nazir diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasının davam etdirilməsi, uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, onların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, uşaq ölümünün azaldılması istiqamətində müsbət nəticələr əldə edilib. İl ərzində digər dövlət proqramları da uğurla icra olunub. Elə buna görədir ki, Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzi xəstəxanalarında 141 xəstə hemodializ seansı alır, şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələrilə təminatı xeyli yaxşılaşdırılıb.
Son illər qan xidmətinin inkişafına da xüsusi diqqət yetirildiyini vurğulayan nazir bildirib ki, hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Görülən işlərin nəticəsi olaraq muxtar respublikada talassemiya və hemofiliyalı xəstələrin ömür müddəti xeyli uzadılıb. Muxtar respublikada 37 talassemiyalı, 76 hemofiliyalı xəstə qeydiyyatda durur ki, onların qan komponentləri ilə bərabər, dərman təminatı da yüksək səviyyədə aparılır.
Vurğulanıb ki, muxtar respublikada Duzdağ Fizioterapiya Mərkəzində duz, Darıdağ Arsenli Su Müalicəxanasında su, Diaqnostika Müalicə Mərkəzində aparılan “Şorsu” vulkanik palçığı ilə müalicələr, eyni zamanda səhiyyə turizminin inkişafına da stimul verir. Nəticədə, muxtar respublikada 2018-ci ildən sanator-kurort müalicələrinə başlanılıb. Ötən il Azərbaycanın digər rayonlarından 447 sağlamlıq imkanları məhdud şəxsin müalicə kursu keçməsi təşkil edilib. Naxçıvan Muxtar Respublikası Diaqnostika Müalicə Mərkəzi publik hüquqi şəxsində “Şorsu” palçığı ilə müalicəyə gələnlərin sayı artmaqdadır.
Səhiyyə naziri hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə görülən çoxsaylı tədbirlərdən bəhs edərək deyib ki, bu müddət ərzində müxtəlif klinikalardan yüksəkixtisaslı həkimlər və kollektivlər muxtar respublikaya dəvət olunub və Naxçıvan həkimləri ilə birgə xeyli sayda mürəkkəb əməliyyatlar aparıblar.
Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən birinin də muxtar respublikada icbari tibbi sığortanın tətbiqi olduğunu bildirən Niyazi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 mart tarixli Fərmanının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Ali Məclis Sədrinin sərəncamları ilə ötən il Sədərək, Şərur, Kəngərli, Şahbuz, Ordubad, Babək rayonlarında, həmçinin respublika və şəhər əhəmiyyətli tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti