23 Dekabr 2024, Bazar ertəsi

Şərur rayonu


XX əsrin təlatümlü 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində xalqımız öz müstəqil dövlətini yaratmaq uğrunda milli azadlıq mübarizəsinə qalxmışdı. Xalq hərəkatının genişlənməsi imperiya rəhbərlərini qorxuya saldı. Onlar bu hərəkatı boğmaq, xalqı yolundan döndərmək üçün müxtəlif planlar hazırlayıb həyata keçirdilər. 

İmperiya bu planlarına Naxçıvandan başlamaq istədi. Bunun üçün 1990-cı ilin yanvarında ermənilərin Naxçıvan ərazisinə hücumu təşkil edildi. Muxtar respublikanın müxtəlif bölgələrində ilk şəhid məzarları qazıldı. Polis kapitanı, sonradan Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Məhərrəm Seyidov, böyük şücaət göstərən Mirhəşim Seyidov yüzlərlə insanın iştirakı ilə dəfn edildilər. Lakin Naxçıvan əhalisi işğalçılara qətiyyətli müqavimətini davam etdirdi, onların muxtar respublikaya soxulmaq cəhdlərinin qarşısı alındı.
Həmin vaxt imperiya qoşunları respublikanın paytaxtı Bakı şəhərində də qanlı faciələr törətdilər. Dörd tərəfdən şəhərə hücum edən ağır texnika və əsgərlər hara gəldi atəş açdı, dinc əhali amansızcasına qətlə yetirildi.

Xalqın belə çətin anında ona arxa duran, Azərbaycanın haqq səsini dünyaya ilk dəfə çatdıran ümummilli lider Heydər Əliyev oldu. Həmin vaxt ittifaq rəhbərləri tərəfindən ona qarşı olan təzyiq və təsirlərin daha da artacağını bilsə də, ulu öndər özünəməxsus qətiyyət və cəsarətlə bu faciəyə öz kəskin etirazını bildirdi. Dahi rəhbər Sovet İttifaqı kimi nəhəng imperiyanın dünyaya meydan oxuduğu bir vaxtda cəsarətlə deyirdi ki, Azərbaycanda törədilmiş bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilməlidir. Lakin Azərbaycanın ovaxtkı rəhbərləri bu barədə nəinki düşünmür, əksinə, ölənlər və yaralananlar haqqında məlumatları belə gizlətməyə çalışırdılar. Nəhayət, ümummilli liderimiz doğma Vətənə gəldi, Azərbaycan SSR Ali Sovetinə və muxtar respublika Ali Məclisinə deputat seçildi. Ulu öndər tərəfindən hazırlanmış “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 21-də keçirilən sessiyasında yekdilliklə qəbul edildi.
Yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra məhz Onun rəhbərliyi ilə 1990-cı ilin 20 Yanvar hadisəsi totalitar rejimin Azərbaycan xalqına hərbi təcavüzü və cinayəti kimi qiymətləndirilmişdir. Dahi şəxsiyyətin göstərişi ilə həyata keçirilən tədbirlər nəticəsində şəhid məzarları müqəddəs səcdəgahlara çevrilmiş, şəhid adlarının əbədiləşdirilməsi üçün bir sıra işlər görülmüş, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “20 Yanvar şəhidi” Fəxri adı təsis edilmiş, şəhid ailələri, hadisə nəticəsində sağlamlığını itirmiş şəxslər dövlət qayğısı ilə tam əhatə olunmuşlar.
Qanlı 20 Yanvar hadisələrindən 30 il keçir. Bununla bağlı ölkə Prezidenti 2019-cu il dekabrın 13-də 20 Yanvar faciəsinin 30 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu, Vətənin azadlığı və suverenliyi, torpaqlarımızın bü­tövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsinə dərin ehtiramın ifadəsidir.
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şərur rayonunun sakinləri rayon mərkəzindəki Şəhidlər Xiyabanına gələrək şəhid məzar­larına tər qərənfillər düzüblər.
Həmin gün Azərbaycanın Milli qəhrəmanları Məhərrəm Seyidovun Şərur şəhərindəki, Səyavuş Həsənovun Yengicə kəndindəki büstləri, Kərim Kərimovun Qarahəsənli kəndindəki məzarı da ziyarət edilib.

Babək rayonu


20 Yanvar faciəsi xalqımızın tarixinə şərəf və qürur günü kimi yazılıb. Ölkəmizin azadlığını, milli ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları 30 il bundan əvvəl öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Ürəkləri daim Vətən sevgisi ilə döyünən bu qəhrəman oğullarımızın qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq, ölkəmiz suverenlik əldə etdi.
20 Yanvar məzmunca terror aksiyası, qanlı faciə, bəşəriyyət qarşısında cinayət, xalqımıza qarşı yönəldilmiş açıq hərbi təcavüz idi. Törədilmiş faciə nə qədər ağır olsa da, bu, azadlıqsevər xalqımızın mübarizliyini bir daha ortaya qoydu. Azərbaycan xalqının milli oyanışını, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizəsini sındırmaq məqsədi daşıyan bu mənfur planın həyata keçirilməsi imperiyanın iç üzünü açdı.
Yanvarın 20-də Babək rayon ictimaiyyətinin nümayəndələri Babək qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısına gələrək onların ölməz xatirəsinə ehtiramlarını bildirib, abidə önünə gül-çiçək düzüblər.
Onu da qeyd edək ki, xalqımız həmin gün 20 Yanvar hadisələrinin beynəlxalq səviyyədə əsl qətliam kimi tanınmasında, faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsində əvəzsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin də əziz xatirəsini dərin ehtiramla yad edir.
20 Yanvar faciəsi şərəf və qürur, qeyrət və qəhrəmanlıq tariximizdir. Aradan 30 il keçməsinə baxmayaraq, xalqımız həmin tarixi böyük qürur hissi ilə xatırlayır. Müstəqilliyimizin, suverenliyimizin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda 50-dən çox babəkli şəhid olub. Bu qəhrəman Vətən övladlarının xatirəsi dövlətimiz tərəfindən hər zaman uca tutulur, şəhid ailələrinə hərtərəfli qayğı göstərilir. Bu yaxınlarda Ali Məclisin Sədri tərəfindən Babək rayonundakı şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlıq imkanlarını itirmiş şəxslərə avtomobil və mənzillərin verilməsi də deyilənlərə bariz nümunədir.

Ordubad rayonu


Azərbaycan xalqına qarşı törədilən 20 Yanvar faciəsindən 30 il ötür. Bu tarix şərəfli mübarizə günü kimi əbədiləşib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun xüsusi təlim keçmiş, əsasən, ermənilərdən ibarət olan qoşun hissələri  Bakıya yeridilərək dinc əhaliyə qarşı misligörünməmiş vəhşiliklər törətmiş, insanları öldürmüş, yaşayış evləri atəşə tutulmuş, təcili yardım maşınları, avtomobillər tanklar tərəfindən əzilmiş, yaralılara yardım göstərən tibb işçiləri güllələnmişdir.

 

Sovet qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdikləri qanlı cinayətlər, eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərində erməni silahlı dəstələrinin fəallaşması ilə müşayiət olunmuşdu. Heç kimdən kömək görməyən, blokadaya alınmış Naxçıvan əhalisi düşmənlə mübarizə apararaq muxtar respublikanı işğal olunmaq təhlükəsindən qoruyub saxlaya bilmişdi.
20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən, xalqın ən ağır günlərində onunla bir olan da məhz ümummilli liderimiz oldu. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək faciəni törədənlərə qarşı kəskin və haqlı ittiham irəli sürmüş, qoşunların Bakıdan çıxarılmasını tələb etmişdi. 20 Yanvar faciəsinə ilk siyasi qiymət ulu öndərimiz tərəfindən verilmişdir.
Görkəmli dövlət xadiminin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, həmin qanlı gecədə sağlamlıqlarını itirənlərin sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir.
Ordubad rayonu Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda 47 şəhid vermişdir. Uzun illər keçsə də, rayon sakinləri qəhrəman Vətən övladlarını unutmur, onların xatirəsini hər an müxtəlif tədbirlərlə yad edirlər.
20 Yanvar hadisəsi zamanı Ordubad rayonunda doğulub boya-başa çatmış və Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alan 19 yaşlı Rahim Babayev də qəhrəmanlıqla şəhid olmuşdur.
Yanvarın 20-də muxtar respublikamızın hər yerində olduğu kimi, Ordubad şəhərindəki Şəhidlər Xiyabanında da 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından Ordubad şəhərindəki Şəhidlər Xiyabanına gələrək onların xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər qərənfillər düzmüşlər.

Culfa rayonu


Hər il olduğu kimi, bu il də 20 Yanvar – Ümumxalq Hüzn Günündə muxtar respublikamızın hər yerində olduğu kimi, Culfa rayonunda da Vətən və xalq yolunda həlak olan şəhidlərin xatirəsi dərin ehtiramla anılmışdır.
Sakinlər şəhidlərin əziz xatirəsini yad etmək üçün rayon mərkəzində – Heydər Əliyev prospektində yerləşən Şəhidlər Abidə Kompleksinə gəlmiş, abidə önünə tər qərənfillər düzüb öz ehtiramlarını bildirmişlər.
30 il bundan əvvəl – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın törədilmiş, nəticədə, 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz həbs edilmişdir. Bu qətliamla 1948-ci ilin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1966-cı ilin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı, hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də, 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsi Bəyannaməsi də daxil olmaqla, qüvvədə olan bütün insan hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.
Qanlı Yanvar faciəsində qətlə yetirilənlərin, sağlamlıqlarını itirənlərin, şəhid ailələrinin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması, 2010-cu il yanvarın 20-də isə Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı oldu.
Vətən naminə, dövlət müstəqilliyi, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da daim əziz tutulur, onların adlarının əbədiləşdirilməsi, keçdikləri şanlı döyüş yolunun təbliği, ailələrinin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır.
Böyük amallar uğrunda canlarından keçən, 20 Yanvar şəhidləri naxçıvanlıların da yaddaşında əbədi yaşayır. Çünki onlar tək öz ata-analarının deyil, hər bir azərbaycanlının övladlarıdır.
Həmin günlər imperiyanın silahlandırdığı ermənilər ümumi plan üzrə muxtar respublikanın sərhəd kəndlərinə hücumlarını fəallaşdırmışdılar. 20 Yanvar faciəsi ərəfəsində və sonrakı dövrlərdə müqəddəs torpağımızı mərdliklə qoruyan naxçıvanlılar yüzlərlə şəhid verərək bu qədim Azərbaycan torpağını alınmaz qalaya və düşmənin gözdağına çevirdilər.

Kəngərli rayonu


 

Xalqımızın tarixinə qəhrəmanlıq günü kimi yazılmış 20 Yanvar faciəsinin 30-cu ildönümü Kəngərli rayonunda da qeyd olunub. Yanvarın 20-də rayon sakinləri Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısından keçərək onları dərin ehtiramla yad edib, abidə önünə tər çiçəklər düzüblər.
Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda Kəngərli rayonundan da 36 nəfər şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan xalqının yaddaşına Qanlı Yanvar faciəsi kimi daxil olmuş o müdhiş gecə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Ölkəsinin milli azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar xislətini bütünlüklə ifşa etdi. Azərbaycan xalqının mübarizə əzmini qırmaq, onun suverenlik istəyini sarsıtmaq mümkün olmadı.
Qeyd edək ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən verilib. Məhz ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisəsi Sovet imperiyasının Azərbaycan xalqına hərbi təcavüzü və cinayəti kimi qiymətləndirildi. Dahi şəxsiyyətin göstərişi ilə həyata keçirilən tədbirlər nəticəsində şəhid məzarları müqəddəs ziyarətgahlara çevrildi, şəhid adlarının əbədiləşdirilməsi üçün konkret işlər görüldü. Ölkə başçısının fərmanı ilə “20 Yanvar şəhidi” Fəxri adı təsis edildi, şəhid ailələri dövlət qayğısı ilə tam əhatə olundu.
Heydər Əliyev siyasətini ardıcıllıqla və qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, sağlamlıq imkanlarını itirənlərin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar qəbul edilib.

Şahbuz rayonu


 

Xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsi, iftixar günüdür. Yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya nümayiş etdirmişdir.
Faciədən 30 il ötməsinə baxmayaraq, ağır bədən xəsarətləri almış, əmək qabiliyyətlərini itirmiş insanlar bu faciənin ağrılarını hələ də öz üzərlərində daşıyırlar.
Yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misligörünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Həmin gün sovet rejiminin hərbi təcavüzünə məruz qalmış xalqımız öz qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha göstərmişdir. Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misligörünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş ­etdirmişdir.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın suverenliyi uğrunda apardığı mübarizənin şərəf tarixidir.
Bu faciə, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Həm də əbədi olaraq!
20 Yanvar günü Şahbuz rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və sakinlər də faciə qurbanlarına ehtiramlarını bildirərək anım tədbirində iştirak edib, Şahbuz şəhərindəki Şəhidlər Abidə Kompleksindəki abidə önünə tər qərənfil­lər düzüblər.

Sədərək rayonu


 

20 Yanvar faciəsinin 30-cu ildönümü Sədərək rayonunda da anılıb. Rayon sakinləri Sədərək kəndindəki Şəhidlər Xiyabanını ziyarət edərək Vətən yolunda qurban getmiş insanların xatirəsinə ehtiramlarını bildiriblər.
1989-cu ilin dekabr ayında muxtar respublikada sərhəd dirəklərinin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Qısa müddət sonra mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək qanlı 20 Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan hələ 8 saat əvvəl ermənilər keçmiş sovet qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçdilər. Sədərək, Günnüt və Havuş kənd­ləri 1990-cı il yanvarın 19-da səhər, təxminən, saat 11-dən etibarən intensiv hücumlara məruz qaldı. Həmin vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmiş və Kərki kəndini işğal etmişdilər. Sədərək intensiv top atəşinə tutulmuş, kənddə ilk şəhidlər verilmişdi.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq otuz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır.
Qeyd olunmalıdır ki, Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi görünməmiş qəddarlıq və vəhşiliklə müşayiət edilirdi.
Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədar­lığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı.
Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucaldı. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə, eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirdi. Həmin dövr Sədərək sakinləri üçün heç də asan olmadı.
Ümumilikdə, mənfur ermənilər 1990-1993-cü illərdə Sədərəyə 14 dəfə hücum edib, 1990-cı ilin martında bu sərhəd bölgəsinə 300-ə yaxın top mərmisi atıblar. Bu qeyri-bərabər döyüşlərdə 500-ə yaxın ev, məktəb binaları, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb. Həmin ağır günlərdə sədərəklilərə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan kömək gəlib, döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb. Sədərək bu bölgədə doğulub boya-başa çatan və şəhidlik zirvəsinə ucalan 52 vətənpərvərin yurd yeridir. Onların xatirəsi Sədərəkdə daim uca tutulur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR