Şəhidlik Vətənlə bir olmaqdır, Vətən olmaqdır. Torpaq ona sahib çıxıldığı,uğrunda canlar qurban verildiyi zaman var olur, qorunur, VƏTƏN olur.
Uğrunda qan tökülən torpağa Vətən deyilir.
20 Yanvar xalqımızın azadlıq, müstəqillik yolundakı mübarizəsinin sınaq günüdür, QƏHRƏMANLIQ TARİXİDİR. O sınaqdan üzüağ çıxan xalqımız şəhidliklə ucaldı, yüksəldi, var oldu. Həmin gün uşaqlar, qocalar, qadınlar, oğlanlar, qızlar, bir sözlə hər kəs zülmət gecənin qaranlığında doğan azadlıq işığının arxasınca gedərək şəhidlik dastanı yazdılar.
20 Yanvar QÜRUR GÜNÜMÜZƏ çevrildi.
70 il dünyanı lərzəyə salan tanklar Vətən sevgisi qarşısında aciz qaldı, məğlub oldu.
Şəhidlər verdikcə torpaq Vətən olur. Biz torpağımız uğrunda Qarabağda, Naxçıvanda, Sədərəkdə şəhidlər verdik. Minlərlə vətən oğlu gözünü belə qırpmadan canlarından keçdi.
İllər keçdi. Mübarizləşdik. Mətinləşdik. Yenidən şəhidlik zirvəsinə yüksəldik. Şəhid qanına boyanan üçrəngli bayrağımız Lələtəpədə, Günnütdə əbədi yüksəkliyə qalxdı.
Bu gün təkcə faciə tariximiz deyil. Həm də QÜRUR GÜNÜMÜZDÜR. Çünki Vətən uğrunda ölüm həyatın davamıdır. Xalq şairimiz Bəxtiyar Vahabzadənin də dediyi kimi,
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi ŞƏHİDLƏR.
Ülvi Hüseynli