23 Dekabr 2024, Bazar ertəsi

İranın “asianews.ir” saytında “20 Yanvar Azərbaycan xalqının qan yaddaşında şərəfli mübarizə günüdür” sərlövhəli məqalə dərc olunub.

 Yazıda Azərbaycanın Sovet İmperiyasından ayrılması və müstəqilliyini əldə etməsinin xalqın qanı bahasına başa gəldiyi vurğulanır. Qeyd olur ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir. Faciədən 30 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı baş verənləri unutmur, hər il bu günü anır, şəhidlərin xatirəsini əziz tutur. 20 Yanvar hadisələri keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir. Bu cinayətə hələ də beynəlxalq müstəvidə hüquqi qiymət verilməyib, hadisəni törədənlər öz cəzalarını almayıb.

20 Yanvar Azərbaycanda yalnız faciə kimi xatırlanmır. Çünki bu hadisə xalqın azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir. Sovet imperiyasının rəhbərliyi dinc insanları qətlə yetirsə də, bu, azadlığa can atan xalqın iradəsini qıra bilmədi.

Məqalədə xatırladılır ki, faciəsinin törədilməsindən bir gün sonra ulu öndər Heydər Əliyev Moskvada bəyanat verərək bu qətliamı kəskin şəkildə pislədi, keçmiş SSRİ hakimiyyətini ittiham etdi. Ümummilli Liderin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən faciədən xəbər tutdu və Ulu Öndərin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi.

Məqalədə 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən atılan mühüm addımlar barədə məlumat verilir. Həmçinin diqqətə çatdırılır ki, həmin müdhiş gecədə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 nəfər qətlə yetirilmiş, yüzlərlə vətəndaş yaralanmışdı. Sonrakı günlər də daxil olmaqla ümumilikdə 147 nəfər həlak olmuşdu, qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR