23 Dekabr 2024, Bazar ertəsi

Keçmiş unudulanda, milli faciələrə biganəlik yarananda qan yaddaşı silinərək pozulmaq təhlükəsi ilə üz-üzə qalır. Tarix yenidən təkrar olunur. Xalq yeni məhrumiyyətlərə, işgəncələrə düçar olur. Növbəti təqiblər girdabına düşür, faciələr burulğanına yuvarlanır. Keçmiş faciələrini təkrar yaşamağa məhkum edilir. Həm də daha dəhşətli, amansız, dözülməz formada, yurd, vətənsizlik ağrı-acısıyla.

Biz bunu gördük. Görmək yox, yaşamağa məhkum olduq. Bir əsrdə dəfələrlə qanlı faciələrlə rastlaşdıq. İşgəncələrə, təqiblərə, soyqırımlara məruz qaldıq. Bölündük, parçalandıq, yurd-yuvamızdan zorla qovulduq. Amansız deportasiya, repressiya, qətliamlarla üzləşdik. Bütün bunlar isə insanlıq duyğularımızdan, humanistliyimizdən, qan tökmək istəmədiyimizdən oldu.

...Tarix unudulanda keçmiş təkrarlanır! Budur həqiqət, budur milli faciələrimizin təkrarının əsas səbəbi!

Hərdən düşünürəm, milli faciələrimizin səbəbini, başlanıldığı zamanı dəqiqləşdirməyə çalışıram. Bizi soyqırımlara gətirən yolun başlanğıcı XIX əsrin əvvəllərinə gedir. Yorğun düşüncələrimdən bir haray qopur: Gülüstan, Türkmənçay müqavilələri ilə yarımcan edilən Azərbaycan! Qulaqlarıma Kərkidən Göyçəyə, Ərzurumdan Dərbəndə ulularımızın səsi gəlir. İndi düşmən tapdağında olan torpaqlarımızın naləsi eşidilir. Bir zamanlar yurdsuz-yuvasız, dünyanı sərgərdan dolaşan ermənilərə sığınacaq verməyimizdən və onların nankorluğundan qeyzə gəlirəm. Xalqımızı doğma yurd-yuvasından qovan, soyqırıma düçar edən və dünyaya özlərini “zavallı”, “günahsız” millət kimi göstərməyə çalışan, iblis simalı ermənilərin bəşəriyyəti aldadan “genosid” harayından damarda qanım donur. Qəlbimdə soyqırıma düçar olan soydaşlarımızın–şəhidlərimizin sümüklərinin göynərtisini duyuram.

...1905-1907-ci 1914-1920-ci illərdə azərbaycanlılara qarşı tarixdə misligörülməmiş soyqırımlar törədildi.

Mart soyqırımı sovetləşmə ilə pərdələndi. Gələcək nəsildən gizlədildi, bolşevik-kommunist siyasəti ilə unutduruldu. Bakıda möhtəşəm Çəmbərəkən yüksəkliyində soyqırım qurbanlarının basdırıldığı məzarlıq məqsədyönlü şəkildə əyləncə yerinə döndərildi. Cəllad S.M.Kirovun heykəli ucaldılıb, parka çevrildi. Nəticədə, ötən əsrin repressiyası doğuldu. Kütləvi güllələnmələr, sürgünlər başladı. Millətimiz məsləhətçisi, “Troyka” olan, müəllifi Mikoyan, Sumbatov, Qriqoryan, Markaryan və başqa yanlar olan yeni faciələrə tuş oldu. Mənəviyyata və milli yaddaşa yönələn bu soyqırımda fiziki qətllərə mənəvi dəyərlərin məhv olunması da əlavə olundu. Xalqın görən gözü, düşünən beyinləri qətl edildi. Mentalitet, din, yaddaş soyqırıma məruz qaldı. Soydaşlarımız kütləvi deportasiya burulğanına düşdü. Qərbi Azərbaycana köçürüldü, qədim oğuz yurdunda coğrafi toponimlərinin erməniləşməsi heç bir maneə olmadan aparıldı. Milli yaddaşın məhvi sürətləndi.

Beləcə zaman-zaman odlara düşdük. Səbəbini aramadan, axtarmadan namərd qonşularımızın “ərköyünlüyünü” ən qanlı faciə il bitmiş sandıq, ağıllandıqlarını zənn etdik. Amma zaman keçdikcə daha da şirnikləndiklərini, quduzlaşdıqlarının şahidi olduq. Yanıldığımızı tarix yenidən təkrar olunanda başa düşdük. 1988-93-cü illərin müdhiş günlərinin də ola biləcəyini gördük. 1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, Vedidə – indi Ermənistan adlanan əzəli Azərbaycan torpaqlarında yaşayan həmvətənlərimiz dədə-baba yurdlarından qovuldular. Tarixi keçmişimizi yaşatmağa yenidən məhkum olduq. Qərbi Azərbaycan torpağını bütövlükdə itirdik.

O zaman ki, sovet dövlətinə “azad”, “şən” nəğmələr oxumaqdan əl çəkib 70 ilik əsarət zincirindən qurtarmağa cəhd etdik yeni, qanlı bir faciənin – 20 Yanvarın şahidi olduq. Elə 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasından, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb.Həmin dövrdə Sovet rəhbərliyi gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayətin törədilməsinə “qol çəkdi”.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Sovet ordusunun ermənilərdən ibarət xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edildi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunmamış hərbi qulluqçular əliyalın insanları amansızcasına qətlə yetirdilər. Belə bir vəziyyət hətta fövqəladə vəziyyət elan edildikdən sonra da davam etdi. Nəticədə, Bakıda və ətraf rayonlarında 131 nəfər öldürüldü, 744 nəfər yaralandı. Tariximizin qan yaddaşına əbədi həkk olunmuş həmin tarixdə soydaşlarımızın başına gətirilən faciə dünyada misligörünməmiş soyqırımıdır. Əliyalın, silahsız insanları, körpələrı, qadınları amansız vəhşiliklə, qəddarlıqla qətlə yetirənlər öz məqsədlərinə çatmaq üçün XX əsrin sonlarında nələr etmədilər? Bakıda baş verən hadisələrlə bərabər, Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qaldı. Elə Ermənistanın təcavüzkarlıq siyasəti, ölkəmizə qarşı ərazi iddiaları irəli sürməsi də SSRİ rəhbərliyinin onlara himayədarlığından irəli gəlirdi. Zaman-zaman əsrlərin sınağına tab gətirmiş Azərbaycan xalqı bu dəfə də sınaqdan mərd-mərdanə çıxdı. Nə zindan, nə qan, nə alov azadlıq istəyi ilə meydanlara çıxan xalqın qarşısını ala bilmədi. Yüzlərlə qəhrəman öz həyatını xalqımızın azadlığı, ərazi bütövlüyü uğrunda qurban verdi.

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirərək, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi.  Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirərək deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində – heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib. Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.

 Tarixdə elə şəxsiyyətlər var ki, onlar təkcə sözdə deyil, əməlləri ilə də öz xalqını, Vətənini həmişə qoruyur, onu müdafiə edir. Həmin dövrdə ulu öndər öz həyatını təhlükəyə ataraq bu amansız siyasətin qarşısını alan addımlar atdı. Elə Azərbaycanı yox olmaq təhlükəsindən qurtaran, ulu öndər Heydər Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində acı fəlakətlərdən qurtardıq. Tarixi keçmişimizə, milli faciələrimizə də ulu öndər tərəfindən əsl hüquqi-siyasi qiymət verildi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açıldı. Ümummilli liderimiz Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi.

       Bu gün bizi həmin gecədən 30 illik bir zaman kəsiyi ayırır.Həmin gecənin səhəri ilk dəfə duyduq şəhid kəlməsini. Həmin gün Vətən torpağının qoynuna tapşırılanlara   bütün xalqın göz yaşı tökdüyünə, indiyə kimi toylara, nişanlara dəstə-dəstə gedən qərənfillərin şəhid məzərlarına ayaq açdığına şahidlik etdik. Şəhid olmaq, vətənpərvərlik hissinin  közərən ocağı, alovlanan məşəlidir. Bu məşəl 30 ildir ki, sönmür, yanır hər bir Vətən övladının qəlbində. Bu millət yaşadıqca o atəş xalqımızın yoluna işıq saçacaq o günləri xatırladacaq. Xatırladacaq  ki, tarixi unutmayaq. Unutmayaq ki, tarix yenidən təkrar olunmasın...  

Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR