XX əsrin 80-90-cı illərində xalqımızın apardığı azadlıq mübarizənin ən ön sıralarında gedənlər Azərbaycanın xilaskarı, cəsarətli, qətiyyətli ulu öndərimizlə yanaşı xalqı imperiya əsarətindən xilas olmağa çağıran ziyalılar, şair və yazıçılar idi. Xüsusən, bu illərdə azadlığa, sarsılmazlığa, əyilməzliyə çağırış üç şairimizin yaradıcılığında daha təsirli şəkildə bədii əksini tapmışdır. Bu şairlər 1995-ci ildə müstəqillik uğrunda xidmətləri nəzərə alınaraq Azərbaycan Respublikasının ən yüksək dövlət mükafatı olan “İstiqlal” ordeni ilə təltif olunan Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə və Məmməd Araz olmuşdur.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları tərəfindən törədilən qanlı faciəni bədii ədəbiyyatımızda əks etdirən əvəzsiz bir poeziya nümunəsi kimi Məmməd Aslanın “Ağla, qərənfil, ağla!” şeirini qeyd edə bilərik. Ümumxalq kədərinin ifadə olunduğu bu şeirlə şəhid anaları, bacıları ağı deyib ağlayırdı:
Qərənfil - şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
Bu şeirin əsasında 20 Yanvar faciəsinin 24-cü ildönümü ərəfəsində hazırlanmış “Ağla, qərənfil, ağla” kitabı çapdan çıxmışdır. Kitabda “Ağla, qərənfil, ağla” şeiri fərqli bir üslubda təqdim olunub. Ümumilikdə 103 səhifədən ibarət olan kitabın hər səhifəsi o günün müsibətini bir daha gözlər önündə canlandıran fotoşəkillər və “Ağla, qərənfil, ağla” şeirinin bir bəndi ilə açılır. Faciənin ertəsi günü yazılan şeirlə günahsız insanlara mərhəmət edilmədən işlədilən bu cinayət sadəcə tarix kitablarının səhifələrində deyil, həm də Azərbaycan xalqının söz yaddaşına həkk olunub.
Bu dəhşətli gecənin ilk haraylarından biri isə şəhidlərimiz hələ torpağa tapşırılmamış Xalq şairi Qabilin ürəyinin qanı ilə yazdığı,ədəbiyyatımızı təlatümə gətirən “Mərsiyə”si oldu. Şairin ürəkləri parçalayan misraları xalqın dərdinə, kədərinə, əhval-ruhiyyəsinə qarışdı. Müstəqillik tariximizin şanlı səhifəsinin ilk qurbanları elə həmin ilin mart-iyun aylarında qələmə alınmış az qala bütün xalqın dilində ağıya çevrilmiş Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasının əsas qəhrəmanları oldular. Beləliklə, çox təəssüf ki, məhz bu faciədən sonra bədii ədəbiyyatımıza tamamilə yeni bir obraz - Qərənfil obrazı daxil oldu: günahsız insanların qanlarının, şəhid məzarlarının üstünü örtmək üçün! Azad Azərbaycan uğrunda canından keçən şəhidlərimiz və şəhidlik mövzusu bu zamandan ədəbiyyatımızın ana mövzularından biri olmağa başladı. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabında da qeyd olunduğu kimi şəhidlik mövzusu, şəhidlik zirvəsini fəth və tərənnüm edən bədii nümunələr Azərbaycan ədəbiyyatında heç zaman 1990-cı illərdəki qədər olmamışdır.
Ümumən Azərbaycan ədəbiyyatında olduğu kimi, Naxçıvan ədəbi mühitinin nümayəndələri də bu faciəni ümumxalq kədəri, matəmi, həm də qəhrəmanlıq tariximiz kimi dəyərləndirdilər. Ədəbiyyatımızın 60-cılar nəslinin istedadlı nümayəndəsi, Xalq şairi Məmməd Araz: “Qalx ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!” deyən ustad Məhəmmədhüseyn Şəhriyar çağırışının davamı olan, 1992-ci ildə qələmə alınmış “Ayağa dur, Azərbaycan” şeiri ilə xalqı ağlamağa, sızlamağa yox, döyüşə həvəsləndirirdi:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Asim Yadigar “Döyüş havaları çaldırmalıyıq!” adlı şeirində xalqı göz yaşı tökmək yerinə mübarizə üçün birləşməyə, ayağa qalxmağa çağırır:
Yetər bu inilti, yetər göz yaşı,
Ər olsun yurdumun hər vətəndaşı,
Qaldıraq, sındıraq bu ağır daşı,
Döyüş havaları çaldırmalıyıq,
Milləti ayağa qaldırmalıyıq!
İstedadlı şair Hüseyn Razinin “Kül olmaz”, “Şübhələr çoxalır”, “Əsrimiz” və sair şeirlərində ittifaq daxilindəki ayrı-seçkiliksiyasəti, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi hələ 1965-ci ildən başlayaraq böyük milli cəsarətlə pislənilmişdir. Şair SSRİ kimi bir “ata”ya malik olmaqdansa, yetim olmağa üstünlük verirdi. H.Razinin 20 Yanvar faciəsindən bəhs edən “Qardaş”, “Şəhid qəbirləri” şeirləri diqqəti cəlb edir:
Xəyallar çəkilmir nəzərimizdən,
Şəhidlər hər saat sıramızdadır.
Məğrur igidləri unutmur Vətən,
Onlar ölməmişdir, aramızdadır.
Ədəbiyyatımıza 60-cı illərdə gəlmiş Adil Qasımlının “Qərənfillər solmaz oldu” adlı şeiri həmin gecənin səhəri al qırmızı rəngə boyanmış Bakı küçələrində günahsız insanların qanlarının üstünü örtməyə çalışan qərənfil dəstələrini və acılarını ancaq al qərənfillərlə azaltmağa çalışan doğmalarını itirmiş insanların kədərli üzləri təsəvvürümüzdə canlandırılır. 20 yaşlı gənc şair, publisist Ülvi Bünyadzadəni, yenicə ailə quran və bir-birini böyük məhəbbətlə sevən İlham və Fərizə kimi gəncləri, Larisa kimi məktəbli gül-çiçəkləri itirən Bakımızın küçələrində matəm gülləri, qanlı güllər bitməyə başladı:
Dağdan ağır dərdi bu yer götürdü,
Ər oğullar, çiçək qızlar itirdi.
Əvəzində qanlı göllər bitirdi,
Qərənfillər solmaz oldu bu yerdə.
Dedik bəlkə haqqa yetər əlimiz,
Haray çəkdik, qadaqlandı dilimiz.
Solduruldu çəmən-çəmən dilimiz,
Qərənfillər solmaz oldu bu yerdə.
Şeirdə “Çaylarımız göz yaşıyla bulandı”, “Üzərinə al qanımız çiləndi” kimi təsirli misralarla yanaşı, bu çətin, ağrılı vəziyyətdən çıxış yolu kimi son ümid olaraq yenə də mübarizə əzmini itirməmək, mübarizəni davam etdirmək qərarına gəlinməsi də gələcəyə inam hissini təbliğ edir.
Ümummilli liderimiz Heydər Əliyevin “Naxçıvanın qeyrət qalası Sədərək” hadisələrini ədəbiyyata gətirən istedadlı şair Vaqif Məmmədov “Sədərək harayı”, “Sədərək şəhidləri”, “Qeyrət qalası”, “Erməni xəyanəti”, “Unutsaq unudularıq” kitablarında 1990-cı il hadisələrində bilavasitə iştirak edən və şahidi olduğu hadisələri qələmə alan, 18 may 1992-ci il faciəsindən sonra bütün sədərəklilər kimi qırx gün yas saxlayan, Xocalı və Sədərək harayını əks etdirən “Ağlama, bacı, ağlama”, “Dərdin də qoşası, cütü olarmış”, “Dəyanət dəmiydi, qeyrət dəmiydi”, “Diz çökürəm bu qeyrətin önündə”, “Qara çadırlar” kimi təsirli şeirlərini beynəlxalq simpoziumlardan dünyaya çatdıran, bu ədalətsiz və elan olunmamış müharibənin acı nəticələrindən təsirlənən, eyni zamanda Naxçıvanın ictimai həyatında çox fəal iştirak edən vətənpərvər və humanist bir şair idi. Mərhum Vaqif Məmmədovun cəbhə şeirləri, xüsusən də “Sədərək harayı” şeirlər kitabi Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin sözlərilə desək, Sədərəyin bugünkü müsibətinin sabah üçün tarixidir. Ermənilərin başımıza gətirdiyi saysız-hesabsız müsibətlərin bədii ifadəsi olan bu şeirlərin gələcək nəsillərə çatdırılmasının böyük əhəmiyyəti vardır.Tək bircə kəndin - Sədərəyin timsаlındа bütün Аzərbаycаnı, bütöv Vətəni ümumiləşdirdiyi şеirlərindən ibаrət ikinci kitаbını şаir hаqlı оlаrаq “Sədərək hаrаyı” аdlаndırır. Sədərəkdə gеdən bu аğır döyüşlərdə V.Məmmədоv qələmini silahla əvəz еtmişdir. “Sədərək şəhidləri” kitаbını çаp еtdirməkdə əsаs məqsədini şаir özü bеlə izаh еdirdi: “Əməlləri ilə, qаnlаrı bаhаsınа əbədiyyət zirvəsinə ucаlаn Sədərək şəhidlərinin təkcə tərcümеyi-hаllаrını tоplаyıb gələcək nəsillərə çаtdırmаq, yаddаşlаrdа yаşаtmаq məqsədilə çаp еtdirirəm bu kitаbı”.1990-cı illərin Vaqif Məmmədovun yаrаdıcılığındа mаhiyyətcə yеni mərhələ hеsаb оlunmаsı da məhz bu səbəbdəndir. Onun “Bu kənd niyə yеtimdir?”, “Nədir bu körpənin günаhı, аllаh?”, “Аğlаmаlı gün gəlib”, “Şəhid аtаlаrı yеrə bахırdı”, “Hаyıf sənə”, “Çörəyim yаnır” və sair şеirlərinin mаyаsınа аcı təəssüf, iztirаb və kövrəklik ruhu hоpmuşdur. Еrmənilərin hücumu ilə əlаqədаr kəndin qаdın və uşаqlаrı köçürüldüyü bir vахtdа isti аnа nəfəsindən, körpə təbəssümündən uzаq оlаn kənd şаirə yеtim kimi görünür:
Kişiləri kеşikdə,
Bоşdur еv də, еşik də…
Körpəsi yох bеşikdə,
Bu kənd niyə yеtimdir?..
Şеirin sоnu nikbin əhvаl-ruhiyyəlidir və qələbəyə inаm hissi yаrаdır. Şаir nəticə оlаrаq bеlə bir fikrə gəlir ki, bu kənd əslа yiyəsiz, sаhibsiz dеyil! Həqiqətən də, “аrхаsı, еli” оlаn bu kəndi qоrumаq üçün Nахçıvаnın, Аzərbаycаnın hər bir kəndindən, şəhərindən qəhrəmаn оğullаrımız köməyə gəldilər, хаlq bir yumruq kimi birləşib düşməni öz cəsаrəti və igidliyi, dönməzliyi ilə hеyrətə sаldı. Şair Vaqif Məmmədov həm şeirlərində, həm də “Kərkinin taleyi” adlı kitabında 1990-cı ilin yanvar ayında baş verən hadisələrdən, ictimai-siyasi proseslərdən, ermənilərlə birlikdə sovet ordusunun hissələri tərəfindən qədim Azərbaycan torpağı Kərkinin işğalından bəhs etmişdir.
İstedadlı şair İbrahim Yusifoğlu 1988-cillərin sonları və 1990-cı illərin mürəkkəb siyasi hadisələrini və Qanlı yanvar faciəmizi “Mənim inamımı güllələdilər” adlı ikihissəli poemasında ən incə təfərrüatlarına qədər bədii dillə əks etdirmişdir: “19 yanvar 1990-cı il... İllər boyu üzərimizə tuşlanan silahların tətikləri çəkildi. Sinəsi odlananlar da oldu, şəhid olanlar da. Mənim isə inamım güllələndi”- deyən şair Tanrıya üz tutaraq hər bir təbii gözəlliyi, yeraltı və yerüstü sərvətləri bəxş etmiş xalqına gözəl tale, qismət yazmadığı üçün gileylənir:
Tanrım, dəniz verdin, çayını verdin,
Mavi səmasını, ayını verdin.
Güllü baharını, yayını verdin,
Bu xalqın bəxtini niyə vermədin?!
1991-ci ilin 19 yanvarında tamamlanan poemanı epiloq əvəzinə şair xalqı səbr etməyə, zamanın və tarixin haqlı olana söz verəcəyinə inanmağa çağıran “Hələ son sözümü deyə bilmirəm”- misraları ilə bitirir.
Şair Xanəli Kərimlinin “Ağrı” poeması 1994-cü ildə qələmə alınsa da, 1990-cı ilin 20 yanvarında azadlığını tələb edən xalqımıza qarşı törədilmiş qanlı faciənin nəticəsi olaraq yaranmış Şəhidlər xiyabanı qarşısında şəhid ailələrinin ağrı-acılarını öz içində yaşadan şairin düşüncələrinin ifadəsidir. “Şəhidlərin doğum günündə, şəhidlərin ildönümündə” kənardan durub ölməzlik qazanmış şəhidlərimizin məzarları qarşısında acısını yaşayan qohum-qardaşların kədərinə şərik çıxan şair onlardan daha çox əzab çəkir, onlardan milyon dəfə daha çox kədərlidir, çünki o, bir şəhidin deyil, bir xalqın şəhidlərinin dərdini ürəyinə yerləşdirmişdir:
... Kimi cırıb yaxasını
Şəhidinin qabağında,
Kimi qardaş harayında,
Kimi ata sorağında.
Kimisi də oğrun-oğrun
Göz yaşını qarsalayır.
Kimisi də fəryadıyla
Ürəkləri parçalayır.
Qarışıbdı bir-birinə
Əzan səsi, dua səsi.
Qarışıbdı bir-birinə
Əklillərin,
Çiçəklərin zümzüməsi.
Xanəli Kərimlinin eyni ağrı-acılarla qələmə alınmış “Bütövlük” lirik poeması da şəhidlik mövzusundadır. Şəhidlər xiyabanındakı əbədi məşəl bir xalqın qəhrəmanlıqlarla dolu keçmişinin, azadlıq uğrunda mübarizəsinin rəmzi, “şəhidlərin özü, günahsız bir millətin haqqa ismarladığı sualı, sözü, şəhid anaların ürək sözü” kimi dəyərləndirilir.
Gənc vətənpərvər şair Elxan Yurdoğlunun “Ağlayan – ağladan gün” adlı şeiri bu faciədən yeddi il ötməsinə baxmayaraq, ağrı-acıların hələ də bugün yaşanmış kimi təzəliyindən, insanların ürəklərini dağlamağından söhbət açır. Şəhid analarının hələ də qulaqlardan getməyən yanıqlı səsləri uzun zaman ötsə belə, xalqı şəhidlərin nigaran ruhlarının rahatlıq tapması üçün qisas almağa səsləyir:
Şanlı tariximin qanlı səhifəsi...
Şəhid anasının yanıqlı səsi,
Qocalı, cavanlı – bütün hər kəsi
Qisas duyğusuna bağlayır bu gün.
Sonda onu qeyd etmək istəyirəm ki, şəhidlərimiz müqəddəs kitabımız “Qurani Kərim” də də göstərildiyi kimi, ölməyiblər, onlar Allahın yanında yaşayırlar, çünki azad Azərbaycan uğrunda canlarından keçərək ölməzliyə qovuşublar. Arzu edirəm ki, düşmən tapdağı altında olan torpaqlarımız geri qaytarılsın və şəhidlərimizin nigaran ruhları artıq əbədi rahatlığa qovuşsun!
Aygün ORUCOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA Naxçıvan Bölməsi