23 Dekabr 2024, Bazar ertəsi

Gələcək nəsillərimiz müstəqilliyin bu şirinliyini dadsalar da, tariximizi, təlatümlü keçmişimizi unutmamalıdırlar. Biz öz övladlarımıza bunu elə aşılamalıyıq ki, yaşananları və gələcəklərini öz tarixi keçmişləri üzərində qurmağı bacarsınlar.

Unutmaq olarmı heç, canı-qanı bahasına müstəqilliyimizin əldə olunmasında canından keçən əziz şəhidlərimizi? Onlar öz qanlarıyla azadlıq, müstəqillik, müstəmləkə əsarətindən xilas olmaq üçün gələcəyimizin taleyini yazıblar. Düzdür, Azərbaycan xalqı çox əziyyətlər çəkib, çox məngənələrdə sıxılıb, amma öz mübarizə əzmini heç vaxt itirməyib, mərd, cəsur, qorxmaz xalqım heç vaxt üstünə yeriyən yağıdan qaçıb geri çəkilməyib. Elə o gecə də  öz sinələrini qabağa verib xalqın, millətin mübarizəsinə, azadlığına qalxdı mənim igid xalqım, birlik, bərabərlik nümunəsi göstərdi dünyaya.

Pisniyyətli sovet hakimiyyəti azərbaycanlıların mübarizə əzmini qırmaq üçün məqsədli olaraq xəbərsiz-ətərsiz dinc sakinlərin üstünə qorxaqcasına gecə ikən hücuma keçdilər. Bakının hər tərəfindən onların şəhərə girməmələri üçün sinələrini sipər edən insanlarımızın üstünə gözüyumulu yürüdülər, insana insancasına davranmadan qarşılarına çıxanları tankların, beteerlərin altına alaraq əzdilər. Heç bir mentalitetə, heç bir adətə sığmayan sovet vəhşiliyi öz çirkin, miskin sifətini açıb dünyaya göstərdi o gecə. Sonunun yaxınlaşdığını, Azərbaycanı bundan artıq öz müstəmləkəçiliyində saxlaya bilməyəcəyini çox gözəl başa düşən sovet siyasəti elə qorxusundan da öz gücünü dinc sakinlərə göstərirdi.

Şəhərdə tam sakitlik idi. Demək olar ki, heç kim başına gələcəklərdən xəbərdar deyildi. Gecə saatlarında hər tərəfdən şəhərə güllələr yağmağa başladı.

O gecə şəhər günahsız insanların qanına boyanmışdı! O gecə Bakı qan ağlayırdı! Neçə-neçə igid, qadın, qarı, qoca, uşaq o gecə mənfur gülləsinə tuş gəlmiş, neçə ocaq işıqsız, neçə ailə çıraqsız qalmışdı. Bakı bu təlatümləri çox görmüşdü, amma o gecə xalqımıza tutulan divan kökü özümüzdən olan baltaların səriştəsiz siyasətinin ucbatından baş vermişdi. O gecə xalq öz azadlığı, müstəqilliyi uğrunda tökülən qanlarıyla qarışıb birlik olmuşdu! O gecə Bakının başı üstünü qara buludlar almış, şəhərə qan yağdıran yağıların üstünə yer-göy də üsyan etmişdi! O gecə 146 nəfər qəddarcasına öldürülmüş, yüzlərlə insan yaralanmış və qanunsuz həbs olunmuşdu. O gecə yuxusu burnundan gətirilən Bakı qan içində boğulan soyuq günəşin işartısına yorğun gözlərini açmışdı. Hər yer insan cənazəsiylə dolu, hər tərəf darmadağın olmuş, xəstəxanalar, evlər, maşınlar gülləbarana tutulmuşdu. Anaların, qız gəlinlərin fəryadı göylərə ucalırdı, müqəddəs şəhidlərin qanı bütün şəhəri yuyurdu, dəhşət içərisində hərə bir cür təslim olmamaq üçün mübarizə aparırdı.

Axı bir millət olaraq biz bu əzablara düçar olmaq məcburiyyətində idik mi?! Ağlım almır, dönüb tariximizi bir də təkrar-təkrar oxuyuram, niyə elə biraz irəli getmək üçün addım atmaq istəyəndə itələnib ən axıra atılaraq əzilən biz olurduq axı?! Axı bizim də azadlığa, müstəqilliyə, bizim də bir millət, bir xalq kimi rahat yaşamağa haqqımız var idi! Hər bir millətsevər, dövlətsevər insan kimi, öz xalqının başına gətirilənlərə dözə bilməyən xalqın cəsur oğlu, ulu öndər Heydər Əliyev bu işi tam məsuliyyəti və uzaqgörən ağıllı, düşünülmüş siyasətiylə öz üzərinə götürdü və bu addımı ilə bütün xalqı Azərbaycanın birliyi uğrunda birləşdirə bildi. Çünki xalq özü görürdü, Heydər Əliyev kimi dahi yalnız bizi öz iradəsi ilə pisliklərin içərisindən çıxarıb işığa, uğurlu gələcəyə, tərəqqiyə apara bilər. Elə də oldu, hökumət xalq birliyi bizi azadlığa, xoşbəxt gələcəyə gətirdi. Heydər Əliyev xalqa, xalq isə özünün dahi liderinə güvənərək Azərbaycan yolunu birlikdə addımladı. Dünya boyda Azərbaycan, Azərbaycan boyda güclü bir dövlət müstəqilliyə nail oldu.

Üstündən neçə il keçməsinə baxmayaraq, Qanlı 20 Yanvar hadisələrinə hələ də siyasi qiymət verilmirdi. Yalnız dahi siyasətçi Heydər Əliyevin xüsusi Fərmanı əsasında 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

2019-cu il dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb. Dövlət rəhbəri tərəfindən belə qərarların verilməsi dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə tariximizə verilən dəyərin və hörmətin bariz nümunəsidir.

20 Yanvar faciəsi nə qədər acı olsa da, xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmış, bugünkü müstəqilliyimizin başlanğıc qığılcımları olmuşdur. 20 Yanvar hadisələri bir daha sübut etdi ki, nə qədər xalqımızın başına müsibətlər gətirsələr də, quldurcasına qanımızı axıtsalar da, azadlığımızın, müstəqilliyimizin içimizdə əsən coşqusunu söndürə bilməyəcəklər. Azadlığımızı bizə bəxş etmək üçün azadlıq alovunda boğularaq canlarından keçən şəhidlərimiz önündə baş əyib, onlara Allahdan rəhmət diləyirik!

Ülviyyə HACIYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR