20 Yanvar 1990-cı il Azərbaycan xalqının taleyinə qara hərflərlə yazılmış günlərdən biri, XX əsrdə başımıza gətirilən və dünyada analoqu olmayan faciəli tariximizdir. 20 Yanvar günahsız insanların vəhşicəsinə qətlə yetirildiyi gündür. Taleyimizə yazılan bu qara səhifə yurdunu, torpağını, Vətənini sonsuz məhəbbətlə sevən, özünü dərk edən hər bir soydaşımızın qəlbini sarsıtmış və bu gün də sarsıdır. Sülhsevər xalqın sinəsinə çəkilən bu dağ həm də xalqımızın qəhrəmanlıq salnaməsidir.
O gecə törətdikləri ağrıları, acıları duya bilmədilər azərbaycanlı qanına susamışlar. İnsanlığını itirmiş mənliksizlər, tarixlərlə yediyi duz-çörəyə xəyanət edənlər belini əymək istədilər anam Azərbaycanın, amma əyə bilmədilər. O gecə yüzlərlə ana oğlunu, əlindən xınası getməyən gəlinlər ərini, nişanlısının vüsalına qovuşacağı günü həsrətlə gözləyən qızlar sevgililərini, ağzı süd qoxulu körpələr analarını, dağ vüqarlı atalar övladlarını itirdilər, lakin vüqarlarını, dəyanətlərini itirmədilər.
Tariximizin bu qanlı, həm də şanlı faciəsindən 30 il ötür. Bu hadisələri gələcək nəsillərə çatdırmaq üçün qələm sahibləri yeni-yeni əsərlər yaradırlar. Bunlardan biri də Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair-publisist İbrahim Yusifoğludur.
İbrahim Yusifoğlunun müxtəlif illərdə işıq üzü görmüş “Mənim inamımı güllələdilər”, “Ölümü Tanrıdan gələnlər”, “O günü göylərdən kədər yağırdı” kitabları, onlarla publisistik məqalələri oxuculara hadisələri olduğu kimi əks etdirən bədii ərmağanlardır. “Mənim inamımı güllələdilər” kitabında 1988-ci ildən başlayaraq Moskvada hazırlanan xəyanət planlarının ermənilərin əli ilə həyata keçirilməsi xronoloji ardıcıllıqla əks olunur. İki hissədən ibarət olan poema “Qara Yanvara gedir” bölməsi ilə sona yetir:
Şaxta yaman sərt kəsir,
Külək bərk tüğyan edir.
Bakı qara don geyir --
Qara Yanvara gedir
Tanrım, sən özün saxla,
Xalq gedir, dara gedir.
Bağla, bu yolu bağla,
Qara Yanvara gedir.
Bəli, itirilmiş müstəqilliyini qazanmaq xalqımıza asanlıqla başa gəlmədi. Qara Yanvar gecəsində Bakı şəhəri dirəkləri laxlamaqda olan imperiyanın qoşunları tərəfindən amansızcasına gülləbaran edildi, gözə dəyən hər kəs öldürülürdü. Hətta azğınlaşmış hərbçilər təcili yardım maşınlarını da, mülki vətəndaşlara məxsus avtomobilləri də tankların altında əzdilər, yaşayış binalarına müxtəlif çaplı silahlardan atəş açdılar. Xalq ölümsüzlüyə qovuşmaq üçün ölümə gedirdi, həm də əliyalın, silahsız. Haqlı ikən haqsız güllələnirdi xalq… Yaranmış fürsətdən istifadə edən ermənilər və onların havadarları isə bütün sərhədlər boyu muxtar respublikamızı müxtəlif çaplı avtomat silahlardan, toplardan atəşə tutmağa başlamışdılar. Quduzlaşmış düşmən bir gecə içərisində neçə-neçə evin çırağını söndürdü, ana torpağın sinəsinə sağalmaz yaralar vurdu. Bu mənzərənin canlı şahidi olan, gördüklərini ürək ağrısı ilə qələmə alan İbrahim Yusifoğlu poemanın ikinci hissəsini “Qara Yanvar günlərində” adlandırır, gördüyü hadisələr zamanı ölümsüzlüyə qovuşanlarla bir vətəndaş kimi fəxr edir. Müəllif qeyd edir ki, illər boyu üzərimizə tuşlanan silahların tətiyi qarlı-şaxtalı bir gecədə çəkildi. 15 “qardaş respublika”nın “sarsılmaz ittifaqı” olan SSRİ-yə məxsus hərb maşınlarından atəş açıldı. İtirilmiş inamın acısını dadan və xalqının qara taleyinə “ağlayan” şair yazır:
Sülhə, göyərçinə, süni hər şeyə,
“Qardaşlıq beşiyi” sovet elinə
Mənim inamımı güllələdilər…
Poemanın “Qeyrət qalası Sədərək kəndi” bölməsi o qarlı, çovğunlu gündə Sədərəyin müdafiəsinə qalxmış muxtar respublika sakinlərinin igidliyindən, qorxmazlığından, eyni zamanda Bakı şəhərindən gələn acı xəbərlərin təsirindən düşmənə qarşı daha amansız olan həmyerlilərimizin qəhrəmanlığından bəhs olunur. Sədərək ətrafında erməni quldurları ilə döyüşlərdə şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Seyidovun igidliyindən söz açan “Kapitan Seyidov küçəsindəyəm” bölməsi də vətənpərvərlik mövzusunda yazılan yaxşı sənət əsəri təsiri bağışlayır. Poema nikbin sonluqla bitir:
Bilirik, bu xalqın Baş Komandanı,
Çəkilmiş sədləri tam yaracaqdır.
Vətən torpağını ölümsüz-qansız,
Bu xalqın özünə qaytaracaqdır.
İbrahim Yusifoğlunun “Ölümü Tanrıdan gələnlər” kitabı torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimiz haqqında qələmə alınmış ən dəyərli əsərlərdəndir. Kitabda neçə-neçə yarımçıq qalmış ömrün son, lakin əbədiyaşar nəğməsi səslənir. Onların döyüş salnamələri, yurda və ana torpağa bağlılıqları sadalanır və bu, yeni nəslə qəhrəmanlıq estafeti kimi aşılanır, XX əsrin ən fitnəkar, şovinist millətçisi olan erməni faşistlərinin iç üzü açılıb oxucuya göstərilir. Müəllif el oğullarının döyüşüb-vuruşduğu yurd yerlərinin vaxtsız solmuş laləsini, qandan doymuş dağlarını tərənnüm edir. “Bura Vətən torpağıdır, igidlərimizin qanı bahasına düşmən caynağına keçməyib bu torpaq, onu göz bəbəyimiz kimi qorumalıyıq”, – deyir.
“Yarımçıq ömrün akkordları” oçerki Qarahəsənli kəndində dünyaya göz açan, Goranboyda ermənilərlə döyüşlərdə misilsiz igidlik göstərmiş Azərbaycanın Milli Qəhrəmanı Kərim Məhəmməd oğlu Kərimovun döyüş yolundan, “Şəhidlik zirvədi, zirvədi Sədi” Sədərək döyüşlərində şəhid olmuş Sədi Sabir oğlu Əsgərovun, “Şəhidlik zirvəsinə yüksələn igid” məqaləsi Kərkicahan qəsəbəsi uğrunda canını qurban vermiş Nüsrət Hidayət oğlu İsmayılovun, “Ölməli oğul deyildi Asəf” Tərtərdə şəhid olan Asəf Təvəkül oğlu Fərəcovun, ümumilikdə 18 şəhidin döyüş salnamələrini əbədiləşdirir. Buna görə “Ölümü Tanrıdan gələnlər” kitabındakı oçerklərə publisist ağı da demək olar. Amma bu ağının sonunda şəhidlərimizin simasında bir xalqın ölməzliyi, əyilməzliyi durur…
İbrahim Yusifoğlunun “O günü göylərdən kədər yağırdı” kitabındakı “Göylərdən ələnən göz yaşlarıydı” povesti də ermənilər tərəfindən tarixlər boyu xalqımızın başına gətirilən bəlaların, qədim Oğuz eli olan Şərurda baş verən hadisələrin yaddaşımıza həkk olunan cizgiləridir. Bunlar povestin baş qəhrəmanı olan İlqar müəllimin dili ilə oxucuya tarixi faktlarla çatdırılır. Əsərin sonluğunda oxuyuruq: “…Naxçıvan torpağı azad nəfəs alırdı. Naxçıvan xalqında inam, qətiyyət, qələbə hissi baş qaldırmışdı. Naxçıvanın başı üzərində Günəş doğmuşdu. Bu Günəş qara buludları dağıdır, havaya bir aydınlıq, istilik gətirirdi. Bu, Heydər Əliyev Günəşi idi. O böyük insan – Heydər Əliyev onu canı qədər sevən, ona inanan xalqının qarşısında, “Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qədər də sadiq olacağam. Azərbaycan dövlətinin müstəqilliyi yolunda bundan sonra da fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır”, – deyirdi.
Ümumiyyətlə, şair-publisist İbrahim Yusifoğlu kitablarında azadlığa gedən yolun 20 Yanvar zirvəsini və ya 20 Yanvar ağrısından, acısından doğulan azadlığı, bu azadlığı qazanan Vətənin oğul və qızlarının ölməzliyini qələmə almış, o illərin tarixi faciələrini bədii-publisistik dillə oxuculara çatdırmaq istəmiş və buna nail olmuşdur.
Şərur Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri
Ümbülbanu Musayeva