23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın18-də yaradılmışdır.
Müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların qəbulu və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər zamanın tələbləri ilə səsləşmiş, cəmiyyətin inkişafını, başlıcası isə insan və vətəndaş hüquq, azadlıqlarının təmini məsələlərini əsas amil kimi götürmüşdür. Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görülmüş, Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyulmuşdur.

Ümummilli liderin hüquq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquq xidmətinin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur. Belə ki, ədliyyə fəaliyyətinin normativ-hüquqi əsasları təkmilləşdirilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir.
Muxtar respublika rəhbərinin ədliyyə sahəsinə diqqət və qayğısı nəticəsində ədliyyə orqanlarının müasirləşdirilməsi və inkişafı ilə bağlı son illərdə müvafiq qərarlar qəbul olunmuş, nazirliyin fəaliyyət istiqamətləri üzrə xidməti sahələrinin inkişafına diqqət yetirilmiş, 2005-ci ildə Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialı, 2015-ci ildə isə həmin filialın əsasında Məhkəmə Ekspertizası Mərkəzi yaradılmışdır. Mərkəzin yaradılması ekspertiza işlərinin yüksək səviyyədə aparılmasına, hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş ekspertiza işlərinin vaxtında və hər­tərəfli araşdırılmasına böyük köməklik göstərmişdir.
2007-ci ildə nazirliyin tarixində ilk dəfə olaraq Penitensiar Xidmət yaradılmışdır. Xidmətin yaradılması muxtar respublikada cəza-icra siyasətinin həyata keçirilməsinə öz müsbət təsirini göstərmiş, insan haqlarının etibarlı qorunmasına xüsusi ehtiyac duyulan bu sahədə müasir infrastrukturun yaradılması üzrə ardıcıl tədbirlər həyata keçirilməyə başlanmışdır. Məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi, İstintaq Təcridxanası, 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi tikilib istifadəyə verilmişdir.
Muxtar respublikada məhkumluq həyatı yaşayan insanların müxtəlif peşələr üzrə kurslara cəlbi və azadlığa buraxıldıqdan sonra öz peşələrinə uyğun işlə təmin olunması da diqqət mərkəzində saxlanılmış, Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yaradıcılıq və istehsalat binası istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikamızda müasir elektron tələblərə cavab verən “elektron məhkəmə” və “elektron icra” sistemləri qurulub istifadəyə verilmişdir. Müasir texnologiyaların icra məmurlarının fəaliyyətində tətbiqi vətəndaşların onlara müraciət imkanlarının genişləndirilməsinə, icra prosesinin həyata keçirilməsində operativliyin və aşkarlığın təmin edilməsinə, məhkəmə və digər orqanların qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edir.
Bu gün ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən nazirlik əhalinin hüquqi maarifləndirilməsində iştirak edir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına və dövlət reyestrinə, penitensiar sistemə, notariat orqanlarının və qeydiyyat orqanlarının fəaliyyətinə rəhbərlik edir, məhkəmələrin və digər orqanların qərarlarının icrasını, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını, bələdiyyələrə metodoloji yardım və inzibati nəzarəti, məhkəmə ekspertizalarının keçirilməsini və digər vəzifələrini təmin edir.
Hüquqi dövlətin inkişafı möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Son illər ərzində ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm addımlar atılmışdır. Bütün bu inkişafın fonunda ədliyyə orqanları işçilərinin sosial təminatının yaxşılaşdırılması, onların dövlət təltiflərinə, fəxri adlara və yüksək ali rütbələrə layiq görülməsi ədliyyə sisteminə göstərilən dövlət qayğısının bariz ifadəsidir. Qürurla deyə bilərik ki, muxtar respublikada gedən sürətli sosial-iqtisadi inkişaf əhalinin rahat və təhlükəsiz yaşamasına, onların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına xidmət edir. Bu da hər bir ədliyyə işçisinə stimul verir ki, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlsin, öz fəaliyyəti ilə ­ölkəmizin inkişafına töhfəsini versin. Ədliyyə işçiləri bundan sonra da xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirəcəklər.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR