23 Dekabr 2024, Bazar ertəsi

Qış tüğyan edib bəndi-bərəni bağlamış, böyük çillənin ortalarında yağan qar artıq bütün cığırları tutmuşdu. Şaxtanın iliyə işlədiyi, gediş-gəlişin çətin olduğu Kərki bu çətinliklərlə bərabər, erməni quldurlarının hücumuna da məruz qalmışdı. Kərkililər dizə çatan qarın içində öz sinələrini düşmənə sipər edib yurd yerlərini qoruyurdular. Onların ürəyini göynədən, yuxularını ərşə çəkən isə təkcə qonşularının xəyanəti, gözlənilməz hücumu deyildi. Ölkəyə, respublikaya başçılıq edən səriştəsiz rəhbərlərin soyuqqanlılıqla mənfur düşmənin millətimizə divan tutmasına rəvac vermələri idi. 

1988-ci ildə başlanan hadisələr 1989-cu il dekabrın sonlarında daha da gərginləşdi. Kərki kəndi ermənilərin həmin illərdə işğalçılıq siyasətinin ilk hədəfi idi. Kərkinin işğalı Bakıdakı 20 Yanvar faciəsinin, ermənilərin Naxçıvanın alınmaz qalası Sədərəyə silahlı basqınlarının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin başlanğıcı oldu. Bu, həmin vaxtlar idi ki, erməni şovinistləri ilə münasibət gərginləşib kulminasiya nöqtəsinə çatmışdı. Mənfurlar Sədərəkdən Kərkiyə gedən avtomobil yolunu kəsdiyindən gecələr Sədərəkdən Kərkiyə yük maşını ilə, bəzən də piyada 30-40 nəfər könüllü müdafiəçi gedir, gecəni səhərə kərkililərlə birlikdə kəndin keşiyini çəkirdilər. Sonralar həmin könüllülərə Şərurdan və Naxçıvandan gələnlər də qoşuldular. Ancaq çox keçmədi ki, Kərki ilə Sədərək arasında əlaqə tamam kəsildi, Kərkinin müdafiəçilərinə ərzaq və silah-sursat çatdırmaq da problemə çevrildi. Lakin bu kəndin müdafiəçiləri qəhrəmanlıqla vuruşub son ana qədər düşmənə ciddi müqavimət göstərdilər.

Hadisələrin şahidlərindən polis veteranı, 67 yaşlı Azər Seyidov deyir ki, həmin günlərdə silahlı dəstələr, hərbi texnika sərhədlərimizə toplanırdı. Ermənilər illərdir, həyata keçirə bilmədikləri mənfur planlarını reallığa çevirməyə, təkcə Kərkini yox, bütövlükdə, muxtar respublikanı işğal etməyə can atırdılar. Kərkidəki qadın və uşaqların, qocaların orada qalması çox təhlükəli olduğu üçün onlar yanvarın 15-də kənddən çıxarılmışdı. Adamları ata-baba yurdlarına qaytarmaq, təhlükəsiz yaşayacaqlarına əminlik yaratmaq üçün yanvarın 17-də 17 nəfərlə yenə Sədərək kəndindən Kərkiyə yola düşdük. Bizə Naxçıvan şəhərindən könüllülər də qoşulmuşdu. Kəndə çatanda artıq şər qovuşmuşdu. Dəstəmiz kənddən xeyli aralıda dayandı, oradakı vəziyyəti öyrənmək üçün hər yeri diqqətlə nəzərdən keçirdikdən sonra hərbçilərdən başqa bir kimsənin olmadığını gördük. Kəndi ermənilərin basqınından müdafiə etmək üçün yaradılan postlarda növbə ilə keşik çəkirdik, silahımız yox dərəcəsində idi. Erməni yaraqlıları isə o dövrün ən yaxşı silahlarına, kəndi yüksəklikdən atəşə tutmaq imkanına malik idilər. Strateji yüksəkliklər onların əlində olduğundan Kərkini Sədərəyə birləşdirən avtomobil yoluna da nəzarət edirdilər. Yanvarın 18-də kənd səhər saat 4 radələrindən şiddətli atəşə tutuldu. Xəbər yayıldı ki, silahlı ermənilər Kərkiyə hər tərəfdən basqın ediblər, kənd mühasirədədir, oradakıları əsir tutub aparmaq istəyirlər. Səhər saat 4-dən axşama qədər atışma getsə də, müasir silahlarla silahlanmış saysız erməni döyüşçüləri qarşısında Kərkinin müdafiəçiləri son damla qanlarına qədər vuruşmaq niyyətində idilər. Amma 70 il sərvətlərimizi amansızlıqla talayıb aparan rus dövlətinin hərbçilərinin “daha sizin təhlükəsizliyinizi qorumağa bizim gücümüz çatmır, təcili kəndi tərk etməsəniz, hamınızı girov götürəcəklər” xəbərdarlığı onları çıxılmaz vəziyyətdə qoydu. Erməni hücumu, rus hərbçilərinin “çıxın!” təhdidi, silah-sursat çatışmazlığı kərkililərin yaşayış yerini tərk etmələrinə səbəb oldu. Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı 30 nəfərədək Kərki sakini ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim oğuz yurdu, beləcə, ermənilərin əlinə keçdi. Daha doğrusu, yanvarın 18-də SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilərə ­verildi.
Tanınmış alimlərin fikrincə, Naxçıvan Muxtar Respublikasının şimal-qərbində, Sədərək kəndinin 8-10 kilometrliyində yerləşib, 960 hektara yaxın ərazini əhatə edən qədim Azərbaycan kəndi olan Kərkinin adı türk tayfası ilə bağlıdır. Bu toponimə ölkəmizdə və bir sıra türkdilli xalqların yaşadıqları ərazilərdə də rast gəlmək olur. Qədim yurd yerimiz olan Qarabağ torpağında Kərkicahan şəhəri, Qərbi Azərbaycanın Göyçə mahalında Kərkibaşı kəndi, Türkmənistanda Kərki rayonu və şəhəri, həmin respublikanın Cərco vilayətində Kərkiçi dəmiryol stansiyası, “Kərkidağ” toponimi də bu tayfa adından qaynaqlanıb. Bütün bunlar onu göstərir ki, yaşayış məntəqəsi tarixən azərbaycanlıların məskunlaşdığı yurd yeri olub. Bu qədim yaşayış məskənində vaxtilə aşkar olunmuş nekropol, müdafiə istehkamları, daş qutu qəbirlər və digər maddi mədəniyyət nümunələri arxeoloqların fikrincə, eramızdan əvvəl III minilliyin sonu və II minilliyə aid edilir. Kərki kəndi ərazisindəki “O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Köhnə Kərki”, “Dəlik daş”, “Sənəm zağası”, “Gavurqala”, “Cəhənnəm dərə”, “Şırran”, “Qızıl daş”, “Qurdbaba”, “Alma yokkuşu”, “Qırmızı güney”, “Şurut bulağı” kimi toponimlər də bu torpağın qədim tarixindən xəbər verir.
Bu qədim kəndin sakinləri öz el-obalarına yurd-yuvalarına, torpağa bağlı insanlardır. Vaxtilə kəndin balı, meyvələri, istixanalarda yetişdirdikləri gülləri adla deyilib. Kənd sakinləri, əsasən, heyvandarlıq, bağçılıq, arıçılıq, gülçülüklə məşğul olub. Onlar öz bərəkətli torpaqlarına qayıdacaqları, əvvəlki kimi yenə də əkin-biçinlə, heyvandarlıqla məşğul olacaqları günü səbirsizliklə gözləyirlər.
Kərki muxtar respublikamızın işğal edilmiş yeganə kəndidir. 30 ildir ki, öz doğma ocaqlarından ayrı düşən kəndin sakinləri muxtar respublikanın Kəngərli rayonunun ərazisində yaradılan Yeni Kərki kəndində məskunlaşıblar. Hər cür dövlət qayğısı ilə əhatə olunan bu dağ vüqarlı insanlar qədim oğuz yurdu olan kəndlərinin düşmən işğalından azad ediləcəyinə, yenidən öz dədə-baba torpaqlarına qovuşacaqları günün uzaqda olmadığına inanırlar. Bu əminliyi doğuran isə müstəqil dövlətimizin, ordumuzun güc və qüdrətinin ilbəil artmasıdır..
Ötən illərin o ağır günlərini hər an xatırlayırıq. Xatırlayırıq ki, unutmayaq. Unutmayaq ki, tarixi qələbələrin əzəli torpaqlarının işğalı ilə barışmayan millətlərin parlaq taleyi olduğunu sübut edək. Necə ki 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt zəfərlərində dünya buna şahid oldu. Xain qonşularımız güclü himayədarlarının dəstəyi nəticəsində qazandıqları “qələbəni” sonsuza kimi qoruya bilmədilər, bilməyəcəklər də. Çünki qədim Naxçıvanın keşiyində inamla dayanan Əlahiddə Ümumqoşun Ordu muxtar respublikamızın müdafiəsində ona həvalə edilmiş missiyanı şərəflə yerinə yetirir və istənilən vaxt işğalda olan torpaqlarımız uğrunda döyüşlərə atılmağa hazırdır. Azərbaycan xalqı buna əmindir ki, Lələtəpədə, Qızılqayada dalğalanan bayraq sabah Kərkidə, gözəl Qarabağımızda da dalğalanacaq. Nə qədər ki əzəli-əbədi torpaqlarımız düşmən işğalı altındadır, Azərbaycan əsgəri silahını yerə qoymayacaq! Dilində Vətən nəğməsi, könlündə torpaq yanğısı, ürəyində düşmənə nifrət hissi ilə döyüşə atılacağı günü səbirsizliklə gözləyir. Çünki 20 faiz torpağı işğal altında olan dövlətin “Hər evi səngər, hər vətəndaşı əsgərdir”. Yolumuzu gözlə, Vətən torpağı, sənə qovuşacağımız, o dağlara zəfərlə qayıdacağımız gün çox yaxındadır!..

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR