Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2019-cu ildə fəaliyyətinin yekunları haqqında keçirilən iclasda çıxış edən xidmətin rəisi Bəxtiyar İsmayılov bildirib ki, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil, səhiyyə müəssisələrinin yerli məhsullarla təmin olunmasına, alınan qida məhsullarının keyfiyyətinə müntəzəm nəzarət edilib. Belə ki, 68 məktəbin bufetində, 10 təhsil müəssisəsinin bufet və yeməkxanasında və 19 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 16 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılıb, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb. Təhsil və məktəbəqədər tərbiyə müəssisələri üçün hazırlanmış 59 yemək menyusu xidmət ilə razılaşdırılıb. Məktəbli və tələbə geyim formaları istehsal edən 4 təsərrüfat subyektində istifadə olunan parçaların keyfiyyət göstəriciləri yoxlanılıb və müvafiq məhsullar sertifikatlaşdırılıb. Muxtar respublikada fəaliyyət göstərən məktəbli yarmarkalarında satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət üzrə monitorinqlər aparılıb və 23 halda məktəbli ləvazimatları sertifikatlaşdırılıb.
Bəhs olunan dövrdə təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğu diqqətdə saxlanılıb, ümumilikdə, məhsulların 1870 halda, o cümlədən qida məhsullarının 1695 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin olunub.
Diqqətə çatdırılıb ki, 2019-cu il ərzində, ümumilikdə, 3274 ədəd məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 126 ədəd məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.
2019-cu il ərzində standartların tələblərinə uyğun olmayan 18 min 615 manat dəyərində keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılıb.
Qeyd olunub ki, il ərzində muxtar respublika üzrə 421 ailə təsərrüfatına, eyni zamanda şəhər və rayonlar üzrə “Ailə təsərrüfatı məhsulları” festivalına və bayram yarmarkalarına çıxarılan ailə təsərrüfatı məhsullarının etiketlərinin hazırlanmasında müvafiq köməklik göstərilib. Ailə təsərrüfatı məhsullarından 581 halda nümunələr götürülərək standartların tələblərinə uyğun olduğu müəyyən edilib.
“Muxtar respublikada əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət üzrə birgə Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə 2019-cu il ərzində müvafiq komissiya tərəfindən 134 təsərrüfat subyektində 1040 işçinin tibbi müayinələri ilə bağlı monitorinqlər aparılıb.
Bildirilib ki, yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 167 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilib, 135 təsərrüfat subyektində aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılıb. 4 müəssisədə istehsal olunan arağın 75, pivənin 12, məhsul istehsalında istifadə olunan suyun isə 3 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib. Aparılan monitorinqlər zamanı 114 bərbərxana və 63 gözəllik salonunda aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilib. Maarifləndirmə xarakterli baxış zamanı 124 təsərrüfat subyektində, 43 ət satışı mağazasında aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılıb.
Sonra çıxışlar olub.
* * *
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən kollegiya iclasını idarənin sədri Elvin Axundov açaraq bildirib ki, muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2020-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 171 milyon 191 min manat təşkil edir. Kredit qoyuluşu keçən ilin müvafıq dövrü ilə müqayisədə 68 milyon 510 min manat artıb.
Qeyd olunub ki, Mərkəzi Bankın kreditləşmədə əsas məqsədi aqrar sektorun, kiçik və orta sahibkarlığın inkişafına, ixraca yardım və daxili bazarın müdafiəsinə nail olmaqdır. Bu məqsədlə bank və kredit təşkilatları tərəfindən 2019-cu ilin yanvar-dekabr ayları ərzində 143 milyon 185 min manat kredit verilib. Verilmiş kreditlərin 12 milyon 434 min manatı kənd təsərrüfatı, 10 milyon 945 min manatı sənaye, 3 milyon 703 min manatı tikinti, 4 milyon 330 min manatı kommersiya, 31 min manatı balıqyetişdirmə sahəsinə, 120 min manatı səhiyyə və sosial xidmətlərin göstərilməsinə, 6 milyon 289 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə yönəldilib. 105 milyon 333 min manat həcmində isə digər kommunal, sosial və istehlak kreditləri verilib.
Diqqətə çatdırılıb ki, banklar tərəfindən 1 yanvar 2020-ci il tarixə 84 min 936 müştəriyə bank xidməti göstərilib. Xidmət olunan hesabların 74 min 781-i işlək hesab olub. Ötən il 28 min 767 müştəriyə yeni bank hesabı açılıb.
Vurğulanıb ki, əhalinin nağdsız ödənişlərə marağının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti ilə birgə mükafatlandırma tədbirləri keçirilib. Ümumilikdə, keçirilən 11 tiraj üzrə 2577 nəfərə 165 min manat dəyərində müxtəlif qiymətli hədiyyələr verilib.
Bildirilib ki, hesabat dövründə POS-terminalların və ödəniş terminallarının quraşdırılması daim diqqət mərkəzində saxlanılıb. Belə ki, 1 yanvar 2020-ci il tarixə muxtar respublikada POS-terminalların sayı 1278 olub, ödəniş terminallarının sayı isə ötən il ərzində 15 ədəd artaraq 54-ə çatıb. Həmin dövrdə POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi isə 45 milyon 551 min manat olub. Aparılan nağdsız ödənişlərin 14 milyon 717 min manatı POS-terminallar, 30 milyon 834 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. 1 yanvar 2020-ci il tarixə elektron ödəniş kartı alanların ümumi sayı 270 min 641 ədəd təşkil edib.
İdarə sədri qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində hamiliyə verilən ixtisaslarla işin təşkili üçün ekspert qrupu yaradılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, cari ilin iş planı təsdiq olunub.
* * *
Naxçıvan Müəllimlər İnstitutunda keçirilən müşavirəni prorektor Azad Novruzov açaraq bildirib ki, 2018-ci ildə institutun yeni tədris korpusunun tikilib istifadəyə verilməsi nəticəsində 2019-cu ildə tələbə qəbulu planı artırılıb, üç yeni ixtisasa qəbul aparılmaqla bakalavr ixtisaslarının sayı on birə çatdırılıb. Yaradılmış şəraitə görə növbəti tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul planı 370-dən 430-a qaldırılıb. Əvvəlki ixtisaslarla yanaşı, 5 yeni ixtisas da qəbul planı layihəsinə əlavə olunub. Növbəti tədris ilindən magistratura təhsil pilləsi üzrə də əvvəlki ixtisaslarla yanaşı, Riyaziyyat müəllimliyi və Təsviri incəsənət müəllimliyi ixtisaslarına qəbul aparılması planlaşdırılıb. İlk dəfə olaraq 2019-cu ildə Naxçıvan Müəllimlər İnstitutunda doktorant və dissertant hazırlığının aparılmasına icazə verilib, 5 ixtisas üzrə 10 yerə qəbul elan edilib.
Qeyd olunub ki, hesabat ilində 87 əməkdaş 87 mövzu üzrə elmi-tədqiqat işi aparıb. 2019-cu ildə institut əməkdaşlarının, ümumilikdə, 384 kitab, kitabça, monoqrafiya, məqalə və tezisi çap olunub. Ötən il ali təhsil ocağında 5 respublika və regional səviyyəli konfrans keçirilib.
Bildirilib ki, həmin dövr ərzində tələbələrin elmi-tədqiqat fəaliyyəti diqqətdə saxlanılıb, 149 tələbə TEC xətti ilə iş aparıb, konfranslar keçirilib.
Növbəti çıxışlarda xarici əlaqələr, ixtisasartırma və yenidən hazırlanma, tərbiyə işləri, elmi və elektron kitabxananın fəaliyyəti və digər sahələrdə aparılan məqsədyönlü işlər də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Xəbərlər şöbəsi