Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən verilən məlumata görə,muxtar respublikada 2020-ci ilin ilk ayı üçün əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilmişdir.
Muxtar respublikamızda da əmək pensiyaçılarının rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə diqqət və qayğısı nəticəsində bütün növ əmək pensiyalarının və müavinətlərin hər ay vaxtından əvvəl maliyyələşdirilməsi təmin olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da bu sahədə üzərinə düşən tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Bunun nəticəsidir ki, muxtar respublika üzrə 2020-ci ilin ilk ayının əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilmişdir. Təyin olunmuş əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsi ilə pensiyaçılara çatdırılmışdır. Muxtar respublika kəndlərində yaşayan əmək pensiyaçıları isə bununla yanaşı, yaşadığı məntəqədən kənara getmədən ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını rahatlıqla əldə etmişlər. Eyni zamanda, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi üçün müvafiq işlər görülmüşdür. Həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi təmin edilmişdir.
Məlumat üçün bildirilir ki, 2019-cu ilin əvvəlində ölkəmizdə pensiyaların minimum məbləği 116 manat idisə, haliyədə bu göstərici 72 faiz artaraq 200 manat təşkil edir. Bu isə onu göstərir ki, əhalinin həssas qrupu sayılan pensiyaçıların maddi rifah halının yaxşılaşması üçun pensiyaların həcminin artırılması hər zaman diqqət mərkəzində saxlanılır.