23 Dekabr 2024, Bazar ertəsi

Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələn qəhrəmanların ömür yolu qısa olsa da, şərəflidir. Qəhrəmanlıq  bir anın bəhrəsi deyil, xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. Elə bir keyfiyyət ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur... Torpağın qorunması, Vətənin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu zirvəyə gedən  yol Vətən, torpaq, millət sevgisindən keçir. 

Azərbaycanın elə bir bölgəsi, elə bir şəhəri, kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Belə şəhidlərdən biri də həmişə qürur duyduğum və övladı olduğum üçün iftixar hissi keçirdiyim, bütün şəhidlər kimi adını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazan, qəhrəmanlıq mücəssəməsi kimi hər bir azərbaycanlı gəncə nümunə olan atam – Məmməd Məmmədovdur.

Atam 1949-cu il may ayının 1-də Şərur rayonunun Danyeri kəndində dünyaya göz açmışdır. 1969-1971-ci illərdə hərbi xidmətdə olmuş, uzun illər Şərur rayon 6 nömrəli səyyar mexanikləşdirilmiş dəstəsində sürücü işləmişdir. Altı övlad atası idi və həyatının ən gözəl çağları ölkəmizin o ağır dövrlərinə təsadüf etmişdi. Elə bir dövr ki məkrli düşmənlər ölkəmizin dilbər guşəsi ­Qarabağla yanaşı, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvana da göz dikir, bu tarixi diyarı işğal etmək istəyirdilər.
20 Yanvar faciəsi ərəfəsində hiyləgər düşmən Naxçıvan üçün hazırladığı qara planları həyata keçirməyə cəhd göstərirdi. Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər tərəfindən güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı. O vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdi. Həmin gün Sədərək ilk dəfə top atəşinə tutuldu. Ermənilərin yanvarın 19-da böyük cidd-cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi isə onu göstərirdi ki, xain qonşularımız Bakıya qoşun yeridiləcəyindən və bununla da Naxçıvanın köməksiz qalacağından xəbərdar olublar. Bu isə SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi.
Naxçıvanlılar qədim diyarın müdafiəsi uğrunda yumruq kimi birləşdilər. Həmin ərəfədə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Kərkinin geri alınması, Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olanların sayı saatbasaat artırdı. Məmməd Məmmədov, Məhərrəm Seyidov, Etibar Əhmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlıların bu qəhrəmanlığı sovet rəhbərliyini də çaşbaş salmışdı.
Həmin günlərdə silah-sursat az olsa da, naxçıvanlılar bir addım belə, geri çəkilmək barədə düşünmürdülər. Hər kəsin ümumi fikri bu idi ki, sona qədər döyüşəcək, ölsək də, bir qarış torpağı düşmənə verməyəcəyik. Belə də oldu.
Qeyd etdiyim kimi, yanvarın 18-dən 19-na keçən gecə baş verən döyüşlərdə ən böyük problem silah çatışmazlığı idi. Əhali müdafiə olunmaq üçün silaha böyük ehtiyac duyurdu. Əldə olan silah isə, əsasən, ov tüfəngləri idi. Həmin vaxt Sədərəyə ilk köməyə Ordubad və Şərur rayonlarından 40 könüllü gəldi. Həmin könüllülərdən biri də atam idi. Evdən çıxanda təlaşla “ata, hara gedirsən”, – deyə soruşduqda, “bala, sizin hamınızı, kəndimizi, torpaqlarımızı qorumağa gedirəm. Mən getməsəm, o getməsə, bəs kim qoruyacaq bu torpaqları?” cavabını aldıq. İki gün, iki gecə ön cəbhədə döyüşən atam 19 yanvar 1990-cı ildə, təxminən, axşam saat 6 radələrində qərargah raketlərlə atəşə tutulan zaman qəhrəmancasına şəhid oldu. Atam Şərur rayonunun Danyeri kəndindəki məzarlıqda uyuyur. Danyeri kənd tam orta məktəbinin yanında isə büstü ucaldılıb.
Arada nə az, nə çox, düz 30 illik ayrılıq, həsrət olsa da, haqq və əbədiyyət dünyasındakı atama qürurla səslənirəm: “Şəhid atam! Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq isə hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli insanlar yüksələ bilərlər müqəddəs zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. Sizlərin Vətənə olan sevgisi bir örnəkdir. Sən və sənin kimi neçə-neçə şəhidlərimiz Vətən sevginizlə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasına bir nümunə oldunuz. Rahat uyuyun, ata!”
Tarixin bütün dönəmlərində özünü qəhrəmancasına müdafiə edən tarixi türk diyarı Naxçıvan bu gün də igid, qəhrəman əsgərlərimiz tərəfindən göz bəbəyi kimi qorunur. Burada xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb, maddi-texniki baza tələb olunan səviyyədə möhkəmləndirilib, həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji səviyyəsinin yüksəlməsinə səbəb olub. Doğma Naxçıvanımızın keşiyində dayanan Əlahiddə Ümumqoşun Ordu bu gün istənilən hərbi vəzifəni yerinə yetirmək qüdrətindədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə ­olmalıdır”.
Bu gün 1990-cı illərdə baş verən hadisələrin yenidən təkrarlanması qeyri-mümkündür. Çünki Naxçıvan o illərdəki təklənmiş, unudulmuş Naxçıvan deyil. Ümummilli liderimizin 20 Yanvar hadisəsinin ardınca Mos­kvadan Bakıya, oradan isə Naxçıvana gəlməsi, burada Ali Məclisin Sədri vəzifəsində çalışmağa başlaması Naxçıvan haqqında düşmənin məkrli planlarını alt-üst etdi. Düşmən tərəfindən blokadaya salınan Naxçıvan ulu öndərin siyasəti ilə çətinliklərini yavaş-yavaş aşmağa başladı. O günlərdən bu günlərə ötən 30 ildə isə muxtar respublikamız haqqında bunları demək olar: Naxçıvan sürətlə inkişaf edən, vətənpərvərlik yanğısı ilə yenidən ucaldılan, düşmənə gözdağına çevrilən qüdrətli diyardır.

Zamin MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası
Gömrük Xidməti polkovnik-leytenantı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR