və ya insana qayğı milli-mənəvi dəyərə çevriləndə...
Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də həyatımızın bütün sahələrini əhatə edən yeniləşmə prosesi davam etdirildi, kompleks quruculuq tədbirlərinin coğrafiyası genişləndirildi, emal və istehsal sahələrinin inkişafına dəstək göstərildi, yeni iş yerlərinin yaradılması diqqət mərkəzində saxlanıldı. Həyata keçirilən məqsədyönlü tədbirlər uğurlu nəticələr qazanılmasını təmin etdi. Yenə də görülən işlərin təməlində insana qayğı amilinin dayandığını gördük.
Bir haşiyə çıxaraq onu xüsusilə vurğulamağı lazım bilirəm ki, xidməti işimlə əlaqədar tez-tez muxtar respublikanın ayrı-ayrı bölgələrində olur, müxtəlif insanlarla görüşürəm. Onlarla söhbətdə başlıca mövzu Naxçıvanın dünəni və bu günüdür. Ordubad şəhərində yaşayan təqaüdçü müəllim Südeyif Xəlilov deyir ki, insanın həmişə qayğıya ehtiyacı var. Bəziləri bunu dilinə gətirmir, susmağa üstünlük verir, bəziləri məcburiyyət qarşısında müəyyən ehtiyacının ödənilməsi üçün kimlərəsə üz tutur. Bu gün Naxçıvanda buna ehtiyac qalmayıb. Muxtar respublikamızın ən ucqar dağ kəndləri də abadlaşdırılıb, sakinlərin rahat yaşayışı təmin olunub. Bağlar diyarı Ordubad da muxtar respublikanın müasirliyə qovuşmuş bölgələrindən biridir. Son illərdə həm rayon mərkəzində, həm də kənd yaşayış məntəqələrində həyata keçirilən tədbirlərin həcmi o qədər genişdir ki, saatlarla danışsaq da, qurtarmaz. Belə quruculuq tədbirləri həyatımızın hər bir sahəsini əhatə edir. Təhsil, mədəniyyət, səhiyyə, rabitə və digər infrastrukturların normal fəaliyyətini təmin etmək, həmin təşkilatlarda çalışanlara müasir iş şəraiti yaratmaq insanlara qayğının ən böyük ifadəsidir.
Digər bir həmsöhbətim – Culfa rayonunun Teyvaz kənd sakini, müəllim Həsənqulu Həşimov deyir ki, illər əvvəl səhər kənddən yola düşəndə günortadan sonra rayon mərkəzinə çatırdıq. Çünki yollarımız bərbad vəziyyətdə idi. Belə çətinlikləri hər sahədə görmək olardı. Etiraf edim ki, elə bu səbəbdən doğma kəndi tərk edənlər də az olmadı. Onlar da artıq kəndə qayıdıblar. Çünki hazırda Teyvaz ölkəmizin müasir yaşayış məntəqələrindən birinə çevrilib. Kənddə kompleks quruculuq tədbirləri həyata keçirilib, yollarımız abadlaşdırılıb. Bunların hamısı muxtar respublikamızda insan amilinə verilən dəyərin bariz nümunəsidir və əsrin dörddəbirinə bərabər bir zaman kəsiyində buna nail olmaq inqilabi sıçrayışdır. Biz də yaxşı başa düşürük ki, qazanılanlar elə-belə, asanlıqla əldə olunmayıb, yollar axtarılıb, çətinliklərlə üzləşilib. Hədəfə çatmaq üçün bütün imkanlardan istifadə olunub. Bu gün naxçıvanlılar, çox haqlı olaraq, qürur hissi duyurlar ki, seçilən düzgün yolun yolçularıdır.
Mətləbdən uzaq düşmədən 2019-cu ilə nəzər salsaq, belə qayğının davamlı xarakter aldığının şahidi olarıq. Düzdür, atalar deyib ki, görünən dağa nə bələdçi? Ancaq o da var ki, indiki nəsil dünənimizlə bu günümüzü müqayisə etməyi bacarmalıdır. Dünən insanlar necə yaşayırdılar? Onların qayğıları, problemləri nə idi? Bu problemlərin həllinə dövlət səviyyəsində necə yanaşılırdı? Belə suallar çoxdur. O dövrü yaşayan insanlar həmin suallara çox dolğun cavab verə bilərlər.
Qədim yurd yerimizdə görülən işlərin təməlində məhz bu amil dayanır: vətəndaşlarımız daha da yaxşı yaşasın. Bu isə, sözsüz ki, siyasi sabitlik olan, sosial-iqtisadi inkişaf təmin edilən və insanlara qayğı göstərilən yerdə mümkündür – muxtar respublikamızda olduğu kimi. 2019-cu il də belə faktlarla zəngin olub, əvvəlki illərdə təməli qoyulmuş uğurların qazanılması daha da intensiv xarakter alıb.
Ötən il dekabr ayının 21-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında Ali Məclisin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “2019-cu ildə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər davam etdirilmiş, makroiqtisadi göstəricilər artmışdır. Başa çatmaqda olan il muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında əlamətdar hadisələrlə yadda qalmış, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi qeyd olunmuş, bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuşdur”.
Bu günlərdə Şərur rayonunda həmsöhbət olduğum tarix üzrə fəlsəfə doktoru, Aşağı Yaycı kənd tam orta məktəbinin direktoru Yeganə Məmmədova deyir:
– Naxçıvan ölkəmizin elə bir bölgəsidir ki, həmişə qayğıya ehtiyacı olub. Tarixin müxtəlif dönəmlərinə nəzər salsaq, bu ehtiyacın heç orta səviyyədə belə ödənilmədiyini görərik. Yalnız ümummilli liderimiz Heydər Əliyev respublikamıza hakimiyyətə gələndən sonra Naxçıvana olan münasibət kökündən dəyişdi. O illərdə bu qədim yurd yerinin inkişafının təməli qoyuldu. Bu inkişafa yeni vüsət verəcək daha böyük yüksəlişə isə 1995-ci ildən başlanıldı. Bu gün muxtar respublika həyatının elə bir sahəsi yoxdur ki, orada genişhəcmli layihələr həyata keçirilməsin, uğurlar qazanılmasın. Dahi öndərlə başlanılan yol bu gün qədim diyarı sürətli tərəqqiyə gətirib çıxarıb.
Muxtar respublikamızın sakinləri torpağa bağlı, zəhmətdən qorxmayan insanlardır. Üstəgəl, Naxçıvan öz yeraltı və yerüstü sərvətləri, bərəkətli və məhsuldar torpaq sahələri ilə ölkə səviyyəsində ən zəngin bir diyardır. Gəlin görək bu gün həmin sərvətlərdən necə istifadə olunur? Burada da bir məsələni xatırlamağa dəyər: iş təkcə onunla bitmir ki, muxtar respublikada güclü iqtisadiyyata nail olmaq üçün geniş potensial var. Məsələ bu potensialdan necə istifadə etməkdir ki, bunun da son illərdə öz həllini tapması hesabına iqtisadiyyatımız xeyli güclənib. Bu gün bir qarış torpağımız belə, əkilməmiş qalmır. Kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir. Hər il muxtar respublikada genişmiqyaslı meliorasiya tədbirləri həyata keçirilir, regiona yeni kənd təsərrüfatı texnikaları gətirilir. Taxılçılığın, kartofçuluğun, heyvandarlığın və digər sahələrin inkişafı üçün yardımlar verilir. Digər tərəfdən yeni emal və istehsal sahələrinin fəaliyyəti genişləndirilir. Bu müəssisələrin məhsulları daxili bazarda yerli istehsalın çəkisini artırıb. Bəzi məhsullarımız ixrac olunur. Rəqabətədavamlı məhsul istehsalı üçün layihələr həyata keçirilir. Külli miqdarda kreditlər verilir. Bu isə sosial-iqtisadi inkişafda xüsusi çəkisi olan sahibkarlığın inkişafında mühüm amillərdən biridir. Sahibkarlığın inkişafı həm də minlərlə yeni iş yerinin açılmasına şərait yaradır. Bir iş yeri isə bir ailənin yaşayış səviyyəsinin yüksəlməsi deməkdir. Dövlətin dayağı onun insanlarıdır. İnsanların ehtiyacının ödənilməsi onların muxtar respublikada güclü iqtisadiyyata nail olunmasında fəallığını artırıb. Güclü iqtisadiyyatı olan diyarda inkişafı bütün sahələrdə görmək mümkündür. Elə götürək təhsil sahəsini. 35 ilə yaxındır ki, bu sahədə çalışıram. Bəzən düşünürəm: muxtar respublikanın elə bir ucqar dağ və sərhəd yaşayış məntəqəsi yoxdur ki, orada təhsilin inkişafı üçün nə isə edilməsin. Hələ belə ünvanlarda şəhərdə, rayon mərkəzlərində tikilmiş məktəb binalarından seçilməyən, ən azından ikimərtəbəli binaları demirəm. “Bu ünvanlarda necə şərait yaradılıb?” sualının cavabı birmənalıdır. Bu gün elə bir orta təhsil müəssisəsi yoxdur ki, oradan ali məktəblərə qəbul olmasın. Onu da vurğulamağa gərək var: muxtar respublikada artıq kəmiyyət yox, daha çox təhsilin keyfiyyəti diqqətdə saxlanılır.
Elə digər sahələrdə də, necə deyərlər, baş verən böyük dəyişikliklər bu gün qəlbimizi fərəhlə doldurur. Burada da düşünməli olursan: Naxçıvan elə Naxçıvandır, torpaqları, təbii sərvətləri, soyuq qışı, isti yayı olan bir diyar. Bəs niyə sovet dönəmində – 1970-ci illərədək bu işlərin heç 10-15 faizə qədəri görülməyib? Bu gün muxtar respublikada bir ildə ovaxtkı bir beşillikdən beş dəfə artıq belə işlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Xəstəxanasının baş həkimi Heyran Qazıbəyova deyir ki, nə zaman televizoru açırsan, haradasa yeni sosial obyektlərin açılışını görürsən, buraya toplanan insanların üzləri gülür, çöhrələri təbəssümə bürünür. Bu təbəssüm muxtar respublikanın inkişafını ən yüksək səviyyədə təmin edən, bu qədim diyarı intibaha qovuşduran Ali Məclis Sədrinə minnətdarlıq ifadəsidir. Ötən il çalışdığım tibb ocağının 40 illik yubileyinin keçirilməsi də biz səhiyyə işçilərinə qayğının növbəti təzahürü oldu.
Müraciət etdiyimiz mövzu elə genişdir ki, bu istiqamətdə görülən işləri kiçik bir yazıda bütün parametrləri ilə əhatə etmək mümkün deyil. Sadəcə olaraq onlardan bir neçəsini sadalamaq kifayət edər. Bəhs olunan müddətdə insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, naxçıvanlıların ərzaq təhlükəsizliyinin təmin edilməsi, bu məqsədlə emal və istehsal müəssisələrinin, nəticə etibarilə, sahibkarlığın problemlərinə həssaslıqla yanaşılması, aztəminatlı ailələrə yardımların göstərilməsi, məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası, insanların sağlamlığının mühafizəsi üçün səhiyyə müəssisələrinin müasir tibbi avadanlıqlarla təchizatı, müxtəlif sahələrdə qazandıqları uğurlara görə onların əməyinin dövlət təltiflərinə layiq görülməsi və həyata keçirilən digər tədbirlər məhz insana qayğının ifadəsi olaraq dəyərləndirilir.
Son olaraq onu da deyək ki, ötən illər ərzində muxtar respublikada daha bir ənənə formalaşıb. Bu, hər il bayram günlərində Naxçıvan Qarnizonunun Hərbi Hospitalına, Psixi və Ağciyər Xəstəlikləri dispanserlərinə, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərinə bayram sovqatlarının aparılması, Ali Məclis Sədrinin sakinlərlə görüşməsi, onlara öz arzularını bildirməsidir.
Muxtar respublikanın ən gənc rayonu Kəngərli də bu gün yenilik donundadır. Bütün idarə, müəssisə və təşkilatlar müasir iş şəraiti ilə təmin edilən yeni binalarda fəaliyyət göstərir. Rayonun bütün yaşayış məntəqələrində də geniş həcmdə tikinti-quruculuq tədbirləri aparılıb. Çalxanqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini, ailə təsərrüfatı başçısı Şahzadə Vəliyev deyir ki, o, Naxçıvana Qərbi Azərbaycan torpağından pənah gətirib. Onun kimi yüzlərlə ailə Naxçıvanda məskunlaşıb. Buraya köçdükdən sonra dövlətimizin hərtərəfli qayğısını görüb: torpaq sahəsi ilə təmin olunub, ailəsi üçün fərdi ev tikdirib. Təşkilatçılıq bacarığına görə onu Çalxanqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini təyin ediblər. Ancaq bu məsul vəzifə onu torpaqdan ayıra bilməyib, öz vəzifəsini yerinə yetirməklə bərabər, həm də ona böyük hörmət gətirən torpaqla təmasdadır.
Həmsöhbətim deyir ki, bu gün həyatımızın bütün sahələri ilə yanaşı, sahibkarlıqla da məşğul olmaq üçün muxtar respublikada hər cür imkan yaradılıb. Texnika və toxumla təchizat, kredit, istehsal olunan məhsulun satışının təşkili, soyuducu anbar – bütün bunların hamısı torpaq mülkiyyətçiləri üçündür. Elə təsərrüfat adamları var ki, artıq özü üçün toxum tədarük edir, kənd təsərrüfatı texnikaları alır, istehsal etdiyi toxumun artığını satır, texnikası ilə qohum-əqrəbasına, həmkəndlilərinə kömək edir, bununla da əlavə qazanca sahib olur. Bu, 25 il əvvəl muxtar respublikada bünövrəsi qoyulan iqtisadi inkişaf siyasətinin bəhrəsidir ki, bununla torpağa baş əyənlərin, tər tökənlərin də sayı çoxalır, nəticədə, daxili bazarda yerli məhsulun çəkisi artır. Deməli, həm torpaq mülkiyyətçisi qazanır, həm istehlakçı, həm də dövlətimiz. Naxçıvanlılar unutmurlar ki, bu gün nail olduqları hər bir müvəffəqiyyətin təməlində böyük dövlət qayğısı dayanır. Bu gün qədim diyarda dinamik xarakter alan insana qayğı milli-mənəvi dəyərə çevrilib.
Artıq 2020-ci ilin ilk günlərini yaşayırıq. Yeni ilə ötən il qazanılmış böyük uğurların sevinci ilə qədəm qoymuşuq. Bu, hər birimizdə yeni ildə yeni uğurlar, yeni qələbələr qazanacağımıza böyük ümidlər yaradır.
Muxtar MƏMMƏDOV