23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 60 illik yubileyinə həsr olunmuş “İnkişaf və tərəqqinin 25 ili” adlı sərgi ­keçirilib.

Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, Azərbaycanın gözəl və qədim Naxçıvan diyarında rəssamlıq sənətinə daim böyük maraq olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində burada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülüb, ötən 25 il ərzində bu sahədə ciddi dönüşə nail olunub. Belə ki, Azərbaycanın ilk realist rəssamı, professional dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin adını daşıyan muzey, Rəssamlar Parkı yaradılıb, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonu təşkil edilib, Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət müəllimliyi və rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisasları açılıb, rəssam emalatxanaları yeniləri ilə əvəz edilib, Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə Rəssamlar Birliyinin 40 illik yubileyi geniş şəkildə qeyd olunub, 2019-cu il 25 may tarixli Sərəncama əsasən muxtar respublikanın 95 illik yubileyi ilə əlaqədar Rəsm festivalı keçirilib.
Vurğulanıb ki, göstərilən diqqət və qayğı sayəsində Rəssamlar Birliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən rəsm dərnəklərində ustad dərsləri keçilir və birliyin hamiliyinə verilən ali təhsil müəssisələri tələbələri ilə mütəmadi işlər aparılır, gənc rəssamların iştirakı ilə rəsm festivalları, müsabiqələr, sənət döyüşləri (Art Batle) və plenerlər təşkil olunur. Rəssamlarımız mütəmadi olaraq muxtar respublika, ölkəmiqyaslı, beynəlxalq sərgi və festivallarda doğma Naxçıvanımızı yüksək səviyyədə təmsil edir, onların əməyi dövlətimiz tərəfindən qiymətləndirilir, fəxri adlarla təltif edilirlər. Bu gün qədim diyarımızda aparılan abadlıq, quruculuq, insanların rifahı üçün görülən genişmiqyaslı işlər biz rəssamlar üçün tükənməz ilham mənbəyinə çevrilib.
Ülviyyə Həmzəyeva çıxışının sonunda muxtar respublikada rəssamlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə Rəssamlar Birliyi adından dərin minnətdarlığını bildirib, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif edilməsi və 60 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, cansağlığı, muxtar respublikanın inkişafı naminə göstərdiyi yorulmaz fəaliyyətində uğurlar arzu edib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Memarlar Birliyinin sədri Heydər Əhmədov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Cavid İsmayılov və Həbibə Allahverdiyeva çıxış edərək yazıçı və rəssamlara göstərilən diqqət və qayğıdan danışıb, muxtar respublika rəhbərinə yubiley təbriklərini çatdırıblar.
Sonra sərgiyə baxış olub. Ülviyyə Həmzəyevanın “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin portreti”, Sabir Məmmədlinin “Naxçıvan qurucusu”, Həbibə Allahverdiyevanın “Müdrik ideyaların işıqlı təcəssümü”, Səyyad Bayramovun “Gözəlləşən diyar”, Paşa Rəhimovun “Cənab Sədrimiz” və digər rəsm əsərləri maraqla qarşılanıb.
Qeyd edək ki, 14 rəssamın 60 əsəri nümayiş olunan sərgi bir neçə gün davam edəcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR