23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2019-cu ildə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının xidməti-döyüş fəaliyyətinin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açıb. Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftəliyev hesabat məruzəsi ilə çıxış edib. 2019-cu ildə həyata keçirilən tədbirlər barədə məlumat verdikdən sonra məruzə ətrafında müzakirələr olub.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov yığıncaqda çıxış edib. Bildirib ki, muxtar respublikada Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilir, hərbi qulluqçuların sosial qayğıları aradan qaldırılır. Son illər ərzində briqadanın fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülüb, hərbi hissənin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılıb, ən müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılıb. Hərbi hissə müasir texniki vasitələr, silah-sursat və nəqliyyat vasitələri ilə təmin olunub, hərbi qulluqçuların döyüş və fiziki hazırlığı, xidmət şəraiti, sosial müdafiəsi daha da gücləndirilib. Xidməti ərazi üzrə döyüş tapşırıqlarının operativ icrasının təmin edilməsi məqsədilə Şərur rayonu ərazisində inşa olunan və ayrı yerləşən əməliyyat taborunun qərargah binası, əsgər yataqxanası və hərbçi ailələri üçün yaşayış mənzilləri yüksək standartlar səviyyəsində tikilib başa çatdırılmaq üzrədir.
Qeyd olunub ki, həyata keçirilən məqsədyönlü idarəetmə sistemi və yüksək dövlət qayğısı nəticəsində hərbi hissə ötən dövr ərzində böyük inkişaf yolu keçib. 1995-ci il aprel ayının 10-da yaradılan Daxili Qoşunların Naxçıvan taboru 2002-ci ilin dekabr ayında Alaya, 2014-cü ilin sentyabr ayında isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına çevrilib.
Bu gün briqadada yüksək mənəvi-psixoloji hazırlığa malik əsgər və zabitlər xidmət edirlər. Bunun nəticəsidir ki, təkcə 2019-cu ildə hərbi hissə Naxçıvan Muxtar Respublikasında Türkiyə Respublikasının hərbçiləri ilə birgə təşkil olunmuş “Sarsılmaz qardaşlıq” adı altında keçirilən əməliyyat-taktiki təlimlərdə, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları ilə birlikdə keçirilən “Sərhəd pozucularının axtarılması və tutulması” adlı təlim məşqlərində, eləcə də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları ilə birgə təşkil olunan komanda qərargah təlimlərində uğurla iştirak edib. Bundan əlavə, briqada son iki ildə ardıcıl olaraq Daxili Qoşunların Baş İdarəsi tərəfindən keçirilən inspeksiya yoxlamalarının nəticələrinə görə Daxili Qoşunların hərbi hissələri arasında 1-ci yeri tutub.
Əldə olunmuş nailiyyətlər əvəzsiz qalmayıb, ötən il 13 hərbi qulluqçu medalla təltif edilib, 2 hərbi qulluqçuya həvəsləndirmə qaydasında vaxtından əvvəl hərbi rütbələr verilib.
Nazir qarşıda duran vəzifələrin 2020-ci ildə uğurla yerinə yetirilməsi məqsədilə şəxsi heyətə tapşırıqlarını verib.

*  *  *

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən nazir Tapdıq Əliyev bildirib ki, ötən 2019-cu ilin nəticələrinə əsasən muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi bir il öncəki dövrlə müqayisədə 1,5 faiz artaraq 2 milyard 839 milyon manatdan çox olub. Onun hər bir nəfərə düşən həcmi isə 6 min 202 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq göstəricisinə nisbətən 1,6 faiz çoxdur.
Sənayeləşmə sahəsindəki uğurlardan bəhs edən nazir vurğulayıb ki, 2019-cu ildə sahibkarlıq subyektləri tərəfindən 75 istehsal və xidmət sahəsi istifadəyə verilib, 247 iş yeri açılıb. 62 layihənin icrası davam etdirilib. Yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafına da əhəmiyyətli təsir göstərib. 2019-cu ildə sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olub. Sahibkarlara güzəştli kreditlərin verilməsi, özəl bölmənin maliyyə resursları ilə təmin olunması məqsədilə ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 117 layihənin maliyyələşdirilməsinə 10 milyon 715 min manatdan çox güzəştli kreditlər ayrılıb. Ümumilikdə, həyata keçirilən tədbirlərin nəticəsində bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.
Diqqətə çatdırılıb ki, ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılması sənayenin inkişafına yeni imkanlar açacaqdır. Tələbatın müəyyən hissəsini yerli istehsal hesabına ödəmək məqsədilə sənaye məhəlləsində 6 istehsal korpusu yaradılacaq.
Kənd təsərrüfatı sahəsindəki görülmüş işlərdən də danışan nazir qeyd edib ki, muxtar respublikada bu sahə üzrə innovativ meyarlara uyğun ən müasir tələblərə cavab verən quşçuluq və heyvandarlıq kompleksləri yaradılır. Ötən il dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 3 soyuducu anbarın genişləndirilməsi, 4 soyuducu anbarın yaradılması başa çatdırılıb, bundan əlavə, 1 istixana təsərrüfatı yaradılıb, 3 istixana təsərrüfatının yaradılması isə davam etdirilir. Kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması, yerli resurslardan səmərəli istifadə nəticəsində 2019-cu ildə 507 milyon 641 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub.
Vurğulanıb ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi mövcud potensialdan istifadə etməklə yeni ailə təsərrüfatlarının yaradılmasına, istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına stimul verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin arıçılığın və ailə təsərrüfatlarının inkişafı ilə bağlı imzaladığı müvafiq sərəncamların icrası istiqamətində 2019-cu ildə 87 ailə təsərrüfatına 820 min manat dövlət maliyyə dəstəyi göstərilib. 315 ailə təsərrüfatı 12 min 800-dən çox tara ilə təmin olunub. 2019-cu ildə “Kətə” “Göycə”, “Arıçılıq məhsulları – bal”, “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satış bazarının genişlənməsinə müsbət təsir göstərib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda fondun sədri Əli Quliyev çıxış edərək bildirib ki, 2019-cu il ərzində vergi orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə fondun xəzinə hesabına 77 milyon 807 min manat vəsait daxil olub. Bu da 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 5 milyon 978 min manat və ya 8,3 faiz çoxdur.
Qeyd edilib ki, fond tərəfindən müvafiq dövlət orqanları ilə birlikdə işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət məqsədilə keçirilən monitorinqlər zamanı Naxçıvan Muxtar Respublikasında 355 sahibkarlıq obyektində 620 əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil olunmadığı aşkar edilib, 582 əmək müqaviləsində isə əməkhaqqı artırılıb.
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin gəlirləri üzrə proqnoz tapşırıqlara artıqlaması ilə əməl olunması muxtar respublikada əmək pensiyaları və müavinətlərin də vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaradıb. Ötən il ərzində fondun yerli orqanları tərəfindən, ümumilikdə, 1431 nəfərə əmək pensiyası təyin edilib.
Vurğulanıb ki, hesabat dövründə 48 min 900 nəfərə yaxın əmək pensiyaçısının pensiyalarının sığorta hissəsi 3 faiz artırılıb. Bəhs olunan dövrdə pensiyaların orta aylıq məbləği 237 manat təşkil edib.
“1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 aprel tarixli Sərəncamına müvafiq olaraq muxtar respublika üzrə bu kateqoriyadan olan pensiyaçılara, ümumilikdə, 390 min 500 manat vəsait ödənilib.
Fondun sədri diqqətə çatdırıb ki, ötən il ərzində muxtar respublika üzrə kənd yerlərində yaşayan 190 əmək pensiyaçısının istəkləri nəzərə alınmaqla, onların pensiyaları poçt bölmələri vasitəsilə ödənilib.
Hesabat dövründə sosial sığorta şəhadətnaməsi ilə təmin edilmiş sığortaolunanların sayı 177 min 450 nəfərə çatıb.
İclas məruzə ətrafında çıxışlarla davam edib.

*   *   *

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində keçirilən iclası idarənin rəisi-auditor Hafiz İsmayılbəyli açıb. Bildirib ki, idarə tərəfindən ötən il Naxçıvan Muxtar Respublikası büdcəsinə maliyyə-büdcə nəzarət tədbirləri çərçivəsində 10 müəssisə, idarə və təşkilatlar üzrə audit tədbirlərinin planlaşdırılması, proqramları, işçi planları hazırlanaraq kənar dövlət maliyyə nəzarəti həyata keçirilib. Eyni zamanda ötən il ərzində 9 müəssisə, idarə və təşkilat üzrə analitik təhlil aparılıb.
Qeyd edilib ki, audit tədbirlərinin əhatə etdiyi büdcə vəsaitlərinin 14,7 faizi mərkəzi icra hakimiyyəti orqanları və onların tabeli qurumları, 67,6 faizi elm, 14,1 faizi kənd təsərrüfatı, 3,6 faizi isə sosial müdafiə və sosial təminat müəssisələri tərəfindən icra olunub. İdarə tərəfindən 9 təşkilat üzrə aparılan analitik təhlilin hamısında maliyyə hesabatlarının düzgün doldurulmadığı müəyyən edilib. Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təşkilatlara məktub göndərilib.
Vurğulanıb ki, “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinə dair rəy hazırlanaraq Ali Məclisə təqdim edilib. Gələcək dövrlərdə də dövlət büdcə-maliyyə nəzarətinin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və səlahiyyətləri daxilində icra edilməsi, ekspert-analitik fəaliyyətin həyata keçirilməsi, maliyyə-büdcə ekspertizası ilə bağlı audit aparılması təmin ediləcəkdir.
İclas məruzə ətrafında çıxışlarla davam edib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi Namiq Paşayev məruzə ilə çıxış edib. Bildirib ki, bəhs olunan dövrdə xidmət tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılıb. Tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, müxtəlifgərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib.
Diqqətə çatdırılıb ki, muxtar respublikada mövcud olan bütün su elektrik stansiyalarında, transformator yarımstansiyalarında aşkarlanan nöqsanların aradan qaldırılması təmin olunub. Həmin obyektlərin müəyyən edilmiş texniki tələblərə cavab verməsi üçün istismar müddəti başa çatmış hissələr yeniləri ilə əvəzləşdirilib.
Qeyd olunub ki, ötən il 23 yeni transformator yarımstansiyası fəaliyyətə başlayıb. Smartkarttipli sayğacların sayı 25 min 156-ya çatdırılıb.
Məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR