23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanın qədim torpağı Naxçıvan şəhərsalma tarixinin 5 min, muxtariyyətinin 95 yaşlı qocamanıdır. Böyük İpək yolu üzərində yerləşməsi və bəşər tarixinə misilsiz töhfələr verməsi ilə bu diyar zamanın bütün dövrlərində maraq dairəsində olmuşdur. Bu maraq sahiblənmək istəyənlərin daim həmlələri, yürüşləri ilə diyarımızı əldə etmək arzularına çevrilsə də, Naxçıvan əzmkarlıq nümayiş etdirməklə hər zaman özünü müdafiə etməyi, var olmağı bacarmışdır. Tarixin təkrar olunaraq XX yüzilliyin sonunda böyük çətinliklərlə üz-üzə qoyduğu muxtar respublika xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, misilsiz dühası sayəsində qorunmuş, yaşamış, üstəlik daha yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Yeni inkişaf mərhələsi ulu öndərin ən yaxın çevrəsində zəngin dövlətçilik məktəbi keçən, böyük təcrübəyə yiyələnən, onun davamçısı olmaq etimadı qazanan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilmişdir. O inkişaf mərhələsi ki, 25 il bundan əvvəl söylənilən “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm” dəyərli kəlama əməli xidmətlə və bir də yüksək prinsipiallıq, vətənpərvərlik, yorulmaz fəaliyyət, böyük iradə və əzmlə Naxçıvanı hərtərəfli tərəqqiyə qovuşdurmuşdur.

30 ilə yaxın blokada şəraitində yaşayan Naxçıvanın inkişaf konsepsiyası ötən illər ərzində gələcəyə hesablanmış prioritetlər üzərində qurulmuşdur. Perspektiv planlar əsasında mərhələli şəkildə həyata keçirilən və əsas məqsədi insan amilinə xidmət edən tədbirlər hələ blokadanın ilk illərindən muxtar respublika əhalisinin yaxşı yaşamasına, maddi-rifah halının yüksəldilməsinə, sosial qayğılarının həllinə yönləndirilmişdir. Bu, ötən 25 illik zamanın hər ilində, günündə dolğun şəkildə hiss olunmaqla Ali Məclis Sədrini bu diyarın insanlarının Qurucu Rəhbərinə çevirmişdir.

 Ulu öndərin quruculuq siyasətinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi blokada şəraitində də hərtərəfli inkişafın mümkünlüyünü göstərməklə bugünkü qədimliyi qorunub saxlanılmaqla müasirləşən Naxçıvanın naxçıvanlılara töhfəsi oldu. Ötən illər Ali Məclis Sədrinin dediyi kimi bir də onu təsdiqləmiş və sübuta yetirmişdir ki, blokada heç də qurub-yaratmaq, işləmək üçün maneə ola bilməz.

Muxtar respublikada quruculuq işlərinə ucqarlardan başlanılması, rayon mərəkəzlərindən və şəhərlərdən infrastruktur cəhətdən xeyli geridə qalmış və əhali sıxlığı daha çox olan kəndlərdə insanların yaşayış şəraitinin yaxşılaşması üçün atılan mütərəqqi addım olmuşdur. Bu yaşayış məntəqələrində yeni təhsil, səhiyyə, mədəniyyət obyektlərinin tikilməsi, yolların abadlaşdırılması, körpülərin salınması, ilk növbədə, kəndlə şəhər arasındakı fərqi aradan qaldırmışdır. Ötən illərin kəndlərimizdə yaşayan insanlara ən böyük ərmağanı isə yeni infrastruktur layihəsinin tətbiqi ilə kənd mərkəzlərinin tikintisi olmuşdur. Bir neçə xidmət obyektlərinin cəmləşdirildiyi kənd mərkəzlərinin əhəmiyyəti ondan ibarətdir ki, əvvəlki illərdə hər hansı bir sənəd, poçt, rabitə xidməti, sağlamlıqla bağlı yaranan problem üçün rayon mərkəzlərinə üz tutan insanlar əlavə xərc çəkmədən və vaxt itirmədən yaşadıqları ərazidə bütün bunları yüksək səviyyədə həll etmək imkanı qazandılar. Blokadanın ilk illərində işsizlik ucbatından kəndləri tərk edib ölkənin başqa regionlarına və yaxud qonşu ölkələrə işləməyə gedənlər bu qayğı ilə yenidən doğma kəndlərinə qayıtdılar. Ümummilli liderin Naxçıvanda başladığı torpaq islahatı ilə artıq torpaq sahibi də olan kənd adamlarına bu diqqət və qayğı yeni yaşam stimulu olmuşdur. Artıq bu gün dağ-sərhəd kəndlərində yaşayan sakinlər də şəhərtipli səhiyyə və mədəniyyət müəssisələrindən istifadə edir, yüksək­sürətli internet xidmətlərindən yararlanır, rayon mərkəzləri və ya paytaxt Naxçıvan şəhərinə rahat yollarla gedib-gəlirlər. Kənd yaşayış məntəqələrində yaradılmış yeni xidmət mərkəzləri əhalinin keyfiyyətli yerli ərzaq və təsərrüfat malları ilə təminatına, müxtəlif iaşə xidmətlərindən istifadəsinə geniş imkanlar açmışdır. 

1995-ci ildən bu günədək muxtar respublikanın sosial-iqtisadi mənzərəsinə nəzər saldıqda görünən odur ki, genişmiqyaslı tikinti-quruculuq işləri ilə şəhər və kəndlər abadlaşdırılmış, yeni yollar, körpülər salınmış, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, idman kompleksləri, əyləncə mərkəzləri, parklar istifadəyə verilmişdir. Bütün yaşayış məntəqələrində müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilmişdir. Bu, muxtar respublikada ötən 25 ildə ən əsas prioritetin insan amili olmasının təsdiqidir.

Elm və təhsil quruculuğu inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” 2019-cu il 7 sentyabr tarixli Sərəncamı elm adamlarına böyük töhfə olmuşdur.

Ali Məclis Sədrinin proqmatik planına əsasən muxtar respublikada inkişaf konsepsiyasının ən başlıca amillərindən biri təhsil islahatı olmuşdur. Ötən dövrdə müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən artıq məktəb binası istifadəyə verilmiş, orta ixtisas və ali təhsil müəssisələri üçün yeni tədris korpusları tikilmiş, 2 universitet şəhərciyi salınmış, peşə təhsili müəssisələri yaradılmışdir. Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası artıq öz bəhrəsini vermişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində muzeylərlə təhsil müəssisələri arasında interaktiv dərslər təşkil edilir, şagirdlər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər. Tədrisdə yeni texnologiyalar tətbiq olunmuş, 600-dən artıq elektron lövhə quraşdırılmış siniflər, internetə çıxışı olan 7 minə yaxın kompüter, müasir laboratoriyalar və zəngin fonda malik kitabxanalar şagird və tələbələrin istifadəsinə verilmişdir. Məqsəd vətənpərvər və təhsilli, milli dəyərlərə sadiq gənc nəsil yetişdirməkdir.

İctimai-siyasi, iqtisadi-mədəni həyatda gənclərin fəal iştirakı, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi diqqət mərkəzində saxlanılmışdır. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, gənclərin həyat şəraitinin, xüsusilə onların mənzil təminatının yaxşılaşdırılması göstərilən qayğının daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi 2019-cu il aprelin 3-də “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” imzaladığı Sərəncam ali və orta ixtisas məktəblərindəki ixtisasların hamiliyə verilməsi, kadr potensialının dəstəklənməsi ilə yanaşı, həm də gənclərin istedadlarının üzə çıxarılması, ideyalarının diqqətə alınması və ilkin startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addım olmuşdur. 

         Ali Məclis Sədrinin fəaliyyət proqramının əsasını təşkil edən ən vacib məsələlərdən biri də əhalinin sağlamlığı olmuşdur. Sağlam həyatsız sağlam gələcəyin mümkün olmadığını vurğulayan muxtar respublika rəhbəri Naxçıvan şəhərindən ta ən ucqar kəndlərə kimi yeni tibb ocaqlarının tikilməsini, yeni avadanlıqlarla təchizatını, ümumilikdə, səhiyyə sisteminin müasirləşdirilməsini günün ən aktual məsələsi hesab etmişdir. Elə buna görə də muxtar respublikada insanların sağlamlıqlarının qorunması istiqamətində kompleks tədbirlər görülmüş, son illər burada 200-dən çox tibb müəssisəsi istifadəyə verilmiş, ixtisaslı tibbi kadrların hazır­lanmasına başlanılmışdır. Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi, Uşaq Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzləri, rayon mərkəzi xəstəxanaları, kəndlərdəki həkim ambulatoriyaları və feldşer-mama məntəqələri ən müasir tibbi avadanlıqlar və yeni binalarla təmin olunmuş, əhalinin müalicə və müayinəsi üçün bütün şərait yaradılmışdır. Səhiyyə sahəsində daha mütərəqqi addım isə muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə başlanması olmuşdur. Ali Məclis Sədrinin fərman və sərəncamları ilə 2017-ci ildən Sədərək , 2019-cu ildən isə Şərur, Kəngərli, Şahbuz rayonlarında icbari tibbi sığorta tətbiq olunur. Adıçəkilən rayonlarda sığortaolunanların baza zərfinə 18 ilkin səhiyyə, 5 təcili və təxirəsalınmaz, 471 ambulator, 285 laborator müayinə, 23 fizioterapevtik, 600 stasionar və 123 həyativacib olmaqla, ümumilikdə, 1525 tibbi xidmət daxil edilib. Ötən il, həmçinin Ordubad, Babək rayonlarında və Naxçıvan şəhərində də icbari tibbi sığortanın tətbiqinə başlanılmış, bununla bağlı xəstəxana və həkim ambulatoriyaları yenidən təmir olunmuş, maddi-texniki bazaları gücləndirilmiş, tibbi xidmətin keyfiyyətini gücləndirmək məqsədilə müasir tibbi cihaz və avadanlıqlar quraşdırılmışdır. İcbari tibbi sığorta ilə bağlı qürurla vurğulanmalı bir məqam da vardır. Bu, tibbi sığortanın tətbiq olunduğu rayonlarda tibb işçilərinin əmək haqlarının 50 faiz artırılmasıdır. Sürətlə və yüksək keyfiyyətlə davam edən tədbirlər, ümumilikdə, Naxçıvan Muxtar Respublikasının icbari tibbi sığortanın tətbiqinə hazır olduğunu deməyə əsas verir.

Bu gündən blokadanın ilk illərinə nəzər saldıqda, ötən əsrin 90-cı illərində muxtar respublikanın ən böyük probleminin onun təhlükəsizliyi ilə bağlı olduğunu xatırladıqda bugünkü sabitlik, əmin-amanlığı, Naxçıvanın təhlükəsiz bir zonaya çevrilməsini hər bir naxçıvanlı minnətdarlıq hissi ilə qarşılayır. Ötən 25 ildə insanlara bundan böyük qayğı nə ola bilərdi? Əgər 90-cı illərdə ulu öndər Heydər Əliyevin qətiyyəti, nüfuzu və naxçıvanlıların onun ətrafında sıx birləşməsi nəticəsində qədim diyarın ərazi bütövlüyü qorunub saxlanılmışdısa, sonrakı illərdə bu missiyanı güclü ordu həyata keçirməli idi. Muxtar respublikada təməli ulu öndərimiz tərəfindən qoyulan xalq-ordu birliyi ötən dövrdə daha da möhkəmləndirilmiş, ordu quruculuğu sahəsində görülən işlər yeni mərhələyə qədəm qoymuş, təhlükəsizliyin qarantı olan Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Ötən dövrdə ordumuz ən müasir silah və texnikalarla təmin olunmuş, şəxsi heyətin peşəkarlığı dəfələrlə artırılmışdır. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu 2018-ci ildə işğal altında olan Şərur rayonunun Günnüt kəndinə və ətraf ərazilərə, mühüm geostrateji yüksəkliklərə nəzarəti bərpa etmişdir. 

Blokadanın ilk illərində ciddi problemlər məngənəsində sıxılıb qalan muxtar respublikanın ən böyük çətinliklərdən biri də elektrik enerjisi ilə bağlı idi. Əvvəllər enerji qıtlığından çox böyük əziyyət çəkən muxtar respublikanın ötən dövrdə əldə etdiyi uğurlardan biri də enerji təhlükəsizliyinin təmin edilməsidir. Bu, naxçıvanlıları qaranlıq illərdən işıqlı illərə çıxaran cənab Vasif Talıbovun illərlə həyata keçirdiyi gərgin əməyi nəticəsində reallaşmışdır. Bir zamanlar enerjini idxal hesabına əldə edən Naxçıvan Muxtar Respublikası indi enerji ixracatçısına çevrilib. 2006-cı ilin dekabrında Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ilin oktyabrında Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə Şərur rayonu ərazisində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istismara verilmişdir. 2015-ci ildə 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur. 2018-ci ildə ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 88,5 faizi muxtar respublikada istehsal olunmuşdur. 2019-cu ildə isə Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə Günəş Elektrik Stansiyası, Babək rayonunda yarımstansiya istifadəyə verilmiş, Ordubad rayonunda Ordubad Su Elektrik Stansiyasının, Şərur rayonunda yarımstansiyanın, Kəngərli rayonunun Qabıllı kəndində 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir. Hazırda tikintisi davam edən 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası fəaliyyətə başladıqdan sonra muxtar respublika özünü 100 faiz alternativ və bərpaolunan enerji ilə təmin edəcəkdir.

Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada sənayenin inkişafına da əsaslı zəmin yaratmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 20 il bundan əvvəl 15 növdə məhsula olan tələbatı yerli imkanlar hesabına ödənilən Naxçıvan Muxtar Respublikasında hazırda 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal ­hesabına ödənilir. Bu gün muxtar respublikada özəl bölmənin inkişafına hərtərəfli qayğı göstərilir ki, bu da sahibkarların formalaşması ilə nəticələnmişdir. Ümumi daxili məhsul istehsalında bu sahənin payı artmış, hər il yeni istehsal müəssisələri fəaliyyətə başlamışdır. Dövlət sahibkara güzəştli kreditlər verir, şərait yaradır, daxili bazarı qoruyur. Sahibkar da keyfiyyətli məhsul istehsal edərək tələbatın ödənilməsinə və iqtisadi inkişafa öz töhfəsini verir. Muxtar respublikada təbii xammal ehtiyatlarının böyük potensiala malik olması emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə və sənayenin inkişafına da əhəmiyyətli təsir göstərmiş, istehsal edilən sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olmuşdur. Naxçıvanın iqtisadi potensialının durmadan artmasının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olmuşdur. 

Təbii ki, enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün də geniş imkanlar açmışdır. Hansı ki, blokadanın ilk illəri paytaxtla quru yol vasitəsilə əlaqələrin, elektrik enerjisinin, təbii qazın kəsilməsi, mövcud infrastrukturun dağılması bu sahəni iflic vəziyyətinə salmışdı. Bu çətinliyə də sinə gərilən muxtar respublikada ərzaq təhlükəsizliyinin və özünüməşğulluğun təmin edilməsində əsas sahələrdən biri olan kənd təsərrüfatının inkişafı istiqamətində həyаtа kеçirilən kompleks islаhаtlаr, qəbul edilmiş dövlət pro­qramlarının uğurlu icrası, subsidiyaların verilməsi, müasir texnologiyaların tətbiqi, meliorasiya və irriqasiya sistemlərinin texniki imkanlarının genişləndirilməsi, keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi əkinçiliyin inkişafına öz təsirini göstərmişdir. Nəticədə, fermer və torpaq mülkiyyətçiləri hərtərəfli qayğı ilə əhatə olunmuş, yerli istehsalın həcmi artırılmış, sağlam rəqabət mühiti yaradılmışdır. Əgər əvvəllər Naxçıvanda əkilən ərazilər məhdud ölçü­də idisə, indi bu ərazilər muxtar respublikanın böyük bir hissəsini əhatə edir. Min hektarlarla torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, mütərəqqi suvarma şəbəkələrinin qurulması, qəbul edilən dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatı məhsullarının artımına imkan yaratmışdır. 2014-cü ildən muxtar respublikamızda mütərəqqi suvarma sistemlərinin tətbiqi ilə indiyədək 4479 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Suvarılan torpaqların sahəsi dəfələrlə genişlənmiş, texnika və gübrə təminatı ən yüksək səviyyəyə çatmış, Naxçıvanda kənd təsərrüfatı əhalinin əsas məşğuliyyət sahəsinə çevrilmişdir. Nəticədə isə fərdi təsərrüfatların sayı çoxalmaqla, inkişaf etməklə çoxsaylı ailə təsərrüfatları yaradılmışdır. 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması əsas məqsəd insan amili olan diyarımızda zəhmət adamlarına dəyər faktorunu da təsdiqləmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatının inkişafı ilə bağlı Tədbirlər Planı”nın 2019-cu il 18 yanvar tarixli Sərəncamla yenilənməsi, ailə təsərrüfatlarını dəstəkləmək məqsədilə 87 ailə təsərrüfatına 820 min manata yaxın güzəştli kredit verilməsi, Ailə Təsərrüfatları İctimai Birliyinin yaradılması sübut etdi ki, muxtar respublikamızda alimə, həkimə, müəllimə və zəhmət adamına eyni qayğı ilə yanaşılır. “Ailə təsərrüfatı məhsulları” festivalları ilə yanaşı, “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları – bal” festivallarının hər birində Ali Məclis Sədrinin iştirakı, ailə təsərrüfatçıları ilə söhbətləri, istehsal etdikləri məhsullara qiymət verməsi, onların qayğıları ilə əlaqədar elə yanlarındaca aid qurumlara verdiyi tapşırıqlar ilə cənab Vasif Talıbov zəhmət adamlarının ən yaxın dostuna, himayədarına çevrilmişdir. Festivallarda zəhmət adamlarının mükafatlandırılması, ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların brend­ləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması, “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatlarının taralarla təchiz olunması istehsal olunmuş məhsulun həm bazara itkisiz çatdırılmasına, həm də böyük alıcı rəğbətinin qazanılmasına imkan vermişdir. Bu gün muxtar respublikamızda 4000-ə yaxın ailə təsərrüfatı vardır ki, onların da 1000-ə yaxını ən qabaqcıllarıdır.

Naxçıvan bu gün başdan-başa yaşıllıqlara, gülkarlıqlara bürünən, öz qonaqlarını güllərlə qarşılayıb, güllərlə yola salan bir diyara çevrilmişdir. Bütün bunlar yurduna, torpağını bağlı olan insanların illərdən bəri çəkdikləri zəhmətinin bəhrəsi, keçirilən ümumxalq iməciliklərinin nəticəsidir. Bir vaxtlar əlacsız insanların övladlarını qışın soyuğundan qorumaq üçün kəsib sobalarda yandırdıqları ağacların məhvi ilə ucsuz-bucaqsız boş sahələr indi onların öz əlləri ilə yaşıllıqlara qərq olub. Muxtar respublika ərazisində son 26 ildə 19 min hektardan çox sahədə meyvə bağları, meşə massivləri, yaşıllıq zolaqları salınmış və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət tədbirləri nəticəsində meşə və qeyri-meşə fondu ərazilərində yaşıllıqların sahəsi 1990-cı illərlə müqayisədə 0,6 faizdən 20 faizədək artırılmışdır.

         Bu gün Naxçıvan dedikdə ilk ağıla gələn sabitlik, inkişaf və müasirlikdir. İnsanlar burada rahat və firavan yaşayırlar. Kənardan gələn qonaqlar Naxçıvanın blokadada olduğunu eşitdikdə onlarda yaranan təsəvvürlər özlərinin də qeyd etdiyi kimi elə ilk baxışdaca tamamilə dəyişir. Naxçıvanda bu gün zəhməti, göstəriciləri, sağlamlığı ilə bağlı hər bir insan qayğı ilə əhatə olunmuşdur. Çünki çəkilən zəhmət yalnız insan amilinə xidmət etməkdən ibarətdir. Muxtar respublikada əməyi ilə fərqlənənlər yüksək fəxri adlara, təqaüdlərə layiq görülür. Fəal gənclər dövlət idarələrində irəliyə çəkilirlər. Gənclərin mənzil-məişət şəraiti ildən-ilə yaxşılaşır, onlar üçün yaşayış kompleksləri salınır, gənc ailələr üzünmüddətli ipoteka krediti ilə ev sahibinə çevrilirlər. Fiziki imkanları məhdud insanların, evdar qadınların məşğulluğu üçün müxtəlif layihələr həyata keçirilir.

         Naxçıvan artıq dünyanın hər yerindən turistləri özünə cəlb edən bir məkana çevrilmişdir. Turizmin kompleks şəkildə və davamlı inkişafını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi muxtar respublikaya gələn turistlərin sayını ildən-ilə artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın və Ali Məclis Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaratmaqdadır. Ötən il Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi istifadəyə verilmiş, Culfa rayonunda Darıdağ arsenli su müalicə kompleksinin, Naxçıvan şəhərində “Sahil Parkı”nın yaradılması turizmin inkişafı ilə bağlı görülən işlərin davamı olmuşdur. Görülən işlərin və yaradılan şəraitin nəticəsidir ki, 2019-cu ilin ötən dövründə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 416 minə yaxın turist gəlmişdir. Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” isə Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil etmişdir. 

Bu gün çoxsaylı turistlərin marağına səbəb olan bu qədim diyarın tarixi və zəngin mədəni irsinin qorunması, yaşadılması böyük zəhmət hesabına mümkün olmuşdur. Naxçıvanda bir vaxtlar milli və mənəvi dəyərlərimizi əks etdirən abidələrimiz dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ali Məclis Sədrinin qayğısı ilə ötən dövrdə muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılmış, 70-dən artıq dünya əhəmiyyətli abidə bərpa olunmuşdur. Ali Məclis Sədrinin sərəncamına­­ uyğun olaraq 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun keçirilməsi Naxçıvan tarixinin öyrənilməsi baxımından əhəmiyyətli olmuş, sonrakı illərdə keçirilən beynəlxalq konfrans və simpoziumlar qədim tariximizin, mədəniyyətimizin və təbii sərvətlərimizin öyrənilməsində mühüm rol oynamışdır.

Ötən illər ərzində Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparılmış, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələr nəşr edimliş, Ali Məclis Sədrinin sərəncamları ilə görkəmli alim və pedaqoqların, yazıçı və şairlərin, tarixi şəxsiyyətlərin ədəbi-bədii, elmi-publisistik və maarifçilik fəaliyyətləri öyrənilmişdir. Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyət, incəsənət və digər sahələrin görkəmli nümayəndələrinin Ali Məclisin Sədrinin sərəncamları ilə yubileylərinin qeyd olunması Naxçıvanda xalqımızın dünəninə verilən dəyər, eyni zamanda tarixi-mədəni irsimizin qorunub yaşadılmasıdır.

Bu gün Naxçıvanın minillik tarixi olan mədəni irsinin beynəlxalq səviyyədə tanınması da böyük zəhmətin uğurlu nəticəsidir. Ali Məclis Sədrinin qayğısı ilə YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. 2018-ci ildə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilməsi, Naxçıvanda “Avropa günləri”, Türk Şurası Gənc Liderlərinin ilk forumu, eləcə də TÜRKSOY-un “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda ilk dəfə beynəlxalq konfransın keçirilməsi, Naxçıvan beynəlxalq idman tədbirlərinə, elmi konfranslara, festivallara ev sahibliyi etməsi bu qədim diyarın nüfuzunun ildən-ilə yüksəlməsinə səbəb olmuşdur.

Blokadanın ilk illərində, eyni zamanda informasiya blokadasına da məruz qalan Naxçıvanda ötən illər ərzində kütləvi informasiya vasitələrinin təşkili sahəsində mühüm işlər görülmüş, teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilmişdir. Nəticədə isə muxtar respublikanın kütləvi informasiya vasitələri dünyanın bütün müasirlik və yeniliklərini özündə ehtiva edən bir sahəyə çevrilmişdir. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Naxçıvan Dövlət Televiziyasında yeni studiyanın qurulması, müasir çəkiliş və yayım avadanlıqlarının alınması isə bu sahəyə göstərilən qayğının davamıdır. 

2019-cu ildə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər davam etdirilmiş, makroiqtisadi göstəricilər artmışdır. Ötən il muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında əlamətdar hadisələrlə yadda qalmış, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi qeyd olunmuş, bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuşdur. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2020-ci ildə də Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter alacaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına imkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”.

Naxçıvanın bugünkü ümumi mənzərəsi isə ümummilli liderimiz Heydər Əliyevin dəyərli fikirlərini xatırladır: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bəli, bu gün Naxçıvan xalqımızın ümummilli lideri Heydər Əliyevin arzularının reallaşdığı məkandır. Muxtar respublika rəhbərinin ötən 25 illik qətiyyətli fəaliyyəti, ötən il Azərbaycanda hakimiyyətə gəlməsinin 50 ili tamam olan böyük dövlətçilik təcrübəsinə malik ulu öndərin prinsiplərinə, ideya və əməllərinə sonsuz sədaqəti ilə Naxçıvanda dahi şəxsiyyətin planları, arzuları gerçəkləşmişdir. Ulu öndərin arzularını reallaşdırmaq isə yalnız cənab Vasif Talıbov kimi dövlət xadimlərinin bacara biləcəyi bir missiya olmaqla yanaşı, həm də hər kəsə nəsib olmayan böyük xoşbəxtlikdir. 

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR