23 Dekabr 2024, Bazar ertəsi

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz tarixinin çətin günlərini yaşayırdı. İşğalçı ermənilər tərəfindən blokadaya alınmış Naxçıvan daha ağır vəziyyətdə idi. Yollar bağlanmış, əlaqələr kəsilmiş, insanların yaşaması üçün vacib olan zəruri vasitələr problemə çevrilmişdi. Məhz belə bir zamanda dünya şöhrətli siyasətçi, qüdrətli dövlət xadimi Heydər Əliyev Mos­kvadan Naxçıvana qayıtdı. 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti muxtar respublikanın düşdüyü ağır vəziyyətdən çıxarılmasına, təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir. Qarşıya qoyulan bütün məsələlər ulu öndər Heydər Əliyev uzaq­görənliyi, cəsarət və qətiyyəti sayəsində həll edildi, Naxçıvan qorundu, onun düşmən əlinə keçməsinə imkan verilmədi.

Ulu öndərin quruculuq xəttinin davamı sonrakı dövrlərdə də muxtar respublikanın inkişafını təmin etdi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan hərtərəfli inkişafa qovuşdu. Ötən dövrdə ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsi, əzmkarlıq, siyasi iradə və ən əsası yüksək vətən­pərvərlik nümunəsi blokada şəraitində də hərtərəfli inkişafın mümkünlüyünü göstərdi. Daxili imkanlardan səmərəli istifadə olundu, həyata keçirilən sabitləşmə, dönüş və inkişaf konsepsiyası iqtisadi və sosial müstəvidə yüksələn xətlə davam etdirildi, iqtisadiyyatda müsbət meyillər daha da möhkəmləndirildi.
Muxtar respublikada inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası mühüm əhəmiyyət kəsb etmişdir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilmiş iqtisadi islahatlar qısa dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermişdir. İqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı 2018-ci ildə 2 milyard 773 milyon manat olmaqla, 2003-cü ildəki müvafiq göstəricini 16,5 dəfə üstələmişdir.
İqtisadi və sosial sahədə bütün makroiqtisadi göstəricilərin yüksəlişi təmin edilmiş, ümumi daxili məhsulun həcmi dəfələrlə artmışdır. Muxtar respublika iqtisadiyyatında prioritet sahə kimi qəbul edilən sənaye aparıcı rola malikdir. 2003-cü illə müqayisədə 2018-ci ildə sənaye məhsulu 56,3, əsas kapitala yönəldilən vəsaitlər 16,1, kənd təsərrüfatının ümumi məhsulu 6,7, nəqliyyat sektorunda yük daşınması 2,8, informasiya və rabitə xidmətləri 11,8, pərakəndə əmtəə dövriyyəsi 17, əhaliyə göstərilən ödənişli xidmətlər 17,2, ixrac 101,8, əhalinin gəlirləri 11, hər bir nəfərə düşən gəlirlər 9, orta aylıq əməkhaqqı isə 11,3 dəfə artmışdır.
Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi təmin edilmişdir. Ötən dövrdə Babək rayonunda 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, Ordubad rayonunda 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” Su Elektrik Stansiyası, 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyası, Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə Su Elektrik Stansiyası tikilmiş, 60 meqavat gücündə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası yenidən qurulmuşdur. 2017-ci ildə Naxçıvan Günəş Elektrik Stansiyasının gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılmışdır. Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası tikilmişdir. Hazırda Ordubad rayonunda gücü 36 meqavat olan Su Elektrik Stansiyasının və ­Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilir. Bu gün Azərbaycan Respublikası üzrə Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin 78 faizdən çoxu muxtar respublikanın payına düşür. Eyni zamanda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş ölkələr üçün çox nadir göstərici hesab edilir.
Muxtar respublikanın təbii qazla təmin edilməsi sahəsində də böyük uğurlar qazanılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin bila­vasitə himayə və qayğısı nəticəsində 2005-ci ildə İrandan mübadilə yolu ilə muxtar respublikaya təbii qazın verilməsinə başlanılmış, qısa müddət ərzində Naxçıvan tamamilə qazlaşdırılmışdır.
Ölkəmizdə yaranmış sabitlik, iqtisadi sahədə əldə olunmuş nailiyyətlər muxtar respublikada tikinti-quraşdırma və abadlıq sahəsində də əsaslı işlər görməyə şərait yaratmışdır. Yaranmış şəraitdən düzgün istifadə edilmiş, çoxsaylı inzibati binalar, sosial obyektlər tikilmiş, yüksək səviyyədə quruculuq və abadlıq işləri görülmüşdür. 2004-2018-ci illər ərzində muxtar respublikada 294 inzibati bina, 52 nasos stansiyası, 162 subartezian quyusu, 72 körpü, 160 elm və təhsil müəssisəsi, o cümlədən 34 min 204 şagird yerlik 111 ümumi təhsil məktəbi, 260 mədəniyyət obyekti, 194 səhiyyə müəssisəsi, 21 idman obyekti, sağlamlıq imkanları məhdud, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 300 fərdi ev, 859 istehsal və xidmət obyekti tikilmişdir.
Muxtar respublika iqtisadiyyatında kənd təsərrüfatı hər zaman öncül mövqeyini qorumuş, əhalinin ərzaq məhsullarına, emal müəssisələrinin isə xammala olan tələbatının ödənilməsindəki rolu, həmçinin əhali məşğulluğunun təmin olunmasındakı əhəmiyyəti nəzərə alınaraq bu sahənin inkişafı diqqət mərkəzində saxlanılmışdır. Aqrar sektorun inkişafı istiqamətində istehsalçılara dövlət maliyyə yardımlarının göstərilməsi, meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi, gübrələrin güzəştlə çatdırılması, səmərəli kreditləşdirmə mexanizminin formalaşdırılması, lizinqin inkişafının dəstəklənməsi, yeni satış bazarlarının təşviqi, yeni emal müəssisələrinin yaradılması kənd təsərrüfatı sahəsində iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə ­artırmışdır.
Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq yerli istehsalın əhatə dairəsi genişləndirilmiş, daxili bazarda məhsul bolluğu yaradılmışdır. Muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir, ixrac potensialı getdikcə artır. Bir sözlə, enerji təhlükəsizliyi kimi, ərzaq təhlükəsizliyi də təmin edilmişdir.
Muxtar respublikanın sosial-­iqtisadi inkişafının sürətlənməsində nəqliyyat və rabitə sahələrinin də xüsusi yeri vardır. Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq son 15 ildə muxtar respublikada 2027,2 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuşdur. Bununla yanaşı, 116 körpü tikilmiş və ya yenidən qurulmuşdur. Bu sahədə infra­strukturun yenilənməsi istiqamətində böyük layihə kimi Culfa-­Ordubad magistral avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 99,1 faizində genişzolaqlı internet, 99,5 faizində isə simsiz internet xidmətləri göstərilir. Mövcud telekommunikasiya şəbəkəsinin 98 faizi optik şəbəkəyə birləşdirilmişdir. Muxtar respublikada informasiya və rabitə sahəsində daha bir yenilik kimi 2016-cı ildə “Naxtel” dördüncü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilmiş, “Evədək optika”, “Elektron hökumət”, “Elektron imza”nın tətbiqinə başlanılmışdır.
Muxtar respublikada ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Hazırda muxtar respublikanın ümumi ərazisinin 20 faizə yaxınını yaşıllıqlar əhatə edir. 1990-cı ildə isə bu göstərici 0,6 faiz həddində olmuşdur. Muxtar respublikanın 27 faizə qədər təbiət ərazisi xüsusi mühafizə olunan ərazidir.
Hər bir cəmiyyətin ən qiymətli sərvəti onun sağlam üzvləridir. Naxçıvanda həyata keçirilən səhiyyə islahatlarının mərkəzində də insan amili dayanır. Son illər burada 200-ə yaxın tibb müəssisəsi istifadəyə verilmiş, onlar ən müasir tibbi avadanlıqlarla təmin olunmuşdur. İcbari tibbi sığortanın tətbiqinə başlanmışdır.
Xalqların və dövlətlərin sürətli inkişaf yolu təhsildən keçir. Təsadüfi deyildir ki, hələ vaxtilə ulu öndər Heydər Əliyev cəmiyyət həyatında təhsilin rolunu yüksək qiymətləndirərək demişdir ki, “Təhsil millətin gələcəyidir”. Ölkə Prezidenti cənab İlham Əliyev isə təhsilə “Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə” kimi yüksək dəyər vermişdir. Ötən dövrdə muxtar respublikada müasir informasiya texnologiyaları ilə təmin olunmuş yeni məktəb binaları istifadəyə verilmiş, orta ixtisas və ali təhsil müəssisələri üçün yeni tədris korpusları tikilmiş, 2 universitet şəhərciyi salınmış, peşə məktəbləri yaradılmışdır. Tədrisdə yeni texnologiyalar tətbiq olunmuş, 600-dən artıq elektron lövhə quraşdırılmış siniflər, internetə çıxışı olan 7 minə yaxın kompüter, müasir laboratoriyalar və zəngin fonda malik kitabxanalar şagird və tələbələrin istifadəsinə verilmişdir.
Ulu öndərimizin ölkəmizdə elmin inkişafı sahəsində qəbul etdiyi mühüm qərarlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması barədə 2002-ci il 7 avqust tarixli Sərəncamdır. Ümummilli liderin müdrik qərarından sonra muxtar respublikada elm yeni inkişaf mərhələsinə yüksəlmiş, elmi tədqiqatların səmərəliliyi xeyli artırılmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub.
Muxtar respublikada Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, 3 ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi, internet resurslarının və elmi kitabxanaların formalaşdırılması, təhsil və elm müəssisələri arasında interaktiv əlaqələrin qurulması, nümunəvi dərslərin keçilməsi və müasir nəşriyyatların istifadəyə verilməsi elmin inkişafı üçün geniş imkanlar açmışdır. Ötən dövrdə muxtar respublikada elmi tədqiqatların nəticəsi olan mühüm kitab və ensiklopediyalar çap olunmuş, beynəlxalq konfrans və simpo­ziumlar keçirilmiş, ekspedisiyalar təşkil edilmişdir. Elmə qayğı alim və tədqiqatçıların yetişməsi üçün də geniş imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması da elmin inkişafı və mövcud potensialdan daha səmərəli istifadə sahəsində mühüm vəzifələr müəyyənləşdirir.
Naxçıvan Muxtar Respublikası tarix və mədəniyyət abidələri ilə zəngin bir diyardır. Son illər muxtar respublika ərazisindəki 1213 tarix və mədəniyyət abidəsi qeydə alınmış və pasportlaşdırılmış, 70-dən çox tarix və mədəniyyət abidəsi bərpa olunmuşdur.
Muxtar respublikada son illərdə daha çox diqqət yetirilən sahələrdən biri də turizmdir. Burada turizmin bir sıra sahələri – dağ-xizək turizmi, dini-ziyarət turizmi, mədəni turizm, müalicəvi turizm, kənd turizmi üçün geniş imkanlar vardır. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması turistlərin marağını xeyli artırmışdır. Görülən işlərin nəticəsidir ki, hər il orta hesabla muxtar respublikaya 400 mindən artıq turist gəlir.
Naxçıvan Muxtar Respublikasının müdafiəsi və təhlükəsizliyinə daim diqqət göstərilmişdir. Əlahiddə Ümumqoşun Ordunun yaradılması, onun müasir silah-sursat və hərbi texnika ilə təminatı müdafiə təhlükəsizliyini təmin etmişdir. 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Günnüt kəndini işğaldan azad etməsi Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsindəki uğurlarımıza əyani sübutdur.
Muxtar respublikada görülən bütün işlərin mərkəzində insan amili dayanır. İnsanların rahat yaşayışı, məşğulluğunun təmin olunması qarşıda duran əsas vəzifələrdir. Bu sahədə dövlət proqramı icra olunur, gənc ailələrin sosial müdafiəsi gücləndirilir, sahibkarlığa diqqət artırılır, fiziki imkanları məhdud insanların sosial layihələr çərçivəsində məşğulluğu təmin edilir.
Naxçıvan Muxtar Respublikasında görülən işləri, həyata keçirilən tədbirləri, əldə edilən uğurları aşağıda qeyd olunan bu fakt da bir daha təsdiq edir: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club” ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirmişdir. Naxçıvan Muxtar Respublikası 2017 və 2018-ci illərdə 18 parametr üzrə ən yüksək bal toplayaraq lider olmuşdur.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlar əldə etmiş, lider dövlətə çevrilmişdir. Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da tarixin heç bir mərhələsində bugünkü qədər gözəl, abad və güclü olmamışdır. Dövlət başçısının dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, məni çox sevindirir. Çünki bu, Heydər Əliyev siyasətinin təntənəsidir”.

İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri,
akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR