23 Dekabr 2024, Bazar ertəsi


Yanvarın 14-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun doğum günü – 60 illik yubileyidir. NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü Sahil Tahirlinin bu münasibətlə qələmə aldığı “Dünya boyda Naxçıvan sevgisi” məqaləsini öz izləyicilərinə təqdim edir:

 ***

Müdriklərin bir fikri həmişə xüsusilə diqqətimi çəkib: “İdeal insanlar səmadakı ulduzlara bənzəyirlər. Biz onlara çata bilməsək də, onlar bizim yolumuzda mayak olub həmişə onu işıqlandırırlar”.

Bu mənada, görkəmli dövlət xadimi Heydər Əliyev həm də Azərbaycan xalqının böyük idealı və iftixarıdır. Heç şübhəsiz ki, Ulu öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də qədim Naxçıvanı işğal və məhv olmaq təhlükəsindən qorumasında, onun gələcəyini özünün dövlətçilik məktəbində yetişib formalaşan Vasif Talıbova etibar etməsində idi.

Ümummilli lider Heydər Əliyev sonralar bunu belə dəyərləndirəcəkdi: “Mən, ümumiyyətlə, demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun bir çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”.

Dünya boyda Naxçıvan sevgisi

Həqiqətən də, Ali Məclisin Sədri təkcə dövlətçilik fəaliyyətinin ilk illərində deyil, bir qərinəlik dönəmdə - son 30 ildə də sübut etdi ki, O, Heydər Əliyevin quruculuq və möhkəm dövlətçilik yoluna sözdə yox, işdə və əməldə, möhkəm əqidədə dərindən sadiqdir…

Yanvarın 14-ü Ali Məclis Sədrinin doğum günüdür. Artıq O da həyata 60 ilin zirvəsindən baxır. Bu gün ONUN günüdür: Böyük vətənpərvər, qətiyyətli, cəsarətli olduğu qədər də humanist, quru, pafoslu söz və görüntülərdən uzaq, hədsiz təvazökar, ürəyində dünya boyda Naxçıvan sevgisi gəzdirən Vətən aşiqinin…

Hər nə qədər də təvazökarlıq göstərib özü haqqında, Naxçıvan üçün gördüyü böyük işlər barədə deyilməsini, yazılmasını adətən istəməsə də, bu gün özümdə cəsarət toplaya bilmişəm…

Ömür yolu –

“Naxçıvan Ensiklopediyası”ndan qısa çıxarış:

“Talıbov Vasif Yusif oğlu. 14 yanvar 1960-cı ildə Şərur rayonunun Aşağı Aralıq kəndində zəhmətkeş ailəsində doğulmuşdur.  İşlədiyi və təhsil aldığı illərdə doğma torpağına və xalqına qırılmaz tellərlə bağlı bir ziyalı kimi daim fəal həyat mövqeyində dayanmışdır. Azərbaycanda müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, Yeni Azərbaycanın qurulması məqsədilə həyata keçirilən islahatlar, bölgənin ərazi bütövlüyünün qorunması, ölkədə demokratik dəyərlərin bərqərar olması, milli dəyərlərin yaşadılması kimi ali məqsədlərə çatmaq üçün ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin öncüllərindən olmuş və müdrik rəhbərin yanında olmaqla əsl mənada onun məktəbini keçmiş, yaxın silahdaşı olmuş, həyata keçirilən islahatlarda fəal iştirak etmişdir.  

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında fəal iştirak etmişdir. YAP-ın Naxçıvan Muxtar Respublika təşkilatının 1995-ci il aprelin 8-də keçirilən konfransında onun sədri seçilən Vasif Talıbov, həm də partiya xadimidir. O,  Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlətin bərqərar olmasında, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və mədəniyyətinin daha da tərəqqisində, xalqın rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsi üçün müvafiq qanunların qəbul olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 1995-ci ildən muxtar respublikaya rəhbərlik edən Vasif Talıbov ilk növbədə ölkəmiz  üçün həyati əhəmiyyət kəsb edən muxtar respublikanın ərazisinin bütövlüyünün qorunub möhkəmləndirilməsi problemlərini bacarıqla həll etmişdir”. 

İxtisarla verdiyimiz qısa təqdimatdan da göründüyü kimi, Ali Məclisin Sədri mühüm bir vəzifəni sadəcə vəzifə daşımaq naminə tutmayıb... Əməyi də layiqincə qiymətləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov ölkəmiz qarşısındakı xüsusi xidmətlərinə görə “Şöhrət” və "Şərəf" ordenləri ilə təltif olunub.

                    Təlatümsüz dəniz əsla peşəkar bir dənizçi yetişdirə bilməz

Bir zamanlar miskin bir əyalət şəhəri olan Naxçıvanın adı indi ən müasir Avropa şəhərləri ilə yanaşı çəkilir. Dünya ölkələrinin bir çoxunun uğrunda qan tökdüyü ərzaq, enerji, müdafiə, informasiya təhlükəsizliyi Naxçıvanda bir neçə ildir ki, öz həllini tapıb. Şəhərlər, rayon mərkəzləri, qəsəbə və ən ucqar kəndlər də yeni don geyinib. Bir vaxtlar yolu-izi bilinməyən diyarımıza indi dünyanın yüzlərlə ölkəsindən minlərlə turist gəlir. Təsadüfi deyil ki, Böyük Britaniyada nəşr olunan dünyanın ən məhşur səyahət jurnalı “Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil edib... Naxçıvan həm də qorxusuz-hürküsüz, təhlükəsiz şəhərdir. Mütərəqqi ideyalara əsaslanan hüquqi dövlət quruculuğu Naxçıvanda uğurla həyata keçirilib, 1998-ci ildə dövlət idarəçiliyinin əsası olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyası qəbul edilib. Bu gün Naxçıvanın idarəetmə modelinin nümunə səviyyəsinə yüksəlməsinin əsas səbəblərindən biri də hüquqi islahatların yeni dövrün tələbləri ilə uzlaşdırılmasıdır.

“Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”,-deyən Prezidentimizin himayəsi və qayğısı, Ali Məclis Sədrinin rəhbərliyi ilə bu diyarda son illər yüzlərlə sənaye müəssisəsi, fabrik, zavod qurulub, yaşıllıq zolaqları, parklar, xiyabanlar salınıb. Ötən əsrin 90-cı illərində iflic vəziyyətinə düşən kənd təsərrüfatı iqtisadiyyatda aparıcı qüvvəyə çevrilib, böyük investisiya layihələrinin tətbiqi nəticəsində yeni suvarma sistemləri qurulmaqla  minlərlə hektar torpaq əkin dövriyyəsinə qatılıb.  Şəhər və kəndlərdə kiçik və orta sahibkarlar sinifi formalaşıb, verilən güzəştli kreditlər və hərtərəfli dövlət dəstəyi hesabına yüzlərlə ailə təsərrüfatları yaranaraq inkişaf edir.  Bu hesaba on minlərlə yeni iş yerləri açılıb, gənclərin təhsil və sağlamlıq problemləri tamamilə aradan qaldırılıb. İqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı 2018-ci ildə 2 milyard 773 milyon manat olmaqla 2003-cü ildəki müvafiq göstəricini 16,5 dəfə üstələyib. Naxçıvanda ötən 10 ildə 8 milyard 522 milyon 233 min manatdan çox infrastruktur quruculuğu işləri aparılıbBu dövr ərzində 100 elm və təhsil müəssisəsi, o cümlədən 20 min 114 şagird yerlik 66 ümumtəhsil məktəbi, 216 mədəniyyət obyekti, 113 səhiyyə müəssisəsi, 668 istehsal və xidmət sahəsi, 11 idman və bir sıra digər obyektlər tikilib,  yüzlərlə qəsəbə və kənd mərkəzi istifadəyə verilib.

Azərbaycanda ilk dəfə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Ən müasir məktəblər, xəstəxanalar, elm mərkəzləri, yollar, körpülər tikilib. Bu gün Naxçıvan şəhəri də daxil olmaqla digər 5 rayon dövlət büdcəsindən hər hansı bir dotasiya almadan özü-özünü təmin edir.

“Keçmişinə sahib çıxmayanın gələcəyi olmaz”,- tezisi əsas götürülərək bərpa edilən 70-dən artıq tarixi abidə ikinci ömrünə qovuşub.  Naxçıvanın tarix və mədəniyyətinə dair minlərlə kitab və elmi əsərlər işıq üzü görüb, beynəlxalq əhəmiyyətli fundamental elmi-tədqiqatlar aparılıb. Blokada şəraitində, minbir əzab-əziyyətlə əldə edilən bu göstəricilər, obrazlı desək, təlatümlü dənizdə dalğalarla çırpışan bir gəmini sahilə çıxarmaq qədər çətindir. Əgər gəminin kapitanı bunu bacarırsa, deməli, o, QƏHRƏMANdır...

 Ağıllı adamlar söyləyəcək sözləri olduğu üçün, axmaqlar mütləq danışmaq məcburiyyətində olduqları üçün danışırlar (Platon)

 Əlbəttə, çox az bir qismini sadaladığım bu nailiyyətlər asanlıqla başa gəlməyib. Çəkilən böyük zəhmətin, aparılan qətiyyətli mübarizənin nəticəsində meydana çıxıb. Ali Məclisin Sədri muxtar respublika əhalisini Naxçıvanın çiçəklənməsi ideyası və gələcək inkişaf konturları ətrafında səfərbər etməyi bacarmış və onların böyük zəhmətinə arxalanmışdır. Biri işğalçı Ermənistan olmaqla üç ölkə ilə həmsərhəd olan, düz  100 ildir ki Azərbaycanın əsas ərazisindən ayrı-blokadada yaşayan Naxçıvanı idarə etmək də heç kimə asan gəlməməlidir...

Görkəmli mütəfəkkir Diogen ağa qara deyən, bulanıq sularda balıq tutmağı məqsədə çevirən adamlar barədə deyirdi: “Kölgə salmayın, mən sizdən başqa lütfkarlıqlar istəmirəm”.  Təəssüf ki, bu diyarda atılan  mütərəqqi addımların, muxtar respublikanın inkişafı, gələcəyi ilə bağlı verilən qərarların bir sıra dairələrdə, eləcə də mediada kəskin qarayaxma və iftira kampaniyaları ilə qarşılandığının, hadisələrin mahiyyətinin təhrif olunması halları ilə üzləşdiyinin də az şahidi olmamışıq. Böyük tikinti-quruculuq və yaşıllaşdırma proqramlarının icrası, taksi və nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi, yas mərasimlərinin islami qaydalara salınması, qəbiristanlqların abadlaşdırılması, Naxçıvan şəhərini xarabazara döndərən yöndəmsiz tikililərin sökülüb yerlərində park və yaşayış komplekslərinin salınması, oxunması zəruri olan kitablarla bağlı sərəncamın imzalanması kimi mütərəqqi addımlar atılarkən “daş-atıb başını tutanlar” da az olmayıb... Ancaq karvan həmişə öz yolu ilə gedib... Konfutsinin təbirincə desək, “əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır”. Cənab Vasif Talıbov bu gün  həm də Naxçıvanın inkişafını istəməyən xarici və daxili “qüvvə”lərin, şəxsi maraqlarının əsirinə çevrilən cılız düşüncəli, qərəzli adamların kölgəsinin böyüməsinin qarşısını alan, yerini bilməyənlərə cəsarətlə öz yerini göstərən qətiyyətli dövlət xadimi kimi də seçilir və tanınır... 20 illik jurnalist təcrübəmdə görüb əxz etdiklərimdən biri də bu olub:  Ali Məclisin Sədri bəzən elə danışıb ki hamı susub, bəzən elə susub ki heç kim danışmağa cəsarət etməyib...

Bakıda yaşayıb fəaliyyət göstərən jurnalist həmkarlarımız Günay Ardanın ötən günlərdə qələmə aldığı “Bu şəhərə getmədən “dünyanı görmüşəm” deməyin – Səkkizinci möcüzə” məqaləsində bir nüans xüsusilə diqqətimi çəkdi. Müəllif yazır:

Naxçıvanı kimlər sevmir?

“Bu yaxınlarda mediada bir xəbər yayıldı. Evə oğurluğa girən şəxs axtardığını tapa bilmir. Evdən çıxanda ev yiyəsi üçün nalayiq ifadələr yazır. Naxçıvanı sevməyənlər də belə adamlardır. Bu torpaqdan oğurluq etmək istəyib edə bilməyənlər, tüfeyli həyata meyilli olanlar, işləməkdən, halal zəhmətdən uzaq adamlar Naxçıvanı sevmir. Pis əməllərinə meydan verilmədiyi üçün vərəqdə ev sahibinə söyüş yazan oğruya çevrilirlər”.

Təbii ki, faktdan böyük fakt yoxdur və tarixin də heç bir dönəmində olmayıb. Naxçıvanın kəndbəkənd, şəhərbəşəhər dəyişib yeni don geyinməsi bizim gözlərimiz qarşısında baş verib. 90-cı illərin statistikasına nəzər saldıqda görürük ki, 300 min nəfər əhalinin yaşadığı  muxtar respublikada bir il ərzində 800-850 cinayət hadisəsi baş verirdi. İndi əhalinin 450 mini keçməsinə baxmayaraq il ərzində 3-4 kiçik hadisə müşahidə edilir: Ötən  tədris ilində işğalçı Ermənistanda 20-ə qədər məktəb imkansızlıq və şəraitsizlikdən bağlanıb. Ancaq Naxçıvanda demək olar ki, hər ay yeni bir elektronlaşmış məktəb kompleksi tikilib və ya yenidən qurulub istifadəyə verilir. Təkcə bir faktı deyim ki, bu tədris ilində əvvəllər müəyyən səbəblərdən Naxçıvandan köçmüş ailələrdən olan 300-dən artıq şagird məktəblərə qəbul edilib. Açılan iş yerləri və yaradılan yüksək standartlı yaşayış  şəraiti uşaqları, ailələri də doğma torpağa qaytarır. Ali məktəblərə qəbul göstəriciləri də 90-cı illərlə müqayisədə 3-4 dəfə artıb. Bir vaxtlar ciddi içməli  və  suvarma suyu problemi yaşanan  Naxçıvanda indi 225 min nəfər öz evində tam standartlara uyğun təmiz su ilə təmin edilir. Bütün əhali təbii qaz, elektrik enerjisi və sürətli internet xidmətləri ilə əhatə olunub. Enerji problemlərinin uğurlu həlli ekeoloji durumu da xeyli yaxşılaşdırıb. 90-cı illərdə quraq və çılpaq olan Naxçıvanın indi 20 faiz ərazisi yaşıllıq altındadır. Ali Məclis Sədrinin sıx iş qrfikinə nəzər salanda görürük ki, muxtar respublika rəhbəri hər həftə Naxçıvanda yeni sosial obyektlərin, istehsal müəssisələrinin açılışını edir. Bütün bunları isə yerli əhali böyük razılıq və minnətdralıq  hissləri ilə qarşılayır. Ali Məclis Sədrinə öz sevgilərini, səmimi fikirlərini çatdırarkən isə ilk cümlələri bu olur: “Biz bütün bu görülən işlərə, rahat yaşayışımıza görə ulu öndər Heydər Əliyevə, onun davamçılarına borcluyuq. Allah Prezidentimizə, Sizə can sağlığı versin ki, Vətənimizi bundan sonra da inkişaf etdirib çiçəkləndirəsiniz”.

“Ən yaxşı nəsihət: yaxşı örnək olmaqdır”

Naxçıvan televiziyasının arxiv fondunda 25-30 il əvvələ aid çox dəyərli videokadrlar mühafizə olunur. 1996-cı ilə aid həmin videoxronikalardan birində öz platformasını açıqlayan Ali Məclisin Sədri deyir ki, mənim ayrca bir platformam yoxdur, mənim yolum Heydər Əliyevin yolu, Heydər Əliyevin siyasi xəttidir: “Bütün qüvvə və bacarığımı Naxçıvanın çiçəklənməsinə sərf edəcəyəm, ordu quruculuğu, təhsil, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi fəaliyyətimdə üstün istiqamət olacaq”.

Qısa tarix və keçilən yol sübut etdi ki, verilən vədlər söz olaraq qalmayıb. “Ən yaxşı nəsihət: yaxşı örnək olmaqdır”, - prinsipi əsas tutularaq iş və əməldə nümunə göstərildi. Nəticədə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı, Azərbaycanın Gənclər Paytaxtı seçildi, Avropa Günlərinin, Gənc Liderlər Formunun keçirildiyi intellektli və müasir təfəkkürlü vətənpərvər gənclərin şəhərinə çevrildi. Reklamçılıqdan, şüarçılıqdan uzaq iş və əməllərlə doğma torpağa layiqli bir xidmət nümunəsi yaradıldı.

Ulu öndər Heydər Əliyev deyirdi ki, dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır. Həqiqətən də Naxçıvanın inkişafında, quruculuğunda ən xarakterik cəhət bu işlərin qəlbən, sevgi ilə görülməsidir, nəticəli olmasıdır. Yəni Ali Məclisin Sədri bizə Vətəni, torpağı, Naxçıvanı necə sevmək lazım olduğunu da öyrədir. Naxçıvanlılar nə üçün yaşadıqlarını, niyə yaşadıqlarını gözəl bilirlər. Hər kəsin məqsədi, məramı, yolu ölkə Prezidentinin rəhbərliyi altında ulu öndərin siyasi xətti ətrafında sıx birləşməkdir – bötüv Azərbaycan, güclü dövlət, yenilməz xalq olmaqdır.

İkinci ömür

Biz insanlar getdiyimiz bütün yolların tezliklə mənzil başına çatmasını arzulayırıq. Təkcə ömür yolu istisnadır. Heç kim onun tezliklə sonuncu dayanacağa çatmasını istəmir. Amma hər kəs üçün həyat bir gün sonlanır, yolun sonu görünür. Önəmli olan isə yaşadığın ömrü mənalı keçirmək, xalqa, millətə, insanlara faydalı olmaq, tikib-qurmaq, özündən sonra səni yaşadacaq əsərlər yaratmaqdır. Məhz bu amillər insana ikinci ömür qazandırır.

Sözsüz ki, cənab Vasif Talıbovun 60 illik yubileyinə ən dəyərli hədiyyə ONUN qazandığı sonsuz xalq sevgisidir. Bu gün hər bir naxçıvanlının qəlbində CƏNAB SƏDRə sonsuz sevgi var... Bu sevgi illər, qərinələr, əsrlər keçdikcə daha da artacaq... Çünki bu sevginin təməlində vətənpərvərlik dayanır, yenidən qurulan Naxçıvan dayanır, rahat yaşayış, firəvan həyat, sabitlik və ən nəhayət elə insanlara, bütün naxçıvanlılara olan sonsuz sevgi dayanır.

Ali Məclisin Sədri həm də sağlığında özünə ikinci ömür qazanan şəxsiyyətlərdəndir. Çünki Hörmətli Sədrimizin bütün fəaliyyəti Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında cərəyan edən mühüm siyasi, ictimai  və mədəni proseslərlə sıx bağlı olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun da adı həmişə intibah tariximizlə qoşa çəkiləcəkdir.  

Şöhrətin sözdə yox, əməlindədir,

Sən xalqın oğlusan, xalq səninlədir,

Ucalır şöhrətin, ucalır adın,

Bütün varlığınla elə bağlısan,

Qədim Naxçıvanın əziz oğlusan...

P.S. Ali Məclisin Sədri həm də muxtar respublikanın xarici siyasi və iqtisadi əlaqələrinin qurulub inkişaf etdirilməsində müstəsna xidmətlər göstərib. Məqaləyə əlavə etdiyim fotoşəkili 10 il bundan əvvəl Avstriyaya işgüzar səfər çərçivəsində Armenland Milli Parkında çəkmişdim və mətbuatda ilk dəfə dərc edilir.

Sahil Tahirli

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri,

YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR