23 Dekabr 2024, Bazar ertəsi

 

  

Bu gün Yer kürəsi öz məhvərində
Ulu bir diyarla öyünür hər an.
Dünyanın döyünən düz ürəyində
Özünə yer tutub durur Naxçıvan!

 Tanrıdan pay gələn sərvət-varı var,

Tükənməz qoynunda gövhəri-zəri.
Bu müqəddəs diyar, bu ulu torpaq
Bəxş edib cahana böyük Heydəri.

Elə o dühayla ən ağır anda
Zamanla üz-üzə durdu Naxçıvan.
Heydər Əliyevin davamçısıyla
Yeni günlərini qurdu Naxçıvan!

Qəlblər ovsunlayıb torpağı, daşı
Şəfəqə bələnir doğulanda dan.
Çox qədim olsa da, tarixdə yaşı
Gənclik libasını geyib Naxçıvan!

Şərqin qapısıdı, Nuhun yurdudu,
Nəsillər yaşayır Gəmiqayada.
Məğrur Əlincədi, qalib ordudu,
Sədərək sınmadı düşmənə, yada.
Mənim Naxçıvanım Odlar Yurdunun

Qeyrət qalasıdı, ər balasıdı.
Günəş qürub çağı büsbütün onun
Çöhrəsi Şahbuzun dağ lalasıdı.

Bol nemət yetirən varlı elləri
Kəhrəba üzümlü, heyva, narlıdı.
Sevinc təknəsidi gələn illəri,
Ordubad bəhrəli, Şərur barlıdı.

Qoynunda çağlayan “Qızlar bulağı”

Sevən ürəklərə məhəbbət ələr.
“Sirab”, “Badamlı” tək əvəzsiz varı
Çoxları dərdinin dərmanı bilər.

Memar Əcəminin gənc nəvələri
Tikirlər, qururlar, gözəlləşibdi.
Müstəqil günündən ta üzü bəri
Gözəl məmləkətə bərabər – birdi.

... Ay kimi nur saçar, ulduztək yanar,
Çiçək dənizidi qoynunda hər yan.
Onu hər kim görsə, bəxtəvər sanar,
Bütün istəyinə çatıb Naxçıvan!

İbrahim YUSİFOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR