Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2019-cu ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qarşıya qoyulan vəzifələr ilə əlaqədar keçirilən kollegiya iclasında komitə sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, 2019-cu il 1 iyul tarixə olan məlumata əsasən muxtar respublikada 97 min 358 ailə vardır. Bu da əvvəlki illə müqayisədə 699 və ya 0,72 faiz çoxdur.
Qeyd olunub ki, komitənin təşkilatçılığı ilə “Gələcəyini planlaşdır” adlı 7, “Öz biznesinə başla və onu inkişaf etdir” adlı 4 təlim keçirilib. Qrant layihənin sonunda qadınlara 43 min 700 manat məbləğində sərmayə kapitalı verilib.
Vurğulanıb ki, ötən il qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda, ümumilikdə, 378 istedadlı şəxsin 22133,50 manat dəyərində 2042 əl işi satılıb.
2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar Naxçıvan Biznes Mərkəzində “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda 145 qadının iştirakı ilə tədbir keçirilib.
Bildirilib ki, muxtar respublikada 1330 oğlan, 717 qız olmaqla, 1847 nəfər 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq vardır. 74 uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə yönləndirilib.
Məlumat verilib ki, hesabat dövründə 20 uşaq müəssisəsində və valideyn himayəsindən məhrum olan 12 uşağın yaşadığı evdə monitorinq keçirilib.
“Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq aidiyyəti orqanlar tərəfindən cari ilin ötən dövrü ərzində 24 min 489 uşaq haqqında məlumatların həmin bankda qeydiyyatı aparılıb.
Əlamətdar və müəyyən təqvim günlərində uşaqlarla bağlı müsabiqələr, tədbirlər keçirilib, qalib komandalara və fərqlənən uşaqlara diplom və fəxri fərmanlar təqdim olunub.
Ramilə Seyidova bildirib ki, Bilik Günü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında yaşayan aztəminatlı ailələrdən olan 42 uşağa məktəb paltarı və dərs ləvazimatları, mövsümlə əlaqədar qış geyimi verilib.
Sonra çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində keçirilən kollegiya iclasını xidmətin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev açaraq bildirib ki, ötən il muxtar respublikada özəl sektorun inkişafına dövlət dəstəyi nəticəsində makroiqtisadi göstəricilər üzrə artım dinamikası davam edib, nəticədə, dövlət büdcəsi üzrə proqnozlar artıqlaması ilə icra olunub. Belə ki, hesabat ilində vergi orqanları üzrə müəyyən edilmiş proqnoz 115,4 faiz icra olunub. Bu da 2018-ci illə müqayisədə 10 faiz çoxdur.
2019-cu il üzrə müəyyənləşdirilmiş proqnozlar yerli vergi orqanlarının hər biri üzrə artıqlaması ilə icra edilib.
Diqqətə çatdırılıb ki, muxtar respublika üzrə büdcəyə daxil olmuş vəsaitlərin 35,3 faizi dövlət, 64,7 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artıb.
Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə toplanan vəsait 143,4 faiz, İşsizlikdən Sığorta Fondunun büdcəsinə toplanan vəsait 136,9 faiz icra olunub.
“Bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 39 kommersiya, 37 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb ki, 1-i 100 faiz xarici investisiyalı müəssisə, 2-si isə birgə mülkiyyətli hüquqi şəxslər olub. Həmçinin bu dövrdə 3599 fiziki şəxs sahibkarlıq uçotuna alınıb.
Dövlət Vergi Xidməti rəisinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxışında diqqətə çatdırıb ki, ötən il ərzində daxil olan 5101 yazılı müraciət cavablandırılıb.
Bu dövrdə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbir keçirilib, 398 vətəndaşa 25 min manatlıq müxtəlif hədiyyələr təqdim edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında məruzə ilə çıxış edən komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli vurğulayıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük xidmətinin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Sədərək Gömrük İdarəsi üçün 18 hektar ərazidə beynəlxalq standartlara uyğun qurulan müasir kompleksin inşasının qısa vaxtda başa çatdırılması üçün işlər sürətləndirilib. Gömrük orqanlarında Almaniya istehsalı olan 13 yeni rentgen-nəzarəti qurğusunun, vətəndaşların üzərlərində olan malların aşkarlanmasına imkan verən 2 müasir “B-skan” aparatının quraşdırılması gömrük nəzarətinin sürətli və mükəmməl formada həyata keçirilməsinə imkan yaradıb.
Qeyd olunub ki, hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, bütün gömrük orqanlarında “Sərhədkeçmə vaxtının ölçülməsi sistemi” tətbiq olunmağa başlanılıb. Şahtaxtı-Poldəşt gömrük sərhəd-buraxılış məntəqəsinin iş vaxtı 4 saat artırılaraq 16 saata çatdırılıb. Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti tam sadələşdirilib.
Komitə sədri qeyd edib ki, 2019-cu il ərzində muxtar respublika gömrük orqanları tərəfindən dövlət büdcəsinin formalaşdırılması məqsədilə qarşıya qoyulmuş proqnoz-tapşırığa 115,44 faiz əməl olunub. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 12,88 faizini təşkil edib.
Qeyd olunub ki, hesabat dövründə 63 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi artıb. İxrac əməliyyatları, əsasən, İran İslam Respublikası, Türkiyə Cümhuriyyəti, Gürcüstan, Yəmən, Rusiya ilə həyata keçirilib.
Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunduğunu vurğulayan komitə sədri bu məqsədlə 40 tona yaxın ərzaq və qeyri-ərzaq məhsulunun muxtar respublika ərazisinə buraxılmadığını, 20 tona yaxın malın isə məhv edildiyini bildirib.
Kollegiya iclasında məruzə ətrafında çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində keçirilən kollegiya iclasında direktor Əkbər Novruzov məruzə ilə çıxış edib.
Vurğulanıb ki, ötən dövrdə departamentin əməkdaşları tərəfindən Şahbuz rayonunun Ağbulaq və Kükü kəndlərində turist qəbul edə biləcək və gələcəkdə hostel kimi istifadə olunacaq evləri müəyyənləşdirmək məqsədilə fərdi yaşayış evlərinə baxış keçirilib. Ağbulaq kəndində 3, Kükü kəndində isə 5 evin turistlərin istifadəsinə yararlı olduğu müəyyənləşdirilib, rayonun Biçənək kəndində kənd turizminin inkişaf etdirilməsi məqsədilə kənd sakinləri ilə maarifləndirici görüş təşkil olunub. Həmin kəndlərdə turist qəbul edəcək hostellərin təqdimatı keçirilib, sertifikatlar, eləcə də VÖEN-lər verilib. Həmçinin Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılaraq həmin evlər haqqında ümumi məlumat və fotoşəkillər yerləşdirilib.
Bildirilib ki, 23 aprel 2019-cu il tarixdə Bakı şəhərində keçirilən 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasında Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında forum iştirakçılarına geniş məlumat verilib. Forumda Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx nümayiş olunub, təbliğat materiallarından ibarət hədiyyə paketləri xarici ölkə nümayəndələrinə təqdim edilib.
Hesabat dövründə Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən “Beynəlxalq Expo Batumi-2019” Turizm və Otel Avadanlıqları Sərgisində, İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən II Səhiyyə Turizmi Konfransı və Sərgisində, Türkiyənin Van şəhərində keçirilən 10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisində də muxtar respublikanın turizm potensialı geniş şəkildə təbliğ olunub, videoçarxlar göstərilib, turizm təbliğat materialları iştirakçılara təqdim edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev keçirilən kollegiya iclasında məruzə edərək bildirib ki, ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 202 əcnəbi aşkarlanıb ki, onlardan da 197-si barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla cərimə inzibati tənbeh növü tətbiq edilib, 56 nəfər tətbiq edilən cəriməni ödəmədiyindən ölkə ərazisinə girişinə müvəqqəti məhdudiyyət qoyulub.
Şahin Nəbiyev diqqətə çatdırıb ki, 2019-cu il ərzində qanunvericiliyin tələblərini pozmuş və ölkə hüdudlarından kənara çıxarılması nəzərdə tutulmuş 1 əcnəbi öz ərizəsi əsasında 3 azyaşlı övladı ilə birgə könüllü olaraq xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilib.
Ötən il ərzində xidmətə 10613 müraciət daxil olub ki, həmin müraciətlərdən 8624-ü əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlıdır.
2019-cu ildə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətə 1298, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 16, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 9, əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 55, müvəqqətiolma müddətinin uzadılması ilə bağlı 1, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 606 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
Xidmət rəisi bildirib ki, ötən il ərzində muxtar respublikada 2 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub, 1 nəfərin isə vətəndaşlığı bərpa edilib.
Sonra məruzə ətrafında müzakirələr olub.
* * *
2019-cu ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncağı cəmiyyətin direktoru Mahir Əliyev açıb. Bildirib ki, ötən il Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 283 min 497 ton müxtəlif təyinatlı yük, yük-sərnişin qatarları vasitəsilə 158 min 875 sərnişin, 181 min 742 kiloqram poçt-baqaj yükü daşınıb.
Qeyd olunub ki, hesabat dövründə Culfa Lokomotiv Deposunda lokomotivlər 44 dəfə texniki baxışdan keçirilib, onlarda 23 cari təmir işləri aparılıb. Vaqon işçi parkının, eləcə də ehtiyat vaqon parkının daim saz vəziyyətdə saxlanılması məqsədilə illik vaqon təmiri planına uyğun olaraq ötən il 154 müxtəliftipli vaqon cari və depo təmiri edilib. Ordubad-Culfa sahəsində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunması məqsədilə muxtar respublikaya 1 yeni manevr teplovozu gətirilib. Naxçıvan stansiyası ərazisində sərnişin vaqonlarının yuyulması üçün uzunluğu 50 poqonometr olan yolun çəkilişi və hər iki tərəfdən estakada-körpünün quraşdırılması işi başa çatdırılıb, bu ilin birinci rübündə isə məntəqənin lazımi avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.
Vurğulanıb ki, istismarda olan lokomotivlərdə və sərnişin vaqonlarında profilaktik təmir işləri aparılıb, istilik sistemləri ilə təchiz edilmiş sərnişin vaqonlarının və aralıq stansiyalarda növbətçi otaqların qızdırılması üçün 27,8 ton daş kömür ehtiyatı yaradılıb, əlavə olaraq 60 ton kömürün alınıb gətirilməsi təmin ediləcək.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə cəmiyyət üzrə iqtisadi göstəricilər qənaətbəxş olub. Bu istiqamətdə fəaliyyət 2020-ci ildə də davam etdiriləcək materiala, təbii qaza, elektrik enerjisinə, yanacağa, suya maksimum dərəcədə qənaət olunmasına dair müvafiq tədbirlər görüləcək.
Sonra məruzə ətrafında çıxışlar olub.
* * *
Dövlət Baytarlıq Xidmətində keçirilən iclası xidmətinin rəisi Vəli Novruzov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş 2019-cu il üçün “Epizootiya əleyhinə mübarizə və müalicə-profilaktik tədbirlər planı”na uyğun olaraq muxtar respublikanın şəhər və rayonlarında heyvanlar arasında iti gedişli infeksion xəstəliklərdən peyvəndləmə tədbirləri, sərhədboyu zonalarda heyvan yataqlarında və tövlələrdə dezinfeksiya işləri aparılıb. 2019-cu ildə də süni mayalanma tədbirləri diqqət mərkəzində saxlanılıb, ümumilikdə, 11210 baş inək, düyə və camış süni yolla mayalandırılıb, 7530 baş sağlam bala alınıb. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün vətəndaşlara, ümumilikdə, 753000 manat məbləğində subsidiya verilib.
Vurğulanıb ki, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı muxtar respublikada 3775 arıçı sahibkara məxsus 74 min 244 arı ailəsi qeydiyyata alınaraq identikləşdirilib və 742 min 440 manat subsidiya ödənilməsi təmin edilib.
Sonda məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi