Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasını ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, ötən dövr ərzində nazirlik əsas fəaliyyət istiqamətlərindən olan hüquqi maarifləndirmə, hüquqi təbliğat və profilaktika işlərini davam etdirib. Muxtar respublikanın şəhər və rayonlarında bələdiyyə fəaliyyəti ilə bağlı 16, notariat və qeydiyyat fəaliyyəti ilə bağlı 8, icra və probasiya xidməti ilə bağlı 6 tədbir keçirilib.
Hesabat ilində nazirliyin rəsmi elektron səhifəsi yenilənərək istifadəyə verilib. Hüquqi Aktların Dövlət Reyestrinə 142 hüquqi akt daxil edilib ki, onlardan da 75-i normativ, 67-si isə qeyri-normativ hüquqi aktlardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hamiliyə götürülmüş müvafiq ixtisaslar üzrə tələbələr nazirlikdə təcrübə keçiblər.
Diqqətə çatdırılıb ki, probasiya sahəsi üzrə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş 6 məhkuma elektron nəzarət vasitəsi tətbiq olunmağa başlanıb, 1 məhkuma tətbiq edilən elektron nəzarət vasitəsi cəzanın müddəti başa çatdığından götürülüb. Hazırda 5 məhkuma elektron sistemlə gündəlik nəzarət edilir. Görülən qabaqlayıcı profilaktik tədbirlər və maarifləndirmə nəticəsində həmin məhkumlarla bağlı hər hansı qanun pozuntusu aşkar edilməyib.
Vurğulanıb ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində “Elektron məhkəmə” və “Elektron icra” sistemlərinin muxtar respublikamızda tətbiqi, ekspertiza mərkəzinə alınmış müasir avadanlıqlar dövlət qayğısının bariz nümunəsidir.
Bildirilib ki, Qeydiyyat və notariat şöbəsi tərəfindən 2019-cu ildə 6 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınıb, 16 qeyri-kommersiya hüquqi şəxsin və 1 mətbu nəşrin reyestrinə dəyişiklik edilib, 7 qeyri-kommersiya hüquqi şəxs təsisçilərin ərizəsinə əsasən 1 qeyri-kommersiya hüquqi şəxs isə məhkəmə qərarı ilə ləğv edildiyindən dövlət reyestrindən çıxarılıb. 1 qrant və 63 subqrant müqaviləsi qeydə alınıb.
Nazir qeyd edib ki, Məhkəmə Ekspertizası Mərkəzinə 249 ekspertiza işi daxil olub. İcra edilmiş işlərdən 213-nə rəy, 19-na isə arayış verilib, 16 ekspertiza işi icra olunmadan geri qaytarılıb, 1 işin icraatı vəsatət verildiyindən dayandırılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, qarşıda quran vəzifələr müəyyənləşdirilib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Hicran Rüstəmov açaraq bildirib ki, 2019-cu il ərzində müasir tələblər əsasında inşa olunmuş yeni obyektlər istifadəyə verilib, sosial problemlərin həllinə xidmət edən infrastruktur sahələri yaradılıb.
Qeyd olunub ki, ötən il komitənin xətti ilə 187 milyon 979 min manatlıq inşaat işləri yerinə yetirilib.
Vurğulanıb ki, Şərur rayonunun Kərimbəyli, Qışlaqabbas, Xələc, Muğanlı, Alışar, Yeni Havuş, Babək rayonunun Kültəpə, Gülşənabad, Şahbuz rayonunun Türkeş, Ordubad rayonunun Dəstə kəndlərində kənd mərkəzlərinin tikintisi və ya yenidən qurulması işləri başa çatdırılaraq istifadəyə verilib, Şərur rayonunun Muğancıq Mehrab, Məmmədsabir, Ordubad rayonunun Vənənd kəndlərində isə kənd mərkəzlərinin tikintisi davam etdirilir. Muxtar respublikanın 12 kəndində müasir xidmət mərkəzi istifadəyə verilib. Hazırda Şərur rayonunun Muğancıq Mehrab, Məmmədsabir, Ordubad rayonunun Vənənd kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilir.
Diqqətə çatdırılıb ki, qeyd edilən dövrdə Naxçıvan şəhərində altı yaşayış binası yenidən qurularaq, Kəngərli, Sədərək, Babək rayonlarının hər birində bir yaşayış binası tikilərək istifadəyə verilib. Həmçinin Naxçıvan şəhərində iki, Şərur, Şahbuz və Ordubad şəhərlərinin hər birində isə bir yaşayış binasının inşası davam etdirilib.
Komitə sədri bildirib ki, 2019-cu il ərzində muxtar respublika üzrə 93,9 kilometr uzunluğunda yeni asfalt yol salınıb, 3 körpünün tikintisi, 3 körpünün əsaslı təmiri, Şərur rayonunun Kərimbəyli, Muğanlı, Yeni Havuş, Xələc, Qışlaqabbas, Alışar, Babək rayonunun Kültəpə, Gülşənabad, Şahbuz rayonunun Badamlı, Türkeş kəndlərində avtomobil yollarının və Ordubad rayonunun Anaqut, Dəstə, Kəngərli rayonunun Böyükdüz kəndlərinin daxili avtomobil yollarının yenidən qurulması işləri də başa çatdırılıb. Eyni zamanda Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad rayonunun Vənənd, Şərur rayonunun Muğancıq Mehrab kəndlərinin və Şərur şəhərinə gedən yolun giriş hissəsinin yenidən qurulması işləri davam etdirilib.
Sonra rayonlarda həyata keçirilən tikinti-quruculuq və abadlıq tədbirləri haqqında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi