Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2019-cu ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qarşıya qoyulan vəzifələr barədə keçirilən kollegiya iclasını Baş Nazirin müavini - Maliyyə naziri Səbuhi Məmmədov açaraq geniş məruzə edib. Bildirilib ki, 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman sahəsində həyata keçirilən dövlət siyasətinin dəstəklənməsi, muxtar respublikada müasir infrastrukturun qurulması, yeni yolların inşası, içməli su və kanalizasiya sistemlərinin yaradılması məqsədilə etibarlı maliyyəşmənin təmin edilməsinə nail olunub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2019-cu ildə gəlirləri 83 milyon 340 min manat təyinata qarşı 96 milyon 24 min 248 manat və ya 115,2 faiz icra edilməklə büdcəyə 12 milyon 684 min 248 manat çox vəsait daxil olub. Bəhs olunan dövrdə büdcə xərclərinin 76,4 faizi cari, 23,6 faizi isə əsaslı xərclərə yönəldilib.
Səbuhi Məmmədov bildirib ki, 2019-cu il dekabr ayının 21-də keçirilmiş beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiq edilib. Büdcə tərtib olunarkən muxtar respublikanın inkişaf prioritetləri, sosial-iqtisadi siyasət hədəfləri, mühüm dövlət proqramlarının və infrastruktur layihələrinin icrasına etibarlı maliyyə mühitinin təmin olunması diqqətdə saxlanılıb.
Nazirliyin aparat rəhbəri Tural Şirəlizadə çıxışında “Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 2020-ci il üçün iş planı”nın layihəsi barədə danışıb. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 dekabr tarixli Fərmanında nazirliyə verilmiş tapşırıqların icrası üçün müvafiq tədbirlər planı tərtib olunub.
Sonra müzakirələr olub.
* * *
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclası nazir Nicat Babayev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikanın əmək bazarı müntəzəm təhlil edilir. Nəticələrə əsasən müxtəlif ixtisaslar üzrə peşə kursları təşkil edilir, əmək yarmarkaları keçirilir. Nazir qeyd edib ki, ötən dövr ərzində ailə təsərrüfatlarının inkişafı və özünüməşğulluq proqramının icrası aztəminatlı ailələrin, ünvanlı dövlət sosial yardımı alanların sayını azaldıb.
Vurğulanıb ki, ötən il həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 355 sahibkarlıq obyektində 43 işçinin əməkhaqlarının real göstərilməsinə nail olunub. Həmçinin sentyabr ayının 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata çatdırılmasından sonra yaradılan komissiyaların nəzarətinə əsasən minimum həddən aşağı olduğu müəyyən edilən 539 işçinin əməkhaqlarının artırılması təmin edilib.
Bildirilib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq aidiyyəti dövlət orqanları ilə birgə sağlamlıq imkanları məhdud uşaqlara tolerant təhsil mühitinin formalaşdırılıması məqsədilə təhsil müəssisələrində monitorinqlər aparılır, maarifləndirici görüşlər keçirilir. Onların ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarına və defektoloji bölmələrə, həmçinin məktəbdənkənar müəssisələrin dərnəklərinə, musiqi məktəblərinə, idmanın müxtəlif növləri üzrə qruplara və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müvafiq bölmələrinə cəlbi diqqətdə saxlanılır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında çıxış edən nazir Azad Cabbarov bildirib ki, 2019-cu il ərzində yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədilə tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə gənclərin iştirakı təmin olunub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar muxtar respublikada “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı, futbol üzrə Azərbaycan kubokunun final oyunu, kikboksinq, karate-do və cüdo üzrə beynəlxalq turnirlər, “Heydər Əliyev kuboku” uğrunda yeniyetmə və gənclər arasında turnir keçirilib. Türkiyə və Naxçıvan alpinistlərinin, əcnəbi tələbələrin iştirakı ilə Haçadağa yürüş təşkil olunub, dövlət və özəl təşkilatlar arasında futzal liqası, Naxçıvan Muxtar Respublika XVII Futbol çempionatının II dövrə oyunları, XVIII Futbol çempionatının I dövrə oyunları təşkil edilib. “İdman hamı üçün” şüarı altında “Azərbaycan Olimpiya Odisseyası” adlı tədbir, muxtar respublikanın bədən tərbiyəsi müəllimlərinin “D” kateqoriyalı məşqçi kursu, futbol üzrə şəhər və rayon birincilikləri, futbol hakimləri üçün seminarlar, Şərur rayon Ağır Atletika bölməsində bodibildinq üzrə Bakı şəhərindən dəvət olunmuş məşqçi-müəllim tərəfindən idmançılar üçün seminar və süni divara dırmanma üzrə təlim-məşq toplanışları, “Nakhchivan CUP-95” beynəlxalq turniri keçirilib.
Diqqətə çatdırılıb ki, 2019-cu il ərzində idmançılarımız ölkə birinciliklərində 179, beynəlxalq turnirlərdə 165, dünya çempionatında 5, Avropa çempionatında 20 medal olmaqla, cəmi 369 medal qazanıblar.
Sonra məruzə ətrafında müzakirələr olub.
Xəbərlər şöbəsi