İritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirmək məqsədilə Sədərək gömrük sərhəd-buraxılış məntəqəsində də X-Ray rentgen nəzarət-yoxlama kompleksinin qurulmasına başlanılıb. Binanın uzunluğu 36, eni 11, hündürlüyü isə 8,8 metr olacaq. Kompleks dəmir-beton qurğularla inşa ediləcək.
“SHMİTH HCVG” markalı rentgen- nəzarət sistemi iritutumlu avtonəqliyyat vasitələrinin və onlarda daşınan yüklərin müayinəsində operativliyi və dəqiqliyi təmin edəcək. Bununla da, qaçaqmalçılığa, o cümlədən narkotik vasitələrin, odlu silahların, partlayıcı maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə effektivlik artacaq.
Qeyd edək ki, cari ildə muxtar respublikanın İran İslam Respublikası ilə sərhədində yerləşən hər iki gömrük orqanında – Culfa və Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqələrində X-Ray rentgen nəzarət-yoxlama kompleksləri qurularaq istifadəyə verilib. Almaniya istehsalı olan bu rentgen qurğusu vasitəsilə saatda 23 nəqliyyat vasitəsinə baxış keçirmək mümkündür. Yoxlama X-Ray şüasının köməyi ilə aparılır. Ümumi çəkisi 27 ton olan qurğu yük maşınlarının içərisində istənilən yerdə gizlədilmiş əşyaların təsvirini 1 mm dəqiqliklə görməyə, əşyanın tipini, habelə onların təhlükəlilik dərəcəsini müəyyən etməyə imkan verir. Müayinə bitdikdən sonra kompüterdə avtonəqliyyat vasitəsinin istənilən nöqtəsinə rəngli və ağ-qara formatda baxılır, dəqiq yoxlama və analiz aparılır. Əksetdirmədə üzvi və qeyri-üzvi maddələr rənglərlə avtomatik olaraq fərqləndirilir. Radioaktiv materiallar da ayrıca görünür. Yad cismlər sıxlığına və quruluşuna görə ayırd edilir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti