Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kollegiya iclası keçirilmişdir.
İclası Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov açaraq payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişdir.
Qeyd edilmişdir ki, əhalinin dayanıqlı rabitə ilə təmin olunması, rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər planı hazırlanmışdır. Qış mövsümündə elektrik kəsintiləri, normadan fərqli elektrik verilişləri zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Gərginliyin dəyişməsinə ani reaksiya verən rele qurğuları, stabilizatorlar, abunə qutuları, arabağlantı xətləri üçün qoruyucu bloklar quraşdırılmışdır.
Xətt təsərrüfatının normativə uyğunlaşdırılması, rabitə kabellərinin elektrik xətləri ilə təhlükəli kəsişmələri qaçılmaz olan yerlərdə yeraltı keçid, yaxud rezin borulardan istifadə edilməsi, rayon mərkəzlərində və kəndlərdə yeraltı rabitə qurğularının tikilməsi ilə rabitə xətlərinin yer altına keçirilməsi həm kabellərin istismar müddətinin xeyli artmasına, həm də qəza hallarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. Cari ilin ilk 8 ayında 160 min 396 metr optik kabel çəkilmişdir. 2013-cü ildə yeni telefon çəkilişi və təmir işləri üçün 475 min 78 metr müxtəliftipli kabel ehtiyatı yaradılmışdır.
Nazir bildirmişdir ki, qış aylarında generatorlara və akkumulyatorlara ehtiyac artdığından rübdə bir dəfə bütün yardımçı qurğulara texniki baxış keçirilir. 2013-cü ilin ilk 8 ayı ərzində 152 ədəd yeni akkumulyator, 22 ədəd generator alınıb ATS-lərdə istifadəyə verilmişdir.
Sonra şəhər və rayon rabitə idarələrinin, Radio-Televiziya Ötürücü Mərkəzinin rəisləri çıxış edərək 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər haqqında məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti
* * *
Sədərək Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq bildirmişdir ki, avqustun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə bir sıra tapşırıqlar verilmişdir. Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində rayonda bir sıra tədbirlər həyata keçirilmiş və bu işlər ardıcıllıqla davam etdirilməkdədir.
Görüləsi işlərdən də danışan icra başçısı diqqətə çatdırmışdır ki, rayonda əhalinin etibarlı elektrik enerjisi ilə təmin olunması üçün Elektrik Şəbəkəsi mövcud elektrik xətlərində dayaqlararası məsafələrin standartlara uyğunluğuna nəzarəti gücləndirməli, istifadə müddəti başa çatmış elektrik dirəkləri və elektrik xətlərini yeniləməli, sayğacdankənar elektrik enerjisindən istifadə hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirləri davam etdirməlidir. Elektrik enerjisində texniki itki minimuma endirilməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır.
Rayon Qaz İstismarı Sahəsi payız-qış mövsümündə fasiləsiz qaz nəqlini təmin etmək üçün mütəmadi olaraq qaz xətlərinə texniki baxış keçirməli, yaradılmış mal-material ehtiyatından səmərəli istifadə olunmalıdır. Qaz xətlərindəki nasazlıqlar və sayğacdankənar istifadələr vaxtında müəyyən edilməli və aradan qaldırılması üçün tədbirlər görülməlidir.
Sədərəkdə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin istilik sistemləri ilə təmin olunması istiqamətində görülən işlərdən də danışan İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, bu müəssisələrdə qazanxanalara texniki baxışın keçirilməsi, daxili istilik sistemlərinin qış mövsümünə hazırlığı qısa müddətdə başa çatdırılacaqdır.
Tədbirdə vurğulanmışdır ki, rayonda 100 ton tutumu olan soyuducu anbar fəaliyyət göstərir. Odur ki, əhalinin payız-qış mövsümündə ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbara tədarükü və onların standartlara uyğun şəkildə saxlanılması təmin ediləcəkdir.
Sonra payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı aidiyyəti təşkilatların nümayəndələrinin çıxışları olmuşdur.
Müşavirəyə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov yekun vurmuşdur.
Cəfər ƏLİYEV