23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən iclası nazir Mayis Əliyev açıb. Bildirilib ki, hesabat ilində ətraf mühitin mühafizəsi sahəsində 87 yoxlama-reyd aparılıb, hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 39 protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Atmosfer yağıntıları, torpaq və səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilib. Səth sularının çirklənməsinin monitorinqi çərçivəsində 19 çay, 171 içməli su (kəhriz, bulaq, subartezian quyuları) mənbəyindən, ümumilikdə, 190 su nümunəsi götürülərək üzərində 2850 analiz aparılıb, nəticədə, yüksək və ekstremal çirklənmə halları qeydə alınmayıb.

Vurğulanıb ki, muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması üçün ən mühüm amil olan meşələrin mühafizəsi, yeni meyvə bağlarının, meşə massivlərinin, yaşıllıq zolaqlarının salınmasına xüsusi diqqət yetirilib. Bu sahənin inkişafı ilə əlaqədar təsdiq edilmiş müvafiq dövlət proqramına, sərəncama uyğun olaraq 2019-cu ildə, ümumilikdə, 583,2 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri icra edilib. Bunun 238,5 hektarı yeni meyvə, 13,8 hektarı üzüm bağları, 147,9 hektarı meşəbərpa, 183 hektarı isə toxumla əkin işləridir. Yaşıllaşdırma tədbirlərində 323 min 630 meyvə tingi, həmişəyaşıl ağaclar, meşə tingi, bəzək və gül kolları, 1929 kiloqram müxtəlif meyvə toxumları əkilib. Muxtar respublikada ailə təsərrüfatları, idarə və təşkilatlar tərəfindən, ümumilikdə, 297,4 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri icra edilib.
Qeyd olunub ki, yaşıllaşdırma tədbirlərində tingə olan tələbatın davamlı təmin edilməsi üçün regionun torpaq və iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış ting materialının yetişdirilməsi məqsədilə 4,2 hektar ərazidə toxmacarlıq və qələmkökləndirmə sahələri yaradılıb. Yaşıllıqların artırılması ilə bərabər, onları mühafizə etmək və aqrotexniki qulluq işləri də diqqətdə saxlanılır. Muxtar respublika ərazisində son 26 ildə 19 min hektardan çox sahədə meyvə bağları, meşə massivləri, yaşıllıq zolaqları salınıb və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət tədbirləri nəticəsində meşə və qeyri-meşə fondu ərazilərində yaşıllıqların sahəsi 1990-cı illərlə müqayisədə 0,6 faizdən 20 faizə­dək artırılıb.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində keçirilən iclası giriş sözü ilə xidmətin rəisi Əli Hüseynəliyev açaraq bildirib ki, Ali Məclis Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına əsasən muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyaların verilməsi işi 2019-cu ildə də uğurla davam etdirilib, hesabat dövrü ərzində 803 sahibkara lisenziya təqdim olunub.
Qeyd edilib ki, 2019-cu il ərzində muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, 135 marşrut xəttində 313 avtobusla rayon mərkəzləri və kənd­lərin hamısı marşrutla təmin edilib.
Vurğulanıb ki, beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyəti də diqqətdə saxlanılıb, Türkiyə və İran İslam respublikalarının şirkətləri ilə bağlanmış müqavilələr əsasında sərnişindaşıma xidməti həyata keçirilib. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq muxtar respublika sakinlərinin Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə 2019-cu il yanvar ayının 11-dən etibarən Naxçıvan-Bakı-Naxçıvan marşrutunun gündüz reysləri ilə yanaşı, gecə reysləri də fəaliyyətə başlayıb. Bu marşrutdan istifadə edən sərnişinlərə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə ötən ilin iyul ayından başlayaraq Naxçıvan-Bakı-Naxçıvan marşrut xətti üzrə hərəkət edən avtobuslara tətbiq olunan gömrük nəzarəti sadələşdirilib. Bu məqsədlə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində gömrük nəzarəti zonası yaradılıb. Bu da sərnişinlərin rahatlığının təmin edilməsinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə və avtobusların mənzilbaşına daha tez çatmalarına geniş imkanlar yaradıb. 2019-cu il ərzində bu marşrutla Naxçıvandan Bakıya, ümumilikdə, 950 reys edilib, 30 min 906 sərnişin daşınıb.
İclas məruzə ətrafında çıxışlarla davam edib.

*  *  *

Naxçıvan Dövlət Universitetində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Universitetin rektoru, dosent Elbrus İsayev çıxışında qeyd edib ki, Naxçıvanda ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün muxtar respublika sosial-iqtisadi sahədə irəliləyişə, ictimai həyatda nailiyyətlərə, müdafiə və təhlükəsizlik istiqamətində aparılan uğurlu siyasətə nail olub.
Naxçıvanın bu gün nəinki ölkə miqyasında, hətta dünyada belə, əksər ölkələr üçün modern bir nümunə olduğunu diqqətə çatdıran rektor onu da vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı da bu istiqamətdə ölkə universitetlərinə örnək olan bir addımdır. Sərəncam universitet qarşısında yeni vəzifələr – innovasiya layihələrinin məqsədyönlü axtarışı və reallaşdırılması, elmi nailiyyətlərin və yeni texnologiyaların sahibkarlıq strurkturlarına ötürülməsi, investorlar üçün cəlbedici ola biləcək layihələrin hazırlanması və sair kimi vəzifələr müəyyənləşdirir, irəli sürülən məqsədlər ali məktəblərin innovasiyalı inkişafın aktiv subyektlərinə çevrilməsini tələb edir.
Bildirilib ki, muxtar respublikada aparılan təhsil strategiyasının uğurlu həllidir ki, Naxçıvan Dövlət Universiteti üçün hər il bir tədris korpusu tikilir və ya əsaslı surətdə təmir olunaraq elmi-ictimai mühitin ixtiyarına verilir. 2019-cu il 14 iyun tarixində universitetin Tibb fakültəsinin qurulması və yüksək maddi-texniki baza ilə təmin olunması göstərilən qayğıya bariz nümunədir.
Rektor universitetin beynəlxalq əlaqələrinin yüksək inkişafından danışaraq hazırda ali təhsil ocağında 10 ölkədən 800-ə yaxın tələbənin təhsil aldığını qeyd edib, əcnəbi tələbələrin sayına görə də bu ali təhsil ocağının ölkə universitetləri sırasında seçildiyi vurğulanıb.
Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra rektor ixtisaslı kadrların yetişdirilməsi, gənclərin elmi-tədqiqat işlərinə cəlbi, tədris və elmi-metodik vəsaitlərin müasir dövrün tələblərinə uyğun hazırlanması, 4+1 layihəsi çərçivəsində universitetdə tədrisin ingilis dilində aparılması üçün müvafiq ixtisasların seçilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb.
Sonda universitetin professor-müəllim heyəti hesabat dövrünün ən uğurlu nəticəsi kimi qeyd olunan Tibb fakültəsinə, orada qurulan avadanlıqlara baxıb, mövcud imkanları dəyərləndirib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR