23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazir­liyində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.
Təhsil naziri Rəhman Məmmədov iclasda məruzə edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi­-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2019-cu ildə də davam etdirilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” 2019-cu il 20 iyun tarixli Sərəncamı ilə bu kateqoriyadan olan 7 mindən çox müəllimin əməkhaqqısı sentyabrın 1-dən 20 faiz artırılıb.

Təhsilin inkişafında xidmətlərinə görə müəllimlərimizin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Təhsil, idman və incəsənət sahəsində fərqlənən 3 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb, onların adı “Gənc istedadların Qızıl kitabı”na yazılıb.
Vurğulanıb ki, hesabat dövründə 487 müəllim şahmat fənnini tədris etmək üçün sertifikatla təmin olunub, 170 gənc müəllim, 56 gənc kadr vakant vəzifələrə təyin edilib, müəllimlər diaqnostik qiymətləndirməyə cəlb edilib, onlar üçün ixtisasartırma kursları təşkil olunub.
“Pillə-pillə”, “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” və “Naxçıvan tarixi” dərslikləri nəşr edilib, nazirliyin yeni saytı istifadəyə verilib, təhsilin aktual problemlərinə həsr olunmuş konfranslar keçirilib.
2019-cu ildə ümumtəhsil məktəblərində mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə “Mütaliə aylığı” və dram müsabiqəsi keçirilib, “Tariximizi qoruyaq və yaşadaq” aksiyasında 400-dən artıq maddi mədəniyyət nümunələri toplanıb, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda innovativ dərnək yaradılıb, muxtar respublika, respublika və beynəlxalq səviyyəli olimpiadalar, müsabiqələr, “Vətənpərvərlik” mövzusunda açıq dərslər, şagirdlərin hərbi hissələrə tanışlıq ekskursiyaları təşkil olunub.
Diqqətə çatdırılıb ki, 2018-2019-cu tədris ilinin məzunlarından 13-ü qızıl, 16-sı gümüş medala, 45-i isə fərqlənmə attestatına, ümumi orta təhsil səviyyəsi üzrə isə 69 məzun fərqlənmə attestatına layiq görülüb. Onlardan 1720-si ali, 244-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Ali məktəblərə qəbul olanlardan 1192-si ixtisas seçimi zamanı muxtar respublikanın ali təhsil müəssisələrinə üstünlük verib. 281 məzun qəbul imtahanlarında 500-700 arası bal toplayıb, onlardan 4-ü Prezident təqaüdünə layiq görülüb.
Sonra məruzə ətrafında çıxışlar olub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində keçirilən iclasda agentliyin baş direktoru Hikmət Əsgərov çıxış edərək beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasından irəli gələn vəzifələr barədə məruzə edib. Bildirilib ki, 2019-cu ildə muxtar respublikada sığorta fəaliyyətinin daha da genişləndirilməsi, kütləviliyinin təmin olunması və vətəndaşlar arasında sığorta mədəniyyətinin inkişaf etdirilməsi üçün bir sıra işlər görülüb.
Qeyd olunub ki, sığorta işinin daha da təkmilləşdirilməsi məqsədilə ötən il agentlik tərəfindən muxtar respublikanın hər bir rayon (şəhər) İcra hakimiyyətləri ilə ayrılıqda “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrə dair” müşavirələr keçirilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan sürücülərin icbari sığortaya cəlb olunması məqsədilə agentliyin və Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə reydləri təşkil olunub. Həmçinin sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası və onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilməsi və sığorta etdirməyənlərin sığortaya cəlb olunması məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə sahibkarlıq subyektlərində maarifləndirici söhbətlər aparılıb.
Diqqətə çatdırılıb ki, görülmüş işlərin nəticəsində ötən il agentlik üzrə hüquqi və fiziki şəxslərdən sığorta tədiyələrinin toplanması həcmi 2018-ci illə müqayisədə, ümumilikdə, 7,3 faiz artıb. Bu dövrdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılmış müqavilələrin sayında 1330 ədəd, daşınmaz əmlakın icbari sığortası üzrə toplanmış sığorta tədiyələrinin həcmində 5,7 faiz, yaxud müqavilə sayında 1131 ədəd, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə toplanmış sığorta tədiyələrinin həcmində 2,8 faiz artım olub. Əmlakın yanğın və digər risklərdən sığortası üzrə toplanmış tədiyələrin həcmi 9,3 faiz artıb.
İclasda kənd təsərrüfatı sığortasının əhəmiyyətindən də bəhs olunaraq bildirilib ki, muxtar respublikada kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə 1652 sığorta müqaviləsi bağlanılıb.
Qeyd olunub ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanmış tədiyələrin həcmi 27,6 faiz artıb.
Tədbirdə mövcud çatışmazlıqlara da toxunularaq sığorta tədiyələrinin toplanması işində rayon Dövlət Sığorta agentliklərinə qarşıdakı dövrdə daha səylə çalışmaq tapşırığı verilib. Məruzə ətrafında müzakirələr olub.

*  *  *

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açaraq məruzə edib. Bildirib ki, ötən il Naxçıvan şəhərində əhalinin mənzillərə olan tələbatının ödənilməsi məqsədilə yeni yaşayış binalarının tikintisinə, habelə mövcud binaların yenidən qurulmasına xüsusi diqqət yetirilib. Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası, 5 nömrəli tam orta məktəb, Orta İxtisas Polis Məktəbi, Saat Meydanı və müxtəlif təyinatlı digər obyektlər istifadəyə verilib.
Qeyd olunub ki, sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, əhalinin rifah halının yaxşılaşması demoqrafik vəziyyətə də müsbət təsir göstərib, Naxçıvan şəhərində əhalinin sayı artaraq 1 noyabr 2019-cu il tarixə 94 min 390 nəfər olub.
Vurğulanıb ki, 2019-cu ildə əmək pensiyalarının və müavinətlərin artırılması ilə bağlı ölkə başçısının imzaladığı sərəncamların icrası istiqamətində tədbirlər həyata keçirilib, vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün müvafiq işlər görülüb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli Sərəncamına əsasən Naxçıvan şəhəri üzrə 10 min 954 əmək pensiyaçısının müavinəti 3 faiz indeksləşdirilərək artırılıb. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Naxçıvan şəhərində 115-i qadın olmaqla, 803 işaxtaran vətəndaş qeydiyyata alınıb, 95 qadın, 234 gənc, 653 müxtəlif yaş qruplarına məxsus vətəndaş iqtisadiyyatın ayrı-ayrı sahələrində işlə təmin olunub. Keçirilən 2 əmək yarmarkasında 93, 1 səhiyyə yarmarkasında isə 14 nəfərə göndəriş verilib.
Diqqətə çatdırılıb ki, aqrar sahənin inkişafı da diqqət mərkəzində saxlanılıb. Bu isə kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırıb. 1 dekabr 2019-cu il tarixə 817 hektar buğda əkini sahəsindən 2451 ton, 218 hektar arpa əkini sahəsindən 560 ton məhsul yığılıb. 235 hektar bostan bitkiləri əkini sahəsindən 2 min 250 ton, 374 hektar tərəvəz bitkiləri sahəsindən 3 min 542 ton, 32 hektar kartof əkilmiş sahədən 360 ton, üzüm bağlarından 117 ton, meyvə bağlarından 1056 ton məhsul tədarük edilib. 1 dekabr 2019-cu il tarixə 887 hektar sahədə şum qaldırılıb, 769 hektar sahədə dən üçün payızlıq səpin aparılıb. Müvafiq dövlət proqramına uyğun olaraq 69,2 hektar yeni meyvə bağı salınıb, 18 hektarda bərpa işləri aparılıb.
Mirsənani Seyidov əminliyini bildirib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasından irəli gələn vəzifələri layiqincə yerinə yetirəcək, şəhərin sosial-iqtisadi inkişafına 2020-ci ildə də öz töhfələrini verəcəklər.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.

*  *  *

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasından irəli gələn vəzifələrə və Naxçıvan Muxtar Respublikasının arxiv xidməti təşkilatlarının 2019-cu ildə gördükləri işlərə həsr olunan iclasda Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov çıxış edərək bildirib ki, 2019-cu ildə qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası və illik iş planlarından irəli gələn vəzifələrin həyata keçirilməsi daim diqqət mərkəzində olub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2018-ci il aprelin 12-dən başlayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində arxiv işinin mövcud qanunverici­liyə və təlimatlara uyğun olaraq qurulması istiqamətində tədbirlər davam etdirilib. Kitabxananın fondu ekspertizadan keçirilərək siyasi əhəmiyyətini itirmiş və yararsız halda olan 601 adda 711 nüsxə kitab və 40 qovluq “Zaman” qəzeti məhv edilib.
Qeyd olunub ki, əməkdaşlar tərəfindən, ümumilikdə, 753 fond üzrə 429 min 537 saxlama vahidindən ibarət fond siyahılarının elektron kataloqu hazırlanıb. Axtarış pro­qramının hazırlanması istiqamətində işlər davam etdirilir.
2019-cu ildə idarənin məsul əməkdaşları muxtar respublika rayonlarının dövlət arxivlərində olub, sənədlərin elmi və əməli dəyərinin ekspertizasının aparılması, fond siyahılarının yenidən işlənməsi və arxiv işinin digər sahələri ilə bağlı lazımi əməli və metodik köməklik göstərilib.
Bildirilib ki, ötən il ərzində 8 min 60 vərəqə bərpa edilib, həmçinin bərpaya ehtiyacı olan 145 fotoşəkil bərpa edilib. Sənədlərin tikilməsi və cildlənməsi sahəsi üzrə illik plan 5000 saxlama vahidinə qarşı 5 min 185 saxlama vahidi tikilərək 103 faiz yerinə yetirilib. İllik iş planında 5000 saxlama vahidinin karton qutulara yığılması nəzərdə tutulub, 6 min 227 saxlama vahidi karton qutulara yığılaraq plana 124 faiz əməl olunub.
Kağız əsaslı sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanılması maddəsi üzrə illik plan 80 min saxlama vahidinə qarşı 90 min 592 saxlama vahidinin mövcudluğu yoxlanılıb. Həmçinin 6 min 500 plana qarşı 6 min 584 fotosənədin və 700 plana qarşı 379 kinolentin mövcudluğu da yoxlanılıb və müvafiq aktlar tərtib edilib.
2019-cu ildə qəbul mənbəyi olan idarə, təşkilatlardan və rayon dövlət arxivlərindən, ümumilikdə, 9 min 31 saxlama vahidi sənəd daimi mühafizə üçün Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə qəbul edilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

* * *

AMEA Naxçıvan Bölməsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edib. Bildirilib ki, muxtar respublika ərazisində etnoqrafik və epiqrafik, onomastik, dialektoloji və folklor, flora və fauna, o cümlədən qədim çap kitab və əlyazmaların toplanılması, elmi ekspedisiyaların aparılması, qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, maddi mədəniyyət nümunələrinin elmi cəhətdən analiz edilməsi bölmə əməkdaşları qarşısında duran əsas vəzifələrdən olub.

Akademik rəhbərlik etdiyi bölmənin tərkibindəki elmi-tədqiqat müəssisələrində 7 mövzuya daxil olan 37 işin 96 mərhələdə yerinə yetirildiyini deyib. Qeyd edib ki, bölmə əməkdaşları tərəfindən 18 monoqrafiya, 8 kitab, 1 kitabça, 3 metodik vəsait, 549 elmi məqalə, 225 konfrans materialı, 7 tezis olmaqla, ümumilikdə, 811 elmi əsər çap edilib, 4 buklet və bir xəritə tərtib olunub. Monoqrafiyalardan 4-ü, elmi məqalələrdən 73-ü, konfrans materiallarından 57-si, tezislərdən 1-i xaricdə nəşr olunub. Əməkdaşların impakt faktorlu jurnallarda 37 elmi məqaləsi işıq üzü görüb ki, bunlardan 10-u Clarivate Analytics siyahısına daxildir. Əsərlərə 287 istinad qeydə alınıb.
Akademik İsmayıl Hacıyev 2019-cu ildə bölmənin iki seriya üzrə “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının dörd nömrəsinin çapdan çıxdığını vurğulayıb. Bildirib ki, bölmədə, həmçinin “Naxçıvan Duzdağı” kitabı, “Nemətullah Naxçıvani: taleyi və sənəti” və “Ərtoğrol Cavid: taleyi və sənəti” məqalələr topluları çap olunub, “Naxçıvan tarixi mənbələrdə” kitabı hazırlanıb.
Diqqətə çatdırılıb ki, ötən il bölmə əməkdaşları respublika və beynəlxalq ekspedisiyalarda iştirak edib, 4 tarixi-sənədli filmin elmi məsləhətçisi olublar.
Bölmə əməkdaşları tərəfindən Biləv alüminium süxurundan alınan alüminium sulfat və alüminium zəyinə dair iki ixtira tərtib olunaraq Əqli Mülkiyyət Agentliyinə təqdim edilib.
Bölmənin sədri tədqiqat dövründə yerinə yetirilən qrant layihələrindən də danışıb, ötən il 2 respublika səviyyəli qrant layihəsinə yekun vurulduğunu deyib. Bildirib ki, 2-si beynəlxalq, 1-i respublika səviyyəli olmaqla, 3 qrant layihənin icrası hazırda davam etdirilir. Müxtəlif layihələr çərçivəsində hamiliyə götürülən ixtisasların tələbələrinin iştirakı ilə aktual mövzularda diskussiyalar təşkil edilib, praktik məşğələ aparılıb, seminarlar keçirilib.
Sonda İsmayıl Hacıyev şöbə və laboratoriyaların komplektləşdirilməsi, ixtisaslı elmi kadrların hazırlanması, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və elmin istehsalatda tətbiqinə diqqətin artırılması ilə bağlı tapşırıqlar ­verib.
Tədbir çıxışlarla davam edib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR