Avqustun 31-də Türkiyə Respublikasının İğdır Vilayətinin valisi Ahmet Pek və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.
Səfər ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarətlə başlamış, qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olmuşlar. Muzeydə ulu öndərin çoxşaxəli siyasi və dövlətçilik fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Muzeylə tanışlıqdan sonra iğdırlı rəsmilər Daxili Qoşunların Naxçıvan Alayında olmuşlar. Qonaqlar alayın döyüş texnikalarına baxmış, xidmətin təşkili ilə maraqlanmışlar. Həmçinin onlar alayın zabit-gizir ailələri üçün tikilib istifadəyə verilən yaşayış binalarında yaradılan şəraitlə də tanış olmuşlar.
Daha sonra səfər Naxçıvan Biznes Mərkəzi ilə tanışlıqla davam etdirilmişdir. Məlumat verilmişdir ki, burada muxtar respublikanın 54 müəssisəsindən gətirilən yerli istehsal məhsulları nümayiş etdirilir. Mərkəzdə sərgiyə qoyulan 230-dan çox ərzaq və sənaye məhsulları, həmçinin sənətkarlıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanmışdır. Nümayəndə heyəti muxtar respublikadakı bir neçə sənaye və istehsal müəssisələrində də olmuş, müəssisələrin iş prosesi və istehsal olunan məhsulların keyfiyyəti ilə maraqlanmışdır.
Naxçıvan şəhərinin tarixi abidələri və görməli yerləri ilə tanışlıq Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarətlə başlamışdır. Sonra qonaqlar “Naxçıvanqala”da aparılan bərpa işləri ilə də tanış olmuş, Əcəmi seyrəngahındakı Açıq Səma Altında Muzeyə və Möminə xatın türbəsinə baxmışlar. İğdırlı qonaqlar Heydər Əliyev Sarayında da olmuş, Naxçıvan Dövlət Rəsm Qalereyasında naxçıvanlı rəssamların müxtəlif janrlarda çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxmışlar. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Xalça Muzeyi və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da qonaqlarda xoş təəssürat yaratmışdır.
Bununla da, İğdır nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatmışdır.
“Şərq qapısı”