22 Dekabr 2024, Bazar

1991-ci ilin 3 sentyabrı Azərbaycan tarixinə xilaskarlıq missiyasının başlanğıcı kimi yazılmışdır

“...Gərək hər bir rəhbər adam belə hesab etsin ki, onun borcu xalqının, öz torpağının, rəhbərlik etdiyi vilayətin, respublikanın müqəddəsliyinin keşiyində durmaqdır. Demək, özünü bir kənara qoymalısan, öz şəxsi arzularından əl çəkməlisən, özünü ancaq bu işə sərf etməlisən”. 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası qarşısına toplanmış insanların təkidli tələbi ilə muxtar respublika rəhbəri seçilməyə razılıq verən ulu öndərimiz Heydər Əliyev məhz bu müdrik fikrinin işığında öz xilaskarlıq missiyasına başlamışdır.
Deyirlər ki, böyük şəxsiyyətlərin dünyaya gəlişi sakit, idarəçiliyə gəlişi mərhələli, idarəçilikdən gedişi xarizmatik, siyasi hakimiyyətə yenidən qayıdışları isə möhtəşəm olur. Bu möhtəşəm qayıdış heç də həmişə yox, yalnız tarixin gedişatının dəyişdiyi məqamlarda baş verir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə nəzər saldığımız zaman biz bu mərhələləri açıq-aydın görürük.

Ötən əsrin 60-cı illərinə qədər dövlət idarəçiliyinin müxtəlif və məsuliyyətli mərhələlərində özünü sınamış ümummilli lider Heydər Əliyev dühası üçün 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövr yeni bir mərhələ olmuşdur. Bu mərhələdə xalqımızın böyük oğlu təkcə dövlət rəhbəri kimi yox, əsl dövlət xadimi kimi özünəməxsus idarəçilik fəlsəfəsinin əsas konturlarını müəyyənləşdirmişdi. Dahi öndəri dövlət rəhbərindən ali səviyyəli dövlət xadimi səviyyəsinə qaldıran da məhz bu idarəçilik fəlsəfəsi olmuşdur.
Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi kimi mühüm amillər təşkil edir. Dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsi, respublikanın böyük şəhərlərindən tutmuş ən ucqar dağlıq rayonlarını da əhatə etməklə çoxlu sayda zavod, fabrik, istehsal sahələrinin tikilib istifadəyə verilməsi, yeni iş yerlərinin açılması və əhalinin sosial-məişət şəraitinin xeyli yaxşılaşdırılması ulu öndərin siyasi fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir. Ötən əsrin 70-ci illərindən başlanan kompleks inkişaf Azərbaycanın digər regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasını da öz əhatəsinə almışdı. Muxtar respublikada sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunmuş, emal və hasilat şəbəkəsi genişlənmişdi. Naxçıvanda zavodlar, fabriklər, kombinatlar tikilmiş, regionun inkişafını gücləndirmək məqsədilə müxtəliftəyinatlı müəssisələr yaradılmışdı.
XX əsrin 80-ci illərinin sonunda Sovet İtti­faqı kimi nəhəng imperiyanın süquta uğraması ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac verilmişdi. Həmin vaxt ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Azərbaycan iqtidarı muxtar respublikaya ögey münasibət bəsləyir, Naxçıvanı “acı bağırsaq kimi kəsib atmaq”, bəziləri isə muxtariyyət statusunu ləğv etmək barədə bəyanatlarla çıxış edirdilər. Yaranmış boşluqdan istifadə edən Ermənistan isə siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı.
Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərir, muxtar respublikanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Bunların əvəzində həm mərkəzi hökumət, həm də mərkəzin diqtəsi ilə Azərbaycanın yerli hakimiyyət orqanları Naxçıvan camaatına və muxtar respublikanın hakimiyyət orqanlarına təzyiq göstərirdi. Kreml rəhbərliyi Ermənistan ordusuna dəstək verməklə Naxçıvana qarşı həmlələri genişləndirirdi. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda ulu öndərimiz Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında Azərbaycan Respublikasının Ali Sovetinə və muxtar respublikanın Ali Məclisinə deputat seçilməsi xalq arasında ölkənin gələcəyinə inamı gücləndirmişdi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda yuxarıda qeyd etdiyimiz kimi, bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü idi. Dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovetlər İttifaqının rəhbərlərindən biri olmuş, uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycan milli dövlətçilik tarixinin ən mühüm hadisəsi, Azərbaycan xalqının itməkdə olan ümidlərinin dirçəldilməsi və gələcəyə inamının artması baxımından möhtəşəm dönüş idi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası gərgin bir dövrdə keçirilmişdi. Bundan bir neçə gün əvvəl – 1991-ci ilin avqust ayında SSRİ-də Mixail Qorbaçov iqtidarına qarşı çevriliş cəhdi göstərilmiş, imperiyanı saxlamaq təşəbbüsü bununla da, arxivin bir küncünə atılmışdı. İmperiyanın parçalanmağa doğru getdiyi, müttəfiq respublikaların öz müqəddəratını təyin etmək üçün cəhdlər göstərdiyi bir məqamda Azərbaycan hakimiyyətinin hələ də imperiya caynağından qurtulmaq üçün ən adi cəhdi belə, göstərməməsi Azərbaycanı baş verən proseslər kontekstində oyundankənar vəziyyətə salırdı. Məsələn, o dövrdə Sovet İttifaqı Kommunist Partiyasının dağılmasına baxmayaraq, Azərbaycanda hələ də bu partiyanı saxlamaq üçün cəhdlər göstərilirdi. Xalq deputatı Heydər Əliyevin böyük uzaqgörənliyi sayəsində Ali Məclisin 1991-ci il 26 avqust tarixli sessiyasında Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Təşkilatını buraxmaq məsələləri müzakirə edilərək qərar çıxarılmışdı. Faktiki olaraq, Naxçıvan Muxtar Respublikasında Sovet hakimiyyəti yox idi. Çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisinin görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən 1990-cı il 17 noyabr tarixli sessiyası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək Naxçıvan Muxtar Respublikası adlandırılmasını qərarlaşdırmışdı. SSRİ-nin hələ süqut etmədiyi dövrdə Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün olmuşdu. Sessiyada Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və Dövlət bayrağı Ali Məclisin iclas salonuna gətirilmişdi. Bütün bunlar yalnız və yalnız ulu öndərin böyük siyasi iradəsinin, yüksək Azərbaycançılıq idealının, eləcə də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 3 sentyabr tarixli fövqəladə ses­siyasının gündəliyinə Naxçıvan Muxtar Respublikası ilə əlaqədar zəruri məsələlər daxil edilmişdi. Fövqəladə sessiya ölkədə Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsinə münasibət bildirməli idi. Eyni zamanda gündəliyə daxil edilmiş Azərbaycan Kommunist Partiyası Təşkilatının fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi də cəsarətli münasibət tələb edirdi. Hətta gündəlikdə öz əksini tapmış vilayət partiya təşkilatının əmlakının inventarizasiyasının aparılması üçün komissiyanın yaradılması məsələsinin həllini arzu etməyən bəzi qüvvələr də var idi. Gündəlikdə nəzərdə tutulan məsələlərin hamısının həllinə təsir göstərmək Azərbaycanda müstəqil dövlətçilik prosesinin dərinləşdirilməsinə və sürətləndirilməsinə xidmət edəcəkdi. Ancaq həmin məsələlərin müsbət həlli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında bu ali hakimiyyət orqanının sədri seçiləcək şəxsin siyasi iradəsindən, cəsarətindən və uzaqgörənliyindən çox asılı idi.
Sadalanan bu xarakterik xüsusiyyətləri isə xalq yalnız və yalnız bir siyasi liderdə – ümummilli liderimiz Heydər Əliyevdə görürdü. Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insanın ulu öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsini tələb etməsi də məhz bundan irəli gəlirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev isə Azərbaycana qayıdarkən dediyi fikri təkidlə təkrarlayırdı. Əvvəlki çıxışlarında olduğu kimi, məlum sessiya ərəfəsində də ulu öndərimiz Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da o, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etmiş, lakin bunu istəmədiyini dəfələrlə təkrarlamış, digər bir namizədin seçilməsini təkid etmişdi. Ulu öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasındakı qısa, lakin tarixi çıxışları fikrimizi bir daha təsdiq edir: “Xahiş edirəm, məni düzgün başa düşəsiniz. Və bilin ki, bu, mənim tərəfimdən tamamilə qətiyyətlə deyilən sözdür. Mən necə bir azərbaycanlı kimi, necə bir Naxçıvan əhli kimi çiynimə avtomat salıb, bax bu dağlarda gedib, Naxçıvan torpağını qorumağa hazıram. Naxçıvan Ali Məclisinin hər bir tapşırığını yerinə yetirməyə hazıram. Azərbaycan xalqının yolunda, onun azadlığı yolunda, Naxçıvanın gələcək inkişafı yolunda canımı qurban verməyə hazıram. Ancaq mən vəzifə tutmaq istəmirəm. Xahiş edirəm, bunu düzgün başa düşəsiniz. Mənim üzərimə başqa nə vəzifə, tapşırıq verəcəksinizsə, mən hamısına hazıram. Yenə də deyirəm, mən buradan çıxıb, avtomatı çiynimə salıb, gedib dağlarda Naxçıvanı qorumağa hazıram. Buna təcrübəm də var, hələ ki gücüm də var. Ancaq xahiş edirəm ki, bu sözlərimi səmimi söz kimi qəbul edəsiniz, məni başa düşəsiniz və xahiş edirəm ki, bu məsələni müzakirə etməyəsiniz”.
Belə bir məqamda zaldakı deputatların ümummilli liderin diqqətinə yalnız deputatların deyil, xalqın təkidli tələbini çatdırması ulu öndərimizin Azərbaycanın taleyi naminə razılıq verməsi ilə nəticələnmişdi. Beləliklə, xalqın təkidi ilə ulu öndər Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə, fövqəladə olaraq çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verməli olmuşdu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bütün tarixi ərzində keçirilmiş ən uzunmüddətli – 5 gün davam edən bu sessiyasında ölkə səviyyəsində və region üçün əhəmiyyətli olan məsələlər geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur. Gündəlikdə duran məsələlərə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası yaranmış tarixi şəraitdə alternativsiz namizəd irəli sürüldüyünü, hələlik, ölkədə çoxpartiyalı sistemin formalaşmadığını, Kommunist Partiyasının süquta uğradığını, seçki komissiyası və məntəqələri üzvlərinin partokratiya nümayəndələrinin sifarişi ilə təyin olunduğunu nəzərə almaqla Azərbaycan Respublikasının Prezidentinin seçilməsi üçün 1991-ci il 8 sentyabr tarixə təyin edilmiş seçkilərin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilməsinin dayandırılmasına dair qərar qəbul etmişdir. Eyni zamanda 3 sentyabr 1991-ci il tarixli sessiyada “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə olunaraq Azərbaycan Respublikasının Ali Sovetindən xahiş edilmişdir ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi Büro, Mərkəzi Komitə dağıdıldığı üçün respublikada da bu siyasi-təşkilati qurumların fəaliyyəti dayandırılsın. Bundan başqa, sessiyada Naxçıvan Muxtar Respublikasında partiya təşkilatlarının əmlakının milliləşdirilməsini təmin etmək üçün deputat komissiyasının yaradılmasına da qərar verilmişdir.
Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan ümummilli liderimiz real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başladı. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanması təmin olundu. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası qoyuldu. Qeyd etmək lazımdır ki, ilk milli hərbi parad da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilmişdi. Həmin dövrdə düşünülmüş genişmiqyaslı müdafiə tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikası kənardan böyük dəstək alan Ermənistanın işğalından xilas oldu.
Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləmişdir. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atmış, 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmışdı. İmzalanan protokollara əsasən, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdu. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başlamışdır.
Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də ümummilli liderimizin diqqət mərkəzində olmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bu islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur. 1992-ci il noyabrın 21-də isə respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdi. Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə demişdir: “Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı”.
Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi sayəsində regionların inkişafı proqramının düşünülmüş və məqsədyönlü həlli ilə Azərbaycanda bütün bölgələrin bərabər və yüksək inkişafına nail olunmuşdur. Nəticədə, qısa müddətdə dünyanı heyran qoyan möhtəşəm Azərbaycan dövləti yaradılmışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikasında da böyük inkişafa nail olunmuşdur. Bu gün əminliklə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin tarixin çətin məqamlarında böyük xilaskarlıq missiyasını həyata keçirərək qoruyub saxladığı və gələcək inkişaf proqramını müəyyən etdiyi Naxçıvan Muxtar Respublikası hazırda ulu öndərin arzusunda olduğu inkişafa və tərəqqiyə qovuşub. Təsadüfi deyildir ki, bu gün Naxçıvanı siyasi baxımdan “Qafqazın Strasburqu”, iqtisadi inkişaf baxımından isə “Qafqazın San-Fransiskosu” kimi təqdim edirlər. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin dövlətçilik yolunu Naxçıvanda ardıcıllıqla davam etdirən Ali Məclisin Sədri cənab Vasif Talıbovun Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətidir.
Göründüyü kimi, görkəmli dövlət xadimi Heydər Əliyevin iyirmi iki il bundan əvvəl, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin qurtuluş tarixi başlanmışdır. Dövlət başçısı cənab İlham Əliyevin böyük siyasətdə və möhtəşəm quruculuq proseslərində atdığı ciddi və əhəmiyyətli addımlar isə bu qurtuluşun əbədi olacağına təminat verir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR