2019-cu ilin son ayının ümumi mənzərəsində də bu, aydın görünür
30 ilə yaxın dövrün blokadalı, eyni zamanda inkişaf və tərəqqili növbəti ilinin – 2019-cu ilin dekabr ayını da Naxçıvan ictimai-siyasi, sosial-iqtisadi uğurlarla başa vurdu. Ölkənin ən strateji bölgəsi olan muxtar respublikada son 25 ildə əldə olunan nailiyyətlər deməyə əsas verir ki, prinsipiallıq əsas hədəf kimi seçiləndə istənilən çətinliyi aşmaq, qarşıya qoyulandan daha çox uğura imza atmaqla çağdaş dövrün tarixini qürurverici hadisələrlə zənginləşdirmək mümkündür. Təməlində ulu öndərimiz Heydər Əliyevin inkişaf konsepsiyası dayanan və hələ illər öncədən gələcəyə hesablanmış mərhələli strateji hədəflər muxtar respublikanın hərtərəfli tərəqqisi ilə nəticələnib.
Göstərilən dövlət qayğısı sayəsində bütün sahələrin eyni ahənglə inkişafı ilə müasirləşən Azərbaycanın beşminillik yaşlı Naxçıvanı, eyni zamanda tarixi-mədəni abidələrin, islami dəyərlərin qorunub yaşadıldığı qədim məkandır. Dekabrın 4-də Naxçıvanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyinin qeyd olunması bunu deməyə əsas verir.
Bu münasibətlə təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yubileylərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 9 aprel tarixli Sərəncamına əsasən qeyd olunduğunu bildirib. Ali Məclisin Sədri Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib, onun fəaliyyətində ümummilli liderin ideyalarına sonsuz sədaqəti ilə seçildiyini, İslam dininin düzgün təbliği, cəmiyyətdə dini-mənəvi həmrəyliyin möhkəmləndirilməsi və dövlət-din münasibətlərinin inkişafında mühüm xidmətlər göstərdiyini vurğulayıb. Həmin gün yubiley tədbiri çərçivəsində Ordubad rayonunun Dırnıs kəndində “Allahşükür məscidi” istifadəyə verilib.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən muxtar respublikada aqrar sektorun inkişafı ən çox diqqət göstərilən sahədir. Elə bunun nəticəsidir ki, kənd yerlərində əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verən qapalı suvarma şəbəkələri qurulur. Son illər istifadəyə verilən belə suvarma şəbəkələri hesabına 5 min hektara yaxın yeni torpaq sahələri əkin dövriyyəsinə qatılıb.
Dekabrın 6-da Ali Məclisin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib.
Ali Məclis Sədrinin də vurğuladığı kimi, torpaqların əkin dövriyyəsinə qatılmasına, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edən, eyni zamanda kənd sakinlərinin yaşayış səviyyəsini yaxşılaşdıran qapalı suvarma şəbəkəsinin qurulması ilə Türkeş kəndində 343 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib ki, bu da kənddə əkinçiliyin inkişafına mühüm töhfə verəcəkdir. Ali Məclisin Sədri bu münasibətlə kənd sakinlərini təbrik edib, qapalı suvarma şəbəkəsini işə salıb, torpaqların əkin atlasına uyğun əkilməsi, kənd sakinlərinin məhsuldar toxum sortları, gübrə və texnika ilə təmin olunması, güzəştli kreditlərin verilməsi və yeni qapalı suvarma şəbəkələrinin qurulması barədə aid təşkilatlara tapşırıqlar verib.
Müdafiə təhlükəsizliyinin təmin olunması Naxçıvan Muxtar Respublikasının davamlı inkişafının əsasıdır. Muxtar respublikada ordu quruculuğuna diqqətin artırılması, silah və texnika təminatı ilə yanaşı, həm də hərbi hissələrdə müasir xidmət infrastrukturunun və yaşayış şəraitinin yaradılması sahəsində tədbirlər görülür.
Dekabrın 7-də Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri cənab Vasif Talıbov deyib: “Əlahiddə Ümumqoşun Ordunun strukturuna daxil olan hərbi hissələrin təyinatlarına uyğun olaraq yerləşdirilməsi, yeni əsgəri-məişət komplekslərinin tikilməsi, müasir silah-sursatla təminatı qarşıda duran əsas vəzifələrdəndir. Bu gün qərargah binası istifadəyə verilən hərbi hissənin yaradılması və müasir əsgəri-məişət kompleksi ilə təmin olunması da görülən işlərin davamıdır. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərindəki hərbi hissələrlə yanaşı, ən ucqar məntəqələrdəki postlar üçün də müasir əsgəri-məişət kompleksləri tikilərək istifadəyə verilmişdir. Əsgərlərimiz yaradılan şəraitdən istifadə edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini və müdafiəsini etibarlı təmin edirlər”.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, şəxsi heyətə xidmətdə uğurlar arzulayıb, xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Naxçıvanda həyata keçirilən bütün tədbirlərin məğzində insan amili dayanır. Hələ illər öncə ucqarlardan başlanan quruculuq işləri ilə – kəndlərdə yaradılan müasir infrastruktur, yeni sosial obyektlər, çəkilən yollar, salınan körpülərlə əhalinin rahat yaşayışı təmin edilir.
Ötən il Şərur rayonunun Xələc kəndində də geniş quruculuq işləri görülüb, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olub. Dekabrın 9-da Xələc kənd tam orta məktəbinin yeni binası, kənd mərkəzi, Yengicə-Xələc-Çomaxtur kənd avtomobil yolu, yeni xidmət mərkəzi sakinlərin istifadəsinə verilib. Ali Məclisin Sədri açılış tədbirlərində iştirak edib, təhsil, səhiyyə, mədəniyyət işçiləri ilə görüşüb, söhbət edib, onlara tövsiyələrini verib, kənd sakinləri ilə xatirə şəkli çəkdirib.
Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən Şərur rayonunda yaradılan Sənaye Məhəlləsində görülən işlərlə tanış olub, tikinti işlərinin layihəyə uyğun aparılması, daha çox tələbat olan məhsulların istehsalına üstünlük verilməsi, mühəndis-texniki tələblərə əməl olunması barədə tapşırıqlar verib.
2019-cu il muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı əsaslı tədbirlərin həyata keçirildiyi il kimi yadda qalıb. Ötən il iyulun 5-də Kəngərli, oktyabr ayının 31-də Şahbuz rayonlarında Ali Məclis Sədrinin sərəncamları ilə icbari tibbi sığortanın tətbiqinə başlanılıb, müşavirələr keçirilib, müvafiq tapşırıqlar verilib. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2019-cu il dekabrın 10-da “Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq həmin gün Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb, Ali Məclisin Sədri bununla bağlı keçirilən tədbirdə iştirak edib.
Dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə də keçirilib. Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərin nəzarətdə saxlanılması, bu sahədəki yeniliklərin öyrənilərək tətbiq edilməsi, Culfa və Babək rayonlarında icbari tibbi sığortanın tətbiqi sahəsində işlərin başa çatdırılması barədə aid qurumlara müvafiq tapşırıqlar verib.
Bu gün Naxçıvan Muxtar Respublikası hərtərəfli, xüsusilə sosial-iqtisadi inkişafı, coğrafi mövqeyinin turizmin bütün növlərini burada mümkün etməsinə görə dünyanın maraq göstərdiyi bir məkana çevrilib. Elə ötən il həm də muxtar respublikaya bir-birinin ardınca gələn xarici qonaqlarla da yadda qalıb.
Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovu, dekabrın 11-də isə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyini qəbul edib. Qazaxıstan və Macarıstan respublikaları arasında iqtisadi, təhsil və turizm sahələrində qarşılıqlı əlaqələrin inkişafı üçün imkanların olduğunu diqqətə çatdırıb.
Ötən il Azərbaycana rəhbərliyə gəlməsinin 50 ili tamam olan ümummilli lider Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində 1969-1982-ci illər Azərbaycan tarixinə iqtisadi və milli-mədəni yüksəliş dövrü kimi daxil olub. Həmin dövrdə respublika həyatının bütün sahələrində kompleks tədbirlər həyata keçirilib, Azərbaycan ittifaq respublikaları içərisində inkişaf tempinə görə öncül mövqeyə yüksəlib, tarixi-mədəni irsimiz, milli dəyərlərimiz qorunub yaşadılıb.
“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” fikirləri həyat amalı olan görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqil və inkişaf etmiş dövlət kimi regionda söz sahibinə çevrilib. Dahi rəhbərin şərəfli ömür yolu Vətənə xidmət nümunəsi, qürur və fəxarət rəmzidir. Onun xatirəsi hər bir azərbaycanlı üçün əzizdir.
Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib.
Naxçıvanda ilkin şəhərsalma mədəniyyətinin formalaşmasına başlıca təsir göstərən amillərdən biri – Duzdağ mədəniyyəti, duzçıxarma sənayesi bu gün müasir şəkildə inkişaf etdirilir. Ali Məclisin Sədri deyib: “Duz Naxçıvanın brendidir”. Dekabrın 19-da Duzdağda yeni şaxta açılması münasibətilə keçirilən tədbirdə muxtar respublika rəhbəri yeni şaxtanın açılmasının və ərazidə yeni duz istehsalı müəssisəsinin qurulacağının əhəmiyyətini vurğulayıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb. Ali Məclisin Sədri Naxçıvanda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolunun artırılması” mövzusundakı tədbirə görə qonağa təşəkkürünü bildirib, Azərbaycan ilə təşkilat arasında həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib.
Tarixin sınağından 30 illik bir zaman kəsiyində alnıaçıq çıxan Naxçıvan 2019-cu ilə də uğurlarını yazdı. Dekabrın 21-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında Ali Məclis Sədrinin məruzəsində deyildiyi kimi: “2019-cu ildə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər davam etdirilmiş, makroiqtisadi göstəricilər artmışdır. Başa çatmaqda olan il muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında əlamətdar hadisələrlə yadda qalmış, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi qeyd olunmuş, bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuşdur...”
Əhalinin sosial, mədəni və məişət problemlərinin kompleks şəkildə həllinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi baxımından yaradılması zəruri olan bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanıb və Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb.
2019-cu il dekabrın 23-ü ölkəmizdə, eləcə də muxtar respublikamızda növbəti bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb. Muxtar respublika üzrə 112 min 277 nəfər, yəni seçicilərin 41,4 faizi səsvermədə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib, seçki prosesinin gedişi ilə maraqlanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 24 dekabr tarixdə Sərəncam imzalayıb. Sərəncama əsasən Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri deyib: “Babək rayonunda 76 mindən artıq əhali yaşayır. Əhaliyə rayon mərkəzi xəstəxanası, 2 sahə xəstəxanası, 13 həkim ambulatoriyası və 18 feldşer-mama məntəqəsi vasitəsilə tibbi xidmət göstərilir. 500-ə yaxın tibbi heyət əhalinin sağlamlığı keşiyində dayanır. Babək Rayon Mərkəzi Xəstəxanasında 25 adda 46 ədəd yeni tibbi avadanlıq və ləvazimatlar quraşdırılmışdır ki, bu da icbari tibbi sığortanın uğurla həyata keçirilməsinə imkan verəcəkdir. Ümumilikdə isə Babək rayonundakı bütün səhiyyə müəssisələrində icbari tibbi sığortanın tətbiqi mümkündür. Bu sahədə işlər müasir tələblər nəzərə alınmaqla davam etdiriləcəkdir”.
Həmin gün Ali Məclis Sədrinin iştirakı ilə Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə də keçirilib.
Muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. 2019-cu il də yeni istehsal sahələrinin yaradılması, daxili bazarın yerli məhsullarla təmin olunması, iş yerlərinin açılması ilə zəngin bir il kimi xarakterizə edilir. Dekabrın 25-də “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının plastik kapsul və qapaq istehsalı sahəsinin istifadəyə verilməsi bu sahədə görülən işlərin ötən il üçün uğurlu yekunu olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edərək deyib ki, Naxçıvan şəhərində istifadəyə verilən yeni müəssisə muxtar respublikada daha bir sahədə idxaldan asılılığı aradan götürəcəkdir. Bu günə qədər muxtar respublikada plastik butulkalara olan tələbatın 70 faizi idxal hesabına ödənilirdi. Müəssisənin istifadəyə verilməsindən sonra bu məhsullara olan tələbat tamamilə yerli istehsal hesabına ödəniləcəkdir.
Bu gün Naxçıvan Muxtar Respublikasında da yaşayış məntəqələri müasir görkəmə qovuşub, insanların rahat yaşayışı təmin edilib. Dekabrın 28-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Kəngərli rayonunun Böyükdüz kəndində yeni sosial obyektlər istifadəyə verilib.
Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanların yaradıldığı 342 yerlik müasirtipli məktəb, lazımi avadanlıqlarla təchiz edilmiş həkim ambulatoriyası, yenidən qurulmuş, asfalt örtük salınmış ümumi uzunluğu 2600 metr olan kənd avtomobil yolu, təmir olunmuş, qum-çınqıl qatı verilmiş 600 metr uzunluğundakı kənddaxili yollar və xidmət mərkəzi sakinlərin ixtiyarına verilməklə daha bir Azərbaycan kəndi müasirliyə qovuşub.
Ötən illər ərzində muxtar respublikada teatr sənətinin inkişafı ilə bağlı xeyli işlər görülüb. Bunun nəticəsidir ki, bu gün Naxçıvan teatrında həm yerli, həm də xarici yazıçıların bir-birindən maraqlı əsərləri səhnələşdirilir və uğurla nümayiş etdirilir. Dekabrın 29-da isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxıb.
Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən həmrəylik bayramı xalq-ordu birliyinin də əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikasında da bu birlik ilbəil möhkəmləndirilir, həmrəylik bayramında əsgərlərlə görüşlər keçirilir, onlara sovqatlar təqdim olunur. Dekabrın 31-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan Qarnizonunun Hərbi Hospitalına gəlib, burada müalicə olunan əsgərlərlə görüşüb, onların səhhəti ilə maraqlanıb.
Ali Məclisin Sədri deyib: “Bu gün Naxçıvan Qarnizonunun Hərbi Hospitalında tibbi heyət tam formalaşmışdır. Bununla yanaşı, istər ucqar dağ və sərhəd bölgələrində, istərsə də mərkəzdə hərbi hissələr üçün müasir xidmət və yaşayış komplekslərinin istifadəyə verilməsi, əsgərlərin qidalanmasının və geyiminin diqqətdə saxlanılması xəstəliklərin sayını xeyli azaltmışdır. Görülən işlərin davamı kimi, hazırda Naxçıvan şəhərində regionun ən müasir hərbi hospitalı tikilir. Bütün bunlar ölkəmizdə uğurla davam etdirilən ulu öndər Heydər Əliyev yolunun, mövcud sabitliyin və iqtisadi inkişafın bəhrəsidir”.
Həmin gün Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə də bayram sovqatları paylanılıb, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil verilib.
Naxçıvanlılar 2019-cu ili muxtar respublikada bütün sahələrin inkişafı ilə müşayiət olunan uğur ili kimi yola salıb. Ötən ilin son günü – 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı Naxçıvan şəhərində minlərlə sakinin və turistin iştirakı ilə qeyd olunub.
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib.
Yeni ilin gəlişi möhtəşəm bayram atəşfəşanlığı ilə qeyd olunub, 2020-ci il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.
Bəli, muxtariyyətinin 95 illik yubileyini böyük təntənə ilə qeyd etdiyimiz Naxçıvan 2019-cu ilin son ayını da dahi şəxsiyyət Heydər Əliyevin inkişaf konsepsiyasının davamı olaraq bütün sahələrin uğurları ilə tarixin arxivinə verdi. Əldə olunan uğurlar, qazanılan nailiyyətlər isə ulu öndərimizin əməllərinin davam etdirilməsi, Naxçıvanda görmək istədiklərinin onun ardıcılları tərəfindən reallaşdırılmasıdır. Ali Məclis Sədrinin dediyi kimi: “İnsan var ki, sağlığında əməlləri ölkəsinə, xalqına xeyir verir. İnsan da var ki, həm sağlığında, həm də yoxluğunda onun əməlləri yaşayır, insanlara doğru yol göstərir. Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu, əməlləri yaşayır və bəhrəsi göz qabağındadır”.
Mətanət MƏMMƏDOVA