Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov 2019-cu ildə daxili işlər orqanları tərəfindən görülmüş işlərin nəticələri barədə geniş məruzə ilə çıxış edib.
Diqqətə çatdırılıb ki, muxtar respublikanın daxili işlər orqanları da 2019-cu ildə bütün fəaliyyət sahələri üzrə əvvəlki illərin göstəricilərindən daha yüksək nəticələr əldə ediblər. Təkcə cinayətkarlığın dinamikasına nəzər yetirəndə 2018-ci illə müqayisədə 2.5 dəfə azalmanın müşahidə olunması buna əyani sübutdur. İl ərzində isə bütün uçot subyektləri üzrə cəmi 22 cinayət faktı qeydə alınıb. Bunlarla yanaşı, 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Prokurorluğu tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilib, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb.
2019-cu ildə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı ötən illə müqayisədə 12 inzibati fakt artıq aşkar edilib, vətəndaşlar tərəfindən 319 müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil verilib.
Fazil Ələkbərov diqqətə çatdırıb ki, biometrik şəxsiyyət vəsiqələrinə keçid prosesi ölkəmizin inkişaf etmiş dövlətlər sırasında irəliləməsinin bariz nümunəsidir. Azərbaycanın digər bölgələrində yaşayan muxtar respublika sakinlərinin biometrik şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məqsədilə Bakı şəhərinə ezam olunmuş aidiyyəti xidmət əməkdaşları tərəfindən 2089 nəfərin qısa müddət ərzində şəxsiyyət vəsiqəsi ilə təmin olunması da bunun ifadəsidir.
Qeyd olunub ki, 2019-cu ildə daxili işlər orqanları üçün ən əlamətdar hadisələrdən biri Ali Məclis Sədrinin müvafiq fərmanı ilə təsis olunmuş və oktyabr ayında Ali Məclis Sədrinin iştirakı ilə təntənəli açılış mərasimi olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi daxili işlər orqanlarının kadr potensialının formalaşmasında atılmış ən mühüm addım kimi böyük əhəmiyyətə malikdir.
Nazir deyib ki, bundan sonra da cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən qarşıya qoyulan vəzifələr, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlar tam həcmdə yerinə yetiriləcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması təmin olunaraq, Naxçıvanın cinayətsiz region statusu qorunacaq, əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcəkdir.
Sonra məruzə ətrafında müzakirələr olub.
Kollegiya iclasına yekun vuran Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov nazirliyin tabeliyində olan qurumlara tapşırıqlarını verdikdən sonra qərar layihəsi qəbul edilib.
Muxtar MƏMMƏDOV
http://oldserqqapisi.az/index.php/idztimai-siaysi/21592-2020-01-07-17-19-54.html#sigProGalleriabe926782b7