23 Dekabr 2024, Bazar ertəsi

Şərur rayonu

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qətiyyətli və ardıcıl siyasəti Şərur rayonunun da simasını günü-gündən dəyişir. İl ərzində rayonda sənaye məhsulları istehsalının həcmi artıb, xidmət sahələrinin fəaliyyəti genişlənib, əhalinin həyat səviyyəsi yüksəldilib. Dövlətin diqqət və qayğısı ilə sahibkarlar, ailə təsərrüfatçıları üçün açılan geniş meydan bu sahə ilə məşğul olanlara hərtərəfli imkanlar yaradıb.

2019-cu ildə Şərur şəhərində Mərkəzi və Uşaq xəstəxanaları əsaslı təmir edilib, Kərim­bəyli, Qışlaqabbas, Muğanlı, Alışar, Yeni Havuş, Xətai, Xələc kəndlərində yeni sosial obyektlər tikilib, Zeyvə və Düdəngə kənd­lərində içməli su şəbəkəsinin çəkilişi başa çatıb. Hazırda Muğancıq-Mehrab və Məmmədsabir kəndlərində yeni sosial obyektlərin, Şərur şəhərində Mədəniyyət Sarayının, “Naxçıvanbank” ASC Şərur rayon filialının, Mərasim evinin, təqaüdçülər üçün nəzərdə tutulmuş ikimərtəbəli binanın, yaşayış binasının və digər obyektlərin tikintisi davam etdirilir.
Ümumilikdə, rayonun hər yerində yenilik, yüksələn inkişaf, tərəqqi mövcuddur. Hər kəsdə sabaha dərin inam və ümid var. Görülən işlərin miqyası, insanların yüksək əhval-ruhiyyəsi, ümumi yüksəliş ab-havası belə qənaətə gəlməyə əsas verir ki, rayonda 2020-ci il daha uğurlu nəticələrlə ­yekunlaşacaqdır.
Bütün bunlar barəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayonun idarə və təşkilatlarında, tədris müəssisələrində təşkil olunan şənliklərdə ətraflı danışılıb. Qeyd olunub ki, bölgələrin sürətli inkişafı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, yeni infra­struktur layihələrinin həyata keçirilməsinə stimul yaradır. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyondan çox soydaşımızın respublikanın siyasi və iqtisadi cəhətdən tərəqqisi, inkişafı, tanınması üçün birləşməsi, bir məqsəd uğrunda mübarizə aparması, dias­porların möhkəmləndirilməsi və genişləndirilməsi üçün ulu öndərin həyata keçirdiyi tədbirlər bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir.
Yanvarın 1-də Şərur şəhərindəki Heydər Parkında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunmuş ümumrayon tədbirində “Arpaçay” instrumental ansamblı solistlərinin ifasında şən mahnılar səslənib. “Şərur” və “Şərur qönçələri” yallı ansambllarının üzvləri bu qədim el sənətindən nümunələr ifa ediblər. Uşaq musiqi məktəbləri şagidlərinin, bağça uşaqlarının çıxışları tədbirə şən ovqat qatıb. Şaxta baba və Qar qız şənlik iştirakçılarını təbrik edib, uşaqlara hədiyyələr paylayıblar.

Babək rayonu

 

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı Babək rayonunda da təntənə ilə qeyd edilib. Sakinlərin böyük ruh yüksəkliyi qatdıqları rayon mərkəzində keçirilən tədbirdə milli birliyimizə, həmrəyliyimizə, dövlətçiliyimizə, müstəqilliyimizə, doğma yurdumuza həsr olunan şeirlər səsləndirilib, mahnı və rəqslər iştirakçıları xoş ovqat bəxş edib, Şaxta baba və Qar qız uşaqlara bayram sovqatı veriblər.
Tədbirin aparıcıları bildiriblər ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən işlər bütün bölgələr kimi, Babək rayonunun da tərəqqqisinə öz töhfələrini verib. 2019-cu ildə rayonda geniş tikinti-­quruculuq işləri aparılıb, yeni bağlar, yaşıllıq sahələri salınıb. Belə ki, yola saldığımız ildə Babək rayonu ərazisində Ali Məclis Sədrinin iştirakı ilə muxtar respublikada ilk dəfə olaraq müasir ağacyetişdirmə sahəsi – “İqlim otağı”, rayon Elektrik Şəbəkəsi üçün inşa olunan yeni inzibati bina istifadəyə verilib.
Ötən ilin payızı Babək rayonu üçün çox əlamətdar olub. Çünki həmin vaxt qədim yaşayış məntəqəsi olan Kültəpə müasirliyə qovuşub. Bir gündə 3 sosial obyekt və kənd yolu əsaslı yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib. Daha sonra kiçik yaşayış məntəqəsi olan Gülşənabadın müasirləşməsi istiqamətində böyük addımlar atılıb və kənd adını muxtar respublikanın abadlaşan yaşayış məntəqələri sırasına yazdırıb.
Qeyd edilib ki, 2019-cu ilin ən mühüm uğurlarından biri rayonda icbari tibbi sığortanın tətbiqi ilə bağlı olub. Belə ki, ötən ilin dekabr ayında rayon Mərkəzi Xəstəxanasında əsaslı yenidənqurma işləri aparılıb, bir çox şöbələr yenidən təşkil edilib.
Şənlikdə iştirak edən rayon sakinləri ilə söhbət zamanı ildən-ilə qüdrətlənən Azərbaycan kimi bir ölkədə yaşadıqlarından qürur hissi duyduqlarını dilə gətirdilər. Cəmiyyətin bütün təbəqələrindən olan insanlar bayramların belə yüksək səviyyədə qeyd olunmasına görə dövlətimizə öz minnətdar­lıqlarını, ən xoş arzularını bildirdilər.

Ordubad rayonu

 

Ordubad rayonunun sakinləri də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ili böyük coşqu ilə qeyd ediblər. Yola saldığımız 2019-cu ildə Ordubad rayonunun həyatında da mühüm hadisələr baş verib, sosial obyektlər, inzibati və yaşayış binaları tikilib, yeni iş yerləri yaradılıb, yollar abadlaşdırılıb, əhalinin yaşayış şəraiti daha da yaxşılaşdırılıb.
Ötən il Dəstə kəndində 900 şagird yerlik məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, mərasim evi inşa olunub, 5,5 kilometr uzunluğunda kənddaxili yollar yenidən qurularaq asfaltlanıb. Azadkənddə içməli su layihəsi gerçəkləşdirilib, Culfa-Ordubad magistral avtomobil yolu yenidən qurulub, Ordubad Su Elektrik Stansiyasının, Ordubad şəhərində içməli su və kanalizasiya xətlərinin çəkilişi, zirzəmisi ilə birlikdə 8 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilib. Eləcə də Vənənd kəndində 432 şagird yerlik məktəb binasının, kənd və xidmət mərkəzlərinin, 3 mərtəbəli musiqi məktəbinin, həkim ambulatoriyasının tikintisində əsas işlər, demək olar ki, başa çatdırılıb, Naxçıvan-Ordubad magistral avtomobil yolundan Vənənd kəndinin qurtaracağınadək olan avtomobil yolu genişləndirilərək asfaltlanıb. Dırnıs kəndində Allahşükür məscidi istifadəyə verilib.
Bayram dekabrın 31-də axşam libasına bürünmüş Ordubad şəhərində xalq gəzintisi təşkil olunub. Şəhər sakinləri Tədbirlər meydanında qarşıdan gələn 2020-ci ili yüksək ovqatla qarşılayıblar.
2020-ci il yanvar ayının 1-də isə Ordubad şəhərində keçirilən şənlikdə aparıcı ötən il rayonda baş verən mühüm yeniliklər barəsində ətraflı söhbət açıb.
Rayonun bədii özfəaliyyət kollektivləri, rəqs qrupları və Ordubad Xalq Teatrının üzvləri tədbir iştirakçılarına xoş ovqat bəxş ediblər.

Culfa rayonu

 

2019-cu ili böyük nailiyyətlərlə başa vuran Culfa rayonu yeni ili sevinclə qarşılayıb. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən böyük quruculuq siyasəti Culfa rayonunun da simasını günü-gündən dəyişir, hər il onlarla yeni obyektlər tikilir, yaxud əsaslı şəkildə yenidən qurulur, yollar çəkilir, körpülər salınır, yaşayış məntəqələri abadlaşdırılır.
Ötən il də culfalılar üçün quruculuq tədbirləri ilə yaddaqalan olub. Hazırda aparılan belə tədbirlərin davamı olaraq Heydər Əliyev prospekti yenidən qurulur, Rabitə Evi, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin inzibati binası, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin Vaqon Təmiri sexi və inzibati binası, Təhsil Şöbəsi üçün binalar inşa olunur, kənddaxili yollara qara örtük salınır, Darıdağ arsenli su müalicə və istirahət kompleksinin inşası davam etdirilir.
Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da aqrar bölmənin inkişafı mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb, daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, əhalinin məşğulluğu təmin olunub, maddi rifah halı daha da yaxşılaşıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən bayram tədbirində aparıcılar qazanılan nailiyyətləri sadalayıb, bu yüksəlişə, tərəqqiyə ümummilli ­liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olduğunu vurğulayıblar.
Şaxta babanın, Qar qızın, nağıl qəhrəmanlarının, rayon Mədəniyyət Evinin özfəaliyyət və Culfa şəhərindəki uşaq musiqi məktəbi kollektivlərinin iştirakı ilə tamaşa və konsert pro­qramı təqdim olunub. Nağıl qəhrəmanları ilə görüşən və Şaxta babadan yeni il hədiyyələri alan uşaqlar əsl bayram sevinci yaşayıblar.

Kəngərli rayonu

 

Yola saldığımız 2019-cu ildə yaradılmasının 15 illiyi tamam olan Kəngərli rayonu ötən illər ərzində böyük inkişaf yolu keçib. İqtisadiyyatın dinamik inkişafı rayonda sosial sahələrin sürətli inkişafına, tikinti-quruculuq işlərinin həcminin genişləndirilməsinə imkan yaradıb. Həyata keçirilən quruculuq tədbirləri çərçivəsində bütün yaşayış məntəqələri abadlaşdırılıb, rayon mərkəzi ilə kəndləri birləşdirən avtomobil yolları yenidən qurulub.
2019-cu ildə rayonun Qabıllı kəndinin ərazisində 2 meqavat gücündəki yeni Günəş Elektrik Stansiyası, rayon mərkəzində 48 mənzilli yaşayış binası, Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binası və hərbçi ailələri və sakinlər üçün yeni istirahət parkı, dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində isə rayonun Böyükdüz kəndində yeni sosial obyektlərin açılışı olub. Bununla bərabər, Şahtaxtı hamamında kompleks bərpa işləri aparılıb, Qıvraq qəsəbəsində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin rayon filialı üçün inşa olunan binanın tikintisi başa çatdırılıb, rayon mərkəzində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin ­tikintisi davam etdirilib.
Yanvarın 1-də rayon mərkəzindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən şənlikdə 2019-cu ildə rayonda bütün sahələrdə qazanılan uğurlar barədə geniş danışılıb. Bayram tədbirində “Kəngər” instrumental ansamblının və rayonun musiqi kollektivlərinin səsləndirdikləri mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Şaxta baba və Qar qız uşaqları təbrik edib, onlara hədiyyələr paylayıblar. Keçirilən tədbirdə təhsil və idman sahələrindəki nailiyyətləri ilə seçilən şagirdlərə hədiyyələr təqdim olunub.

Şahbuz rayonu

 

Artıq tərəqqi və uğurlarla dolu olan “Ailə təsərrüfatları ili” – 2019-cu il tarixə qovuşdu. Şahbuz rayon sakinləri də yeni ili xoş arzular, yüksək əhval-ruhiyyə ilə qarşıladılar. Əlamətdar bayramlar münasibətilə təşkil olunan ümumrayon tədbirində böyük sevinc və coşqu ilə iştirak edən hər bir şahbuzluya yaxşı yaşayış, məişət və iş şəraiti yaradılması üçün dövlət qayğısı ilə görülən işləri sadalayan tədbir aparıcıları yeni illə bağlı arzularını da dilə gətirdilər.
Yeni il şənliyinə toplaşanların könlündə xoş ovqat yaradan rayonun musiqi kollektivləri oynaq mahnılar ifa etdilər, şən musiqilər səsləndirdilər. Həmçinin tədbirdə ulu öndər Heydər Əliyevə, dövlətçiliyimizə, müstəqilliyimizə, doğma Naxçıvanımıza həsr olunmuş şeirlər də bədii qiraət olundu.
Şaxta baba və Qar qız körpələri hədiyyələrlə sevindirdilər.
Tədbirin sonunda həmsöhbət olduğumuz rayon sakinlərinin ildən-ilə qüdrətlənən Azərbaycan vətəndaşı olmalarından haqlı qürur hissi duyduqlarının bir daha şahidi olduq. Müəllim, həkim, el ağsaqqalları, xülasə, cəmiyyətin bütün təbəqələrindən olan insanlar bayramların rayonda belə yüksək səviyyədə qeyd olunmasına görə dövlətimizə öz minnətdarlıqlarını bildirib, xoş arzularını dilə gətirdilər. “Qoy bu əmin-amanlıq, rahat yaşayışımız Azərbaycan, eləcə də canımız qədər sevdiyimiz Naxçıvanımız üçün əbədi olsun, düşərli olsun, bol-bol yeniliklərlə, uğurlarla gəlsin”, – dedilər.

Sədərək rayonu

 

Heydərabad qəsəbəsindəki Mədəniyyət və istirahət parkının önündə keçirilən bayram şənliyində rayon Mədəniyyət Şöbəsinin musiqi və rəqs kollektivləri, uşaq musiqi məktəbinin yetirmələri şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər.
Rayon Mədəniyyət Şöbəsinin “Qeyrət qalası” instrumental ansamblının ifasında səslənən mahnılar tədbirə toplaşanların alqışlarına səbəb olub. Yallı qrupunun ifa etdiyi “Qaladan qalaya” yallısı tədbir iştirakçılarında xoş ovqat yaradıb. Heydərabad qəsəbəsindəki uşaq bağçasının fidanları “Yeni il”, “Naxçıvan” və “Şaxta baba” şeirlərini bədii qiraət ediblər. Şaxta baba uşaqları hədiyyələrlə ­mükafatlandırıb.
Bayram tədbirinin yüksək ovqatla qeyd edilməsinin başlıca səbəblərindən biri 2019-cu ilin muxtar respublikamızın bütün bölgələri kimi, Sədərək rayonu üçün də uğurlu, yadda­qalan il olmasıdır. Ötən il də iqtisadi, sosial, mədəni sahələrdə sürətli inkişafda sədərəklilər fəal iştirak ediblər. İl ərzində rayonda tikinti-quruculuq işləri aparılıb. Heydərabad qəsəbəsində 7 mərtəbəli 48 mənzilli yaşayış binasının tikintisi başa çatıb. Sədərək gömrük­-keçid məntəqəsinin və Sədərək kəndində mərasim evinin inşası davam etdirilir. Ötən ildə də genişmiqyaslı yaşıllaşdırma tədbirləri həyata keçirilib, dövlət proqramlarının icrası istiqamətində bir sıra işlər görülüb, sahibkar­lığın inkişafına diqqət artırılıb, əhalinin məşğulluğu təmin edilib.
Sözsüz ki, həyata keçirilən bütün bu tədbirlər əhalinin həyat şəraitinə də müsbət təsir göstərib. Sədərəklilər inanırlar ki, 2020-ci il də onlar üçün nailiyyətlər ili olacaq.

 

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR