9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar olaraq, 26-30 avqust tarixlərində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 7 seçki dairəsinin dairə seçki komissiyalarında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün seminar-treninqlər keçirilmişdir. Muxtar respublikanın 292 seçki məntəqəsinin hamısını əhatə edən seminarlarda həm seçki qanunvericiliyini, həm də konkret seçki hərəkətlərini əhatə edən məruzələr edilmişdir.
Seçki günü seçki məntəqəsində bütün seçki hərəkətlərinin Seçki Məcəlləsinə uyğun yerinə yetirilməsi, seçki məntəqələrində sıxlıq yaranmaması üçün məntəqəyə daxil olan seçicilərin, yerli və xarici müşahidəçilərin, həmçinin KİV nümayəndələrinin hərəkətlərinin qanunauyğun formada nizamlanması ilə bağlı təlimatlar verilmişdir. Seminarlarda məntəqə seçki komissiyalarının üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti