23 Dekabr 2024, Bazar ertəsi

Keşməkeşli tariximizin dolaylarına yazılan günlərə qızıl hərflərlə həkk olunmuş bir tarix var: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Bu mənzilin yolu çox-çox uzaqlardan başlayıb.

Azadlıq mücahidləri öz arzularına çatmağı məhz həmrəylikdə, birlikdə görüblər. Bir araya sığmaq yolunda mübarizəyə atılıblar. Bir gün azadlıqda yaşamağı 40 il əsarətdə yaşamaqdan üstün tutan qəhrəman Babəkimizin arzularından keçib gəlib bu yol.
Tikanlı sərhəd çəpərləri içərisində “qardaşlıq, bərabərlik, sülh” şəraitində yaşayan xalqımıza qarşı edilən mənəvi hücumlar, siyasi gözağartmalar nə qədər “geniş vüsət” alsa da, bu yolu qət etmək məqsədilə mübarizə aparanlar Uzaq Sibir çöllərinə sürgün edilsələr də, zindanlara atılsalar da, öz əqidələrindən dönməyiblər, “hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına” inanıblar. İnanıblar ki, tutduqları yol haqq yoludur. Bu yolun çətinlikləri, ağrıları, əzabları mənəvi ucalıqdır, özünüdərk yolunda fədailikdir...
... O gün havanın da rəngi dəyişmişdi elə bil. Heç qış havasına oxşamırdı. Uzun illərin ayrılığından sonra birliyə gedən yollarda cəsarətli bir addım atan xalqın zəkası qarşısında, sanki o da gücsüzlüyünü hiss edərək “yumşalmışdı”, tikanlı sərhədlərə – Arazqırağına axışan insan selinin qəzəbinə tuş olmaqdan qorxurdu elə bil. Ya o da insanların bu haqq işinə öz köməyini belə göstərirdi. Ya da bizə elə gəlirdi ki, hava da istidir, soyuq dekabr günəşinin şüaları yerə ilıq bir hərarət verir... O gün tariximizin qızıl səhifələrindən biri yazılırdı...
... Arazqırağı yaşayış məntəqələrindən aralıda yaşayan insanlar belə, axın-axın tikanlı məftillərlə sərhədlənmiş, bizi o taya həsrət qoymuş, məhzun görkəmli Araza doğru axışırdılar – sanki Araz da səhvini başa düşmüşdü, sakit-sakit axmağa başlamışdı; elə bil buralarda bir belə adam gördüyündən xoflanmışdı Araz.
İnsan seli Arazqırağına axışmaqda idi... Bu insanların çöhrələrində təbəssüm, gözlərinin dərinliyində uzaqlara dikilmiş bir nigarançılıq vardı: doğrudanmı, sökəcəyik o tikanlı məftilləri? Qoyarlarmı? Qovuşa biləcəyikmi bir-­birimizə?
... Bir neçə gün sonra “qardaşlıq, bərabərlik, sülh” dünyasının paytaxtı Moskva televiziyasının “Zaman” xəbərlər proqramı belə şou-xəbərlər efirə çıxaracaqdı: Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında yaşayan bir qrup ekstremist dövlət sərhədlərini dağıdıb. Bu, SSRİ Konstitusiyasına qarşı çıxmaq, sərhədlərimizin toxunulmazlıq hüququnu tapdalamaq deməkdir. Onlar SSRİ qanunları ilə mühakimə olunmalıdırlar. (SSRİ-nin “bu humanist qanunları” isə 70 il idi ki, Azərbaycanın əleyhinə işləyirdi).
“Bu qanunazidd hərəkət” o vaxt baş vermişdi ki, həmin “Zaman” xəbərlər proqramı uzun illər bir-birindən ayrı düşmüş Pribaltika respublikaları vətəndaşlarının üzlərinə bağlanmış sərhədləri dağıdaraq sevincdən göz yaşı tökmələrini, həmin sərhədlərdə bir-birinə qovuşan insanların bu sevincini, onların birləşmək arzularının həyata keçməsini alqışlayırdı.
İstər-istəməz düşünməli olursan: Onların bu hərəkətlərinə çox yüksək qiymət verildiyi halda, naxçıvanlılar nə üçün eyni hüquqdan istifadə edəndə ekstremist oldular?
... Bu da var ki, birləşmək, bir olmaq, öz gücünü dünyaya göstərmək amallı insanlar gördükləri işin haqq işi olduğuna əmin idilər.
... Tariximizə qızıl hərflərlə daha bir gün yazılmaqdaydı: 31 dekabr.
Naxçıvan həmin gün birliyə gedən yolun beşiyinə çevrildi. Arzumuz bu qədim torpaqda çin oldu – doğuldu. Naxçıvanlılar Moskvanın Azərbaycan xalqına qarşı ədalətsiz mövqeyinə etiraz əlaməti olaraq 1989-cu il dekabrın 31-də SSRİ-nin Arazboyu yerləşən 160 kilometrlik dövlət sərhəd dirəklərini, məftillərini texniki qurğuları ilə birlikdə darmadağın etdilər. Bu aksiya dünya azərbaycanlılarını həmrəyliyə çağırış idi.
Sərhədləri aşıb bütün Yer kürəsində yaşayan soydaşlarımız bir-birinin üzünü gördülər, səslərini eşitdilər – beləcə, ayrılıq həsrətlərinə son qoyuldu. Ona görə də naxçıvanlılar bu bayramı daha böyük sevinclə qarşılayır və qeyd edirlər. Azərbaycan dövlətçiliyinin intişar tapdığı bu qədim yurd yeri bir sıra bayramlar və əlamətdar günlərin həyata vəsiqə aldığı məkandır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də onlardan biridir. 1991-ci ildə ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonra Ali Məclisin növbəti sessiyası 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmi bayram olaraq hər il qeyd edilməsi barədə xüsusi qərar qəbul etdi.
...O günü xatırlayıram. Bir vaxt quş quşluğu ilə qona bilməyən sərhəd dirəkləri, tikanlı məftillər, 70 il özümüzü özümüzdən qoruyan sərhəd zolağı... Və özündə qüvvə taparaq həmin tikanlı məftillərə, sərhəd dirəklərinə qarşı üsyan edən insanların Arazdan su götürərək bir-birini sulamaqları – salamlamaqları yadıma düşür. Ogünkü sevinci bir daha yaşayıram.
Çox uzaqlardan başlayan yolu fəth etdiyimiz gündən 30 il keçir. Bu, tarix üçün çox kiçik zaman vahididir. O günü bizə – bütün dünya azərbaycanlılarına ərməğan edən Böyük İnsan Heydər Əliyevin bu addımını ilk əvvəllər hakimiyyətdə olanlar qısqanclıqla qarşılasalar da, heç nəyə nail ola bilmədilər. Çünki bu yol haqq yolu idi, bu yolun başında haqqı, ədaləti hər şeydən uca tutub ömrünün mənasına çevirən dahi şəxsiyyət Heydər Əliyev dururdu.
O günü xatırlayıram – üzlərdən sevinc yağırdı; təəccüb doğmuşdu çöhrələrdə, çaşqınlıq sezilirdi sifətlərdə. Çoxları inana bilmirdi gördüklərinə: “Sovet hökumətinin sərhədlərini dağıtmaqmı olar?”
Dünənə qədər bizə xəyal kimi görünənlər 30 ildir ki, həqiqətə çevrilib. Sərhəd dirəkləri yoxdur daha. Bu, görkəmli dövlət xadimi Heydər Əliyevin dünya azərbaycanlılarının bir araya gəlməsi yolunda etdikləri, məhz o vaxt onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarın məntiqi nəticəsidir.
Taleyin hökmü ilə dünyanın hər yerinə səpələnən həmvətənlərimizə, hamımıza – uzun illərin həsrətlilərinə ulu öndər Heydər Əliyev tərəfindən ərməğan olan bu gün hər il təntənə ilə qeyd olunur. Onun tövsiyə xarakterli bir sözü isə hamımız üçün birmənalı qəbul edilib: “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, dilini, dinini, ənənələrini unutmamalıdır. Onun qəlbi doğma Azərbaycanla daim bir vurmalıdır”.


- Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR