23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovnik-leytenantı Kamil Məmmədəliyev açaraq müəllim kollektivini və kursantları bayramlar münasibətilə təbrik edib.
Qeyd olunub ki, daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək üçün Ali Məclis Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb. Bu, muxtar respublikamızda gənclərə göstərilən növbəti qayğının bariz nümunəsidir.
Bildirilib ki, göstərilən diqqət və qayğı müqabilində Orta İxtisas Polis Məktəbinin pedaqoji kollektivi kursant və dinləyicilərin yüksək səviyyədə təhsil alması, daxili işlər orqanlarında gələcək xidmətləri dövründə qanunçuluğun, dövlətin və vətəndaşların qanuni mənafelərinin təmin edilməsi, ictimai təhlükəsizliyin qorunmasında üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirmək üçün səy göstərirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov Daxili İşlər naziri, general leytenant Fazil Ələkbərovun təbrikini məktəb kollektivinə və kursantlara çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov, məktəbin müəllimlərindən Şükür Məmmədov və Səadət Qasımova çıxış edərək tədbir iştirakçılarının bayramlarını təbrik ediblər.
Məktəbin kursantlarından Miribrahim Qasımov və Həsən Yusifov göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.


- Pərviz HACILI

* * * 

Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Mədəniyyət nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta İnternat Məktəbində də bayramlar münasibətilə tədbir keçirilib. Tədbirdə tarixi günün siyasi mahiyyəti, dünya azərbaycanlılarının təşkilatlanmasının əhəmiyyəti barədə məlumat verilib.
Çay süfrəsi ətrafında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək muxtar respublikapmızda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət qayğısından danışıblar.
Tədbir bədii hissə ilə davam edib.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR