Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu vəzifələrinin VI-VII təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqədən keçmiş namizədlərin andiçmə mərasimi olub.
Andiçmə mərasimində çıxış edən komissiyanın sədri Etibar Musayev dövlət qulluğunun və dövlət qulluqçusunun vəzifəsinin məsuliyyətindən danışıb.
Sonra dövlət qulluqçuları Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə Vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.
Komissiya sədri Etibar Musayev dövlət qulluqçularını and içmələri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra mərasim iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Xatırladaq ki, müsabiqəyə sənəd qəbulu bu ilin may ayının 2-dək davam edib, 306 vakant yer üzrə 299 nəfər sənəd təqdim edib. Müsabiqənin test mərhələsi 14-21 may tarixlərində keçirilib. İmtahanlarda müvəffəqiyyət qazanmış namizədlərin sənədləri 22 may- 5 iyun tarixləri arasında komissiya tərəfindən qəbul edilib və qanunvericiliyə uyğun olaraq yoxlanılıb. Müsabiqənin müsahibə mərhələsi 18-21 iyun tarixlərində keçirilib, 89 namizəddən 85 nəfəri müsahibələrdə iştirak edib. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən 42 namizədin sənədləri dövlət orqanlarına təqdim edilib.
Səbuhi HƏSƏNOV