Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
İclasda Mədəniyyət naziri Natəvan Qədimova məruzə ilə çıxış edərək bildirib ki, 2019-cu il ərzində, ümumilikdə, 1503 mədəni-kütləvi tədbir keçirilib, 197 sərgi təşkil edilib. Xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması, qorunması və təbliğ edilməsi, görkəmli şəxsiyyətlərin yubileylərinin, tarixi və əlamətdar günlərin qeyd olunması diqqətdə saxlanılıb.
Vurğulanıb ki, hesabat dövründə nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda “Naxçıvan Muxtar Respublikası – 95” mövzusunda guşələr yaradılıb, mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər keçirilib.
Hesabat dövründə sosial qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud uşaqlar üçün aidiyyəti təşkilatlarla birgə 14 müxtəlif tədbir təşkil edilib, 158 nəfər sağlamlıq imkanları məhdud uşağa evlərində səyyar kitabxana xidməti göstərilib.
Ötən dövrdə, ümumilikdə, xalq teatrları tərəfindən 11 yeni tamaşa hazırlanıb. Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı nazirlik tərəfindən, ümumilikdə, 50-dən çox tədbir keçirilib. Ərtoğrol Cavidin 100 illik yubileyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Tarix Muzeyinin internet portalının hazırlanması ilə bağlı iş davam etdirilib. Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında bu mədəniyyət müəssisəsinin 95 illik yubileyi qeyd edilib.
Hesabat dövrü ərzində muzeyləri, ümumilikdə, 642 min 220 nəfər tamaşaçı ziyarət edib ki, onlardan 176 min 901-i əcnəbi vətəndaşdır. Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanımaları məqsədilə 12 seminar-treninq və 4 dəyirmi masa keçirilib.
Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi işi də diqqətdə saxlanılıb, cari ildə muzeylərə 2 min 348 eksponat daxil olub.
Hesabat dövründə kitabxanaların da fəaliyyəti diqqət mərkəzində saxlanılıb, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılıb. Ümumilikdə, 325 kitab müzakirəsi keçirilib və il ərzində kitabxanalara 1887 adda 16 min 211 nüsxə çap məhsulu daxil olub, elektron kataloqda olan kitabların ümumi sayı 14 min 966-ya çatdırılıb, elektron kitabxanadan il ərzində 2 min 342 oxucu istifadə edib. Hesabat dövrü ərzində Naxçıvan Dövlət Film Fonduna 37 bədii və sənədli film daxil edilib, filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilib.
Qeyd olunub ki, Nazirliyin tabeliyində olan təhsil müəssisələri üçün də 2019-cu il uğurlar ili kimi yaddaqalan olub. Bakı şəhərində keçirilən “Testene ART Baku - 2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində Qran-pri mükafatının qalibi Nəcəf Hacılı Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı Stokholmda keçirilən I Beynəlxalq İncəsənət Festival-Müsabiqəsində iştirak edərək birinci yerə layiq görülüb, Stokholmda keçirilən möhtəşəm Qala konsertində uğurla çıxış edib.
Hesabat dövrü ərzində “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 585 ədəd xalça haqqında məlumatlar hazırlanıb.
Nazir çıxışında 2019-cu il ərzində mədəniyyət xadimlərinin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi haqqında da məlumat verib.
Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.
* * *
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində 2019-cu il ərzində görülmüş işlərin yekunu və qarşıda duran vəzifələrə dair keçirilən iclasda Samiq Sadıxov çıxış edib.
Bildirilib ki, 2019-cu ildə muxtar respublikada bütün sahələrlə yanaşı, səhiyyə sisteminin də müasir tələblərə cavab verilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bunlardan biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə başlanılmasıdır. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlara əsasən görülən işlər böyük əhəmiyyət daşıyır.
Samiq Sadıxov diqqətə çatdırıb ki, ötən dövr ərzində Sədərək, Şərur, Kəngərli, Ordubad, Şahbuz və Babək rayonlarında yaşayan əhali tərəfindən, ümumilikdə, tibb müəssisələrinə 32 min 428 nəfər müraciət olunub. Bunlardan 30 min 138 nəfərinə yəni 93 faizinə ehtiyac olan tibbi xidmətlər rayon mərkəzi xəstəxanaları tərəfindən, 2290 nəfərə yəni 7 faizinə isə ehtiyac olan tibbi xidmətlər icbari tibbi sığortanın tətbiqində iştirak edən digər xəstəxanalar tərəfindən həyata keçirilib. Ümumilikdə, sığortaolunanlara göstərilən 84 min 702 adda tibbi xidmətlərin ümumi məbləği 721 689.60 manat təşkil edib.
Vurğulanıb ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün icbari tibbi sığortanın tətbiq olunduğu rayonlarda mərkəzləşmiş məlumat bazası və elektron idarəetmə sistemi təkmilləşdirilməli, əhalinin sağlamlığının qorunması və yaxşılaşdırılması məqsədilə tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində təkliflər verilməli, maarifləndirmə işləri davam etdirilməlidir. Həmçinin sosial, iqtisadi, maliyyə və səhiyyə sahələri üzrə təhlillər aparmaqla icbari tibbi sığorta sisteminin davamlı inkişafı istiqamətində tədbirlər görülməlidir. İcbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrində yerləşən qeydiyyat məntəqələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi davam etdirilməlidir.
Sonda agentlik əməkdaşlarının çıxışları dinlənilib.
* * *
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində cari ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı müəssisənin direktoru Behruz Əzimov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, muxtar respublika əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə müəssisəyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən 28 dekabr 2019-cu il tarixə 32 min 685,9 ton A-92 benzini, 111 min 714,5 ton dizel yanacağı, 19 min 633,5 ton bitum, 11 min ton mazut, 365 ton müxtəlif növ yağlar gətirilib.
Alınan yanacaq muxtar respublikaya Bakı-İran İslam Respublikası və Bakı-Gürcüstan-Türkiyə marşrutları ilə daşınıb. Belə ki, dekabrın 28-nə olan məlumata görə Gürcüstan-Türkiyə yolu ilə 18 min 498,5 ton dizel yanacağı və 1535,3 ton A-92 benzini, ümumilikdə, 20 min 33,8 ton neft məhsulları gətirilib. İran İslam Respublikasından keçməklə 93 min 67,7 ton dizel yanacağı, 31 min 127,5 ton A-92 benzini, ümumilikdə, 155 min 193,7 ton neft məhsulları daşınıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Bildirilib ki, müəssisə 2019-cu ilin 11 ayında ümumi dövriyyəsi 69 milyon 439 min manat olan 158 min 829 ton müxtəlif növ neft məhsulları satıb. Bəhs olunan dövr ərzində müəssisə satışdan 958,3 min manat mənfəət əldə edib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə 2019-2020-ci illərin payız-qış mövsümü üçün tələb olunan 50 min litr dizel yanacağı yerlərdə təhvil verilib.
Qeyd olunub ki, nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olmasına daim nəzarət edilib və bu istiqamətdə lazımi tədbirlər görülüb, yanacaq ehtiyatı yaradılıb. 28 dekabr 2019-cu il tarixə müəssisənin anbarlarında 1730 ton A-92 benzini, 4832 ton dizel yanacağı, 850 ton mazut ehtiyatı vardır.
Müəssisənin rəhbəri 2020-ci ildə qarşıda duran vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsinin vacibliyindən də danışıb. Qeyd edib ki, növbəti ildə də muxtar respublika əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Neft Bazası ilə 2500 ton A-95 benzini, 42 min ton A-92 benzini, 125 min ton dizel yanacağı, 22 min ton bitum, 14 min ton mazut, 1300 ton müxtəlif növ yağlar, 5500 ton maye qaz gətirilməsi üçün müqavilə bağlanılıb. Həmin neft məhsullarının daşınması üçün hazırlıq işləri aparılır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi