9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə növbədənkənar seçkilər günüdür.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər muxtar respublikada 7 seçki dairəsi üzrə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər isə 45 seçki dairəsi üzrə keçiriləcəkdir.
İmza toplamaq məqsədilə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə və siyasi partiyanın səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi qaydaları Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə isə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə tənzimlənir.
Namizədlərin müdafiəsi üçün seçici
imzalarının toplanması şərtləri
Seçicilərin təşəbbüs qruplarının irəli sürdükləri və ya öz təşəbbüsləri ilə irəli sürülən namizədlərin müdafiəsi məqsədilə seçicilərin imzalarının toplanması seçki qanunvericiliyində göstərilən qərarın qəbul edildiyi gündən başlanır. Siyasi partiyalar tərəfindən irəli sürülmüş namizədlərin müdafiəsi məqsədilə seçicilərin imzalarının toplanması seçki qanunvericiliyində göstərilən qərarın qəbul edilməsi günündən başlanır.
Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır.
Hər bir imza vərəqəsində namizədin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), yaşadığı yerin ünvanı, irəli sürüldüyü seçki dairəsinin adı (sıra nömrəsi) göstərilməlidir.
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, imza vərəqəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddəsi ilə məhkum olunduğu, həmin maddənin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir.
İmza vərəqəsində namizədin namizədliyinin irəli sürülməsinə razılıq ərizəsində göstərdiyi siyasi partiyanın adı göstərilə bilər.
Namizədin müdafiəsi üçün imza toplanmasını müvafiq seçki dairəsi üzrə namizədi irəli sürmüş siyasi partiya həyata keçirirsə, imza vərəqəsində namizədə aid məlumatlarla yanaşı, bu namizədi irəli sürmüş siyasi partiyanın adı da göstərilir, namizədin ərizəsində belə məlumat olarsa, onun mənsub olduğu siyasi partiyanın adı və siyasi partiyada onun müvafiq statusu göstərilə bilər.
Namizədin müdafiəsi üçün seçici
imzalarının toplanması qaydası
Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər.
Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd və siyasi partiya seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın seçki fondu hesabına ödənilə bilər.
Namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.
Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.
Namizədin müdafiəsi üçün seçici imzaları toplanarkən imzalar imza vərəqəsinin üz və ya arxa tərəfində qoyulur. Belə olduqda, arxa tərəf vərəqənin üz tərəfinin davamı hesab edilir və təsdiqedici imzalar vərəqənin arxa tərəfində qoyulur.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədin müdafiəsi üçün onun namizədliyinin irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə isə 300 imzası toplanmalıdır.
İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir.
Namizəd siyasi partiya tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra imza vərəqəsi imzaları toplayan şəxs və siyasi partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmzaları toplayan şəxs imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.
Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.
Namizəd irəli sürmüş siyasi partiya, seçicilərin təşəbbüs qrupu müvafiq seçki komissiyasına eyni şəxsin namizəd irəli sürülməsi haqqında yazılı məlumat verdikdən sonra namizədin müdafiəsi üçün seçicilərin lazım olan sayda imzalarını birgə toplaya bilərlər. Bu halda namizədin irəli sürülməsinin müdafiəsi üçün müxtəlif şəxslərin topladığı seçici imzalarının cəmləşdirilməsinə icazə verilir.
Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması nəticələri haqqında protokolu tərtib edir və imzalayırlar.
Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələri nömrələnməli və qovluq formasında səhifələnməlidir.
Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi
İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 1800-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:
1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;
2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;
3. Seçki qanunvericiliyinin maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;
4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;
5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;
6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə)
Seçki qanunvericiliyinin maddələrində göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir.
Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Eyni zamanda gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir. Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir.
Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər seçki qanunvericiliyinin maddələrində göstərilmiş müddət başa çatanadək təqdim olunduqda, onların qəbul edilməsindən imtina edilə bilməz, namizədin, siyasi partiyanın səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti