23 Dekabr 2024, Bazar ertəsi

Digər nəqliyyat növlərindən fərqli olaraq müxtəlif növ daşımaların həyata keçirilməsində faydalı iş əmsalının yüksək olması ilə seçilən dəmiryol nəqliyyatının muxtar respublikamızda yük və sərnişindaşımalarında  öz rolu var. Buna görə yeni avadanlıqların, maşın və mexanizmlərin alınıb gətirilməsi, yolların əsaslı təmiri və yenidən qurulması, vaqonların istismara yararlı vəziyyətdə olması da diqqət mərkəzində saxlanılır, yük və sərnişindaşımalarının etibarlılığı təmin edilir. İnfra­strukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi muxtar respublikada nəqliyyatın bu növündən istifadə edənlərin sayının ilbəil artmasına səbəb olub.

 

Qış mövsümünə hazırlıq tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi dəmiryolçuların işlərini günün tələbləri səviyyəsində qurmalarından xəbər verir. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, Ordubad-Culfa sahəsində hərəkət edən yük, sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə məqsədilə yeni manevr teplovozu alınıb. Culfa Lokomotiv Deposunda qış mövsümündə istismar olunacaq 5 elektrovozun və 5 manevr-magistral teplovozun hərəkət və dartı hissələri müayinə olunaraq onlara baxış keçirilib, cari və depo təmirləri keyfiyyətlə aparılıb. 

Mövsümə hazırlıqla əlaqədar olaraq 110 müxtəliftipli vaqon və depo cari təmir edilib. Lokomotivlərin və istilik sistemləri ilə təchiz olunmuş sərnişin vaqonlarının mövsümə hazırlığı ilə əlaqədar tələb olunan ehtiyat hissələri və sürtkü yağı tədarük edilib. Sərnişin vaqonlarının qızdırılması üçün kifayət qədər daş kömür ehtiyatı yaradılıb, əlavə olaraq 60 ton daş kömürün alınıb gətirilməsi üçün sifariş verilib. Cari ilin qış mövsümündə vaqon və lokomotivlərin normal və fasiləsiz istismarının təmin olunması məqsədilə əlavə ehtiyat hissələri gətirilib.
Bundan əlavə, xidməti ərazidə qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə baş və stansiya yollarının vəziyyəti yoxlanılaraq bütün qüsurlu rels bərkidiciləri dəyişdirilib, yolun plan və profil üzrə təlimata uyğun saxlanılması məqsədilə təkan və çarpaz yatmalar aradan qaldırılıb.

Defektoskop briqadası tərəfindən 1018 kilometr baş yol, 147 kilometr qəbul-göndərmə yolu, 327 dəst yoldəyişən qurğu və 45 min 186 qaynaq calağı yoxlanılıb.
Yol təsərrüfatında sağlamlaşdırma işlərinin aparılması məqsədilə cari ilin may ayında Bakı şəhərindən 250 təzə dəmir-beton şpal, noyabr ayında isə 2000 təzə ağac şpal alınaraq gətirilib və ehtiyac duyulan sahələrdə dəyişdirilməsinə başlanılıb.
“Naxçıvan Dəmir Yolları” MMC-dən onu da bildirdilər ki, xidməti ərazidə yararsız vəziyyətdə olan 609 şpal yenisi ilə, 167 yararsız ağac şpal yarımyararlı dəmir-beton şpallarla, 26 yararsız ağac şpal isə yarımyararlı ağac şpallarla əvəz edilib. Əlavə olaraq Culfa İstismar Vaqon Deposunun təmir sexinin içərisində 2 yeni dalan yolunun çəkilişi 68 təzə dəmir-beton şpal qoyulmaqla davam etdirilir.
Qatar dispetçerləri ilə maşinistlər arasında olan radiorabitənin etibarlılığının artırılması məqsədilə də lokomotiv və stansiyalarda istismar müddəti ötmüş 136 müxtəliftipli blok və 128 müxtəliftipli rele yoxlanılaraq dəyişdirilib. Ordubad-Aza və Culfa-Vəlidağ sahələrində magistral rabitə kabelinin izolyasiyası texniki normaya uyğunlaşdırılıb. Xidməti ərazidə rels dövrələrində yarana biləcək nasazlıqların vaxtında qarşısının alınması məqsədilə 47 yoldəyişənin izolyasiya dəsti yenilənib. 46 izolyasiya calaqları yenisi ilə əvəz olunub. Naxçıvan-Şərur sahəsindəki stansiyalarda da dartı relsləri arasındakı mis rels birləşdiriciləri bərpa edilib. Culfa stansiyasının cüt boğazında rels dövrəsindəki nasaz vəziyyətdə olan 60 metr idarəetmə kabeli ­dəyişdirilib.
Aldığımız məlumatda onu da öyrəndik ki, son illər əsaslı təmir olunmuş və yenidən qurulmuş binalarda quraşdırılmış 11 fərdi qazanxana vasitəsilə qış mövsümündə 18 bina istilik sistemi ilə təmin olunur. Təmir sexlərində və digər strukturlarda isə 9 “Kombi” markalı qızdırıcıdan istifadə edilir. Bütün qazanxanalara texniki baxış keçirilərək onlar saz vəziyyətə gətirilib.
Həyata keçirilən tədbirlər muxtar respublikada dəmiryol nəqliyyatının vaxtında və təhlükəsiz hərəkətinin təminatına zəmanət verir.

- Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR