23 Dekabr 2024, Bazar ertəsi

Bu gün muxtar respublikamızda dövlət gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, geniş dünyagörüşə malik, savadlı və intellektual, müasir gənc nəsil formalaşıb. Sevindirici haldır ki, vətənpərvər, çalışqan və sağlam gənclik qədim diyarımızı ölkəmizdən kənarda da layiqincə təmsil edə bilir. Onlara göstərilən qayğının nəticəsidir ki, muxtar respublika gənclərinin fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Biz də artıq başa çatmaqda olan 2019-cu ildə müxtəlif sahələrdə qazandıqları uğurları ilə fərqlənən gənclərimizlə həmsöhbət olduq.

Nərgiz İsmayılova 1986-cı ildə Ordubad rayonunun Əndəmic kəndində anadan olub. İstər orta məktəb, istərsə də liseydə təhsil aldığı illərdə qələm hər zaman onunla yoldaş olduğundan duyğularını daim şeirlər, pritçalar, hekayələr şəklində ifadə edib. Ədəbiyyatı çox sevməsi səbəbindən də 2004-cü ildə Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası müəllimliyi üzrə təhsil almağa başlayıb. 2008-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib, təhsilini 2009-cu ildən Gəncə Dövlət Universitetinin Xarici ölkələr ədəbiyyatı ixtisasında magistr pilləsi üzrə davam etdirib. 2012-ci ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirib. Hazırda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində böyük elmi işçi vəzifəsində çalışan Nərgiz İsmayılova filologiya üzrə fəlsəfə doktoru elmi mərtəbəsinədək yüksəlib.

Bu yaradıcı gənc “Şərq qapısı” qəzetində müxbir kimi də fəaliyyət göstərib. Hazırda “Ədəbiyyat” qəzeti və “Nuhçıxan” İnformasiya Agentliyində köşə yazarıdır. “Ulduz” jurnalının redaksiya heyətindədir. 60 elmi, 400-dən çox qəzet məqaləsinin müəllifi olan Nərgiz həm də Azərbaycan Yazıçılar, Jurnalistlər və Dünya Gənc Türk Yazarlar birliklərinin üzvü, Prezident mükafatçısıdır. Maraqdoğuran yazılarına və uğurlarına görə 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi “Əli bəy Hüseynzadə mükafatı”na layiq görülüb, muxtar respublikamızda “İlin yazıçısı”, “İlin jurnalisti” seçilib. O, 7 bədii nəsr, 6 tərcümə əsərinin müəllifidir. Bunlardan “İçimdəki Merilin”adlı nəsrinin, “Beklenen dolunay” romanının və “Qardələn” roman-gündəliyinin, “Müqəddəs məkan – Naxçıvan” kitabının adlarını çəkmək olar.
Nərgiz İsmayılova deyir: – Bu il də mənim üçün yaddaqalan oldu. AMEA Naxçıvan Bölməsinin “İlin alimi” fəxri diplomu ilə təltif edildim. Bu yaxınlarda Latviyada “Məmməd Səid Ordubadi: Şərq və Qərb” adlı elmi əsərim Azərbaycan və rus dillərində işıq üzü gördü. AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimi Nemətullah Naxçıvaninin irsinin öyrənilməsi ilə bağlı bir neçə layihənin müəllifiyəm, “Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi) kitabının, həmçinin Türkiyədə nəşr olunan ermənilərin uydurma iddialarına son qoyan iki mükəmməl tarixi əsərin tərcüməçisiyəm. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin doktorantıyam. “Avropa postmodernizmi və müstəqillik dövrü Azərbaycan bədii nəsri” sahəsində elmi tədqiqat işi aparıram.
Digər bir müsahibimiz bacarıqlı gənc Turac Seyidbəylidir. 1993-cü ildə Naxçıvan şəhərində, hərbçi ailəsində anadan olan Turac bakalavr təhsilini Naxçıvan Dövlət Universitetində Ekologiya ixtisası üzrə alıb. Uzun müddət bu ali təhsil ocağının Tibb fakültəsində fəaliyyət göstərib. Həmin illər ərzində ölkə daxilində və xaricdə tibbi təcrübə və konfranslarda iştirak edib, sertifikatlarla təltif olunub.
Turac Seyidbəyli deyir: – Rəssamlığa həvəsim uşaqlıqdan yaransa da, təhsilimi və fəaliyyətimi tamamilə fərqli sahələrdə davam etdirirdim. Ancaq bu sənətdən də ayrıla bilmirdim. Təhsil aldığım illərdə həvəskar rəssam olaraq bir neçə sərgidə iştirak etmişdim. 2013-cü ildə Naxçıvan Dövlət Universitetində keçirilən “Gənc rəssamlar” adlı sərgidə, 2014-cü ildə isə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş “Yurdum mənim” adlı sərgi-müsabiqədə fərqlənib diplomlara layiq görülmüşəm. 2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin təşkil etdiyi “Sərhədlərimizin keşiyində” adlı sərgidə iştirakıma görə sertifikat almışam. Onu da deyim ki, rəssamlıq sahəsində mənə ilham verən, yenidən bu sənətə ruhlandıran Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva olub. Məhz bundan sonra mən rəssamlıq təhsili alıb xəyallarımı gerçəkləşdirmək qərarına gəldim. Beləliklə, 2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olundum. Bu mənim illər sonra həyata keçən çoxdankı arzularımdan biri idi. Akademiyada oxumağa başladığım müddətdə bir çox sərgi və müsabiqələrdə iştirak edərək diplom və sertifikatlarla təltif olunub mükafatlara layiq görülmüşəm.
Cari ildə də bir sıra uğurlar əldə etmişəm. Almaniyanın Berlin Kunst universitetinin təşkilatçılığı ilə keçirilən master-klassda fəal iştirakıma görə sertifikatla, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkil etdiyi “LiveLife” beynəlxalq incəsənət layihəsi çərçivəsində keçirilən sərgidə iştirakıma görə isə diplomla təltif olunmuşam. Sərgi zamanı, həmçinin Leyla Əliyevaya öz əsərlərim haqqında məlumat verdim, ideyamı çox bəyəndi. Onun təşəbbüsü ilə İDEA İctimai Birliyinə üzv qəbul edildim. Cari il avqust ayının 29-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Gənc­lər Fondunun birgə təşkil etdiyi “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında Saat meydanı turistik istirahət mərkəzində keçirilən açıq hava plenarında I yerə layiq görülərək diplom və hədiyyələrlə təltif edildim. Çəkdiyim əsəri Saat meydanına hədiyyə etdim. Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş “Berlin divarının sökülməsi”, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən keçirilən “Tolerantlıq” adlı sərgilərdə və Bakı şəhərində təşkil edilən digər əhəmiyyətli sərgilərdə uğurla iştirak etmişəm. Mənim üçün daha bir uğur isə cari il sentyabr ayının 26-da Misirin Qahirə şəhərində keçirilən sərgim oldu. Burada əsərlərim maraqla qarşılandı, Misirin televiziya kanallarından biri məndən müsahibə də aldı. Naxçıvan xəritəsini xüsusi təsvir etdiyim “Sirli dünya” adlı əsərim “Azərbaycan” adlı bukletdə yer almışdı. Əsəri görən hər kəs bəyənir. Hətta sərgi zamanı Misir vətəndaşları tərəfindən də xüsusi maraqla qarşılandı və onu almaq istəyənlər də oldu. Mən isə satmaqdan qəti şəkildə imtina etdim. Çünki orada Naxçıvan düşüncələrim yer almışdı. Bu mənim xaricdəki ilk sərgim idi və gözlədiyimdən də uğurlu nəticə əldə etdim.
Əsərlərimdə, əsasən, milliliyə, vətənpərvərlik mövzularına, milli adət-ənənələrimizə, qədimliyə, tarixi abidələrimiz və yurdumuzun gözəl guşələrinin təsvirinə üstünlük verirəm. Mənim doğma yurdum Naxçıvandır, məqsədim isə dünyada ölkəmizi, onun bir parçası olan muxtar respublikanı layiqli şəkildə təmsil edə bilməkdir. Gələcəklə bağlı bir çox planlarım var və ümid edirəm ki, hər birini həyata keçirəcəyəm.
Digər bir istedadlı gəncimiz isə Nuri ­Xavərdir. O, 1995-ci ildə Naxçıvan şəhərində anadan olub. 2013-cü ildə Heydər Əliyev adına tam orta məktəbi bitirib. 2013-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində Tarix ixtisası üzrə təhsil alıb. 2017-ci ildən Naxçıvan Dövlət Tarix Muzeyində bələdçi kimi fəaliyyət göstərir. 2018-ci ildən isə Naxçıvan Müəllimlər İnstitutunda İbtidai təhsilin metodika və metodologiyası ixtisası üzrə magistratura təhsili alır. Nuri Xavər deyir: – Başa çatmaqda olan il, həqiqətən də, mənim üçün unudulmaz, yaddaqalan oldu. Belə ki, cari il 28 noyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Tarix Muzeyinin 95 illik yubileyi münasibətilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olundum. Bu, gənc əməkdaş kimi fəaliyyətimə verilən ən yüksək qiymətdir, həm də bir gənc kimi mənim üçün böyük bir stimuldur. Mən gənclərə göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə dərin minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bundan sonra da doğma yurdumun qədim tarixini, zəngin mədəniyyətini, milli dəyərlərini layiqincə təbliğ edəm.
Fərhad Əsgərov isə innovativ inkişafa böyük maraqgöstərən gənc­lərimizdəndir. 1999-cu ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin Dünya iqtisadiyyatı ixtisası üzrə IV kurs tələbəsidir.
O, “Elektron logistic” və “VeloTour” startap layihələrinin ideya müəllifi, komanda rəhbəri və İKT üzrə iştirakçısı, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən “Könüllü gömrükçü” dəstəsinin üzvüdür. Fərhadla söhbət zamanı bildirdi ki, bu yaxınlarda Dövlət Gömrük Komitəsində iqtisadi sahədə startap layihələrinin təqdimatı və dəyərləndirilməsi ilə bağlı tədbir keçirildi. Mənim təqdim etdiyim “Elektron logistic” və “VeloTour” adlı layihələr gələcək perspektivi, sosial və iqtisadi əhəmiyyəti nəzərə alınaraq daha cəlbedici hesab olundu və elektron logistika ilə bağlı layihə “Ən yaxşı layihə” nominasiyası üzrə qalib elan edilərək mükafatlandırıldı.
Fərhad deyir ki, hər bir layihənin uğur qazanması üçün həmin layihənin biznes tərəfi ilə yanaşı, sosial əhəmiyyət kəsb etməsi də zəruridir. Məhz “VeloTour”da həm sosial, həm də biznesyönümlü layihədir. Biz burada insan sağlamlığının və ətraf mühitin qorunmasına kömək etməklə, özü-özünü təmin edə və gəlir gətirə bilən bir startap layihəsi nəzərdə tutmuşuq. Potensial müştəri olaraq xitab etdiyimiz kütlə çox genişdir. Müştərilər təklif etdiyimiz xidmətlərdən istifadə edərək öz sağlamlıqlarının və ətraf mühitin qorunmasında rol oynaya, eyni zamanda ailələri ilə səmərəli vaxt keçirə bilərlər. Bu layihəyə velosiped istifadəsi üzrə dünyada baş verən texnoloji innovasiyalar da tətbiq ediləcək.
“Elektron logistic” layihəsi isə muxtar respublikamızın həm qonşu ölkələrlə, həm də ölkə­mizin digər bölgələri ilə iqtisadi ticarət zamanı yaranan yükdaşınması problemlərinin aradan qaldırılmasını təmin etmək üçün nəzərdə tutulub. Layihə məhsulun, əmtəənin, servisin müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə nəzarət edəcək. Layihənin gələcəkdə vebsaytının da yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Fərhad Əsgərov “İdeyadan Biznesə” startap müsabiqələrində hər il aktiv iştirakı ilə fərqlənir. Belə ki, o, komandası ilə “NakhchivanBookCenter” (Naxçıvan turunda III yer), “SmartDoctor” layihələrini təqdim edib. Dünya miqyaslı “Enactus” layihə müsabiqəsinin Azərbaycan turnirində Naxçıvan Dövlət Universitetinin komandası ilə “WastewillbeBest”, “Boomerang” layihələri ilə təmsil olunub.
Həmsöhbət olduğum gənclər əldə etdikləri uğurların hər birinin təməlində muxtar respublikada dövlət gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının dayandığını vurğuladılar. Onların istedadlarının inkişafı üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlıq etdilər. Yazıdan da göründüyü kimi, bu il də muxtar respublika gəncləri üçün uğurlu olub. İnanırıq ki, 2019-cu ili müxtəlif sahələrdə qazandıqları uğurlarla yaddaqalan bir il kimi yola salan gənclərimiz üçün 2020-ci il də müvəffəqiyyətlə başlayacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR