Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün 18 oktyabr 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilib. Müsabiqəyə çıxarılmış 186 vakant vəzifənin tutulması üçün 61 nəfər sənəd verib. Test imtahanlarında 60 namizəd iştirak edib, onlardan 13-ü keçid balını toplayıb.
Qeyd edək ki, ilk dəfə olaraq 2019-cu ildən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilib. Test imtahanlarının keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin artırılması üçün dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsidir.
Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak ediblər.
Naxçıvan Musiqi Kollecinə işə qəbul üçün test imtahanında hər bir namizədə, ümumilikdə, 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilib, tapşırıqların yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilib. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün test imtahanında hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim olunub. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 75 dəqiqə vaxt verilib. Hər bir düzgün cavab bir balla qiymətləndirilib.
Naxçıvan Musiqi Kollecinə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti