Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən noyabr ayında gənclərin asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşlərinin formalaşdırılması, idmanın kütləviliyinə nail olunması istiqamətində ardıcıl tədbirlər görülmüş, idmançılarımızın ölkə və beynəlxalq turnirlərdə iştirakı təmin edilmişdir.
Ötən ay Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun Kəngərli, Şərur-Sədərək rayon birincilikləri, “Muxtar respublikanın ən yaxşı Tələbə-Gənclər Təşkilatı” müsabiqəsi çərçivəsində “On/off” video, qısametrajlı film, “Naxçıvanda gənc olmaq” mövzusunda yazı müsabiqəsi, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Poliqon” Strateji İntellekt Oyunu üzrə III Universiadanın seçim mərhələsi keçirilmişdir. Həmçinin “Mən muxtar respublikanın inkişafı və tanıdılması üçün nə etmişəm?” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmış, “Muxtar respublikanı neçə tanıdırıq?” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
“10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi” ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Xəmsə”, ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında “Azərbaycanı tanı” intellektual oyunları, “Şən və Hazırcavablar” klubları arasında müsabiqə keçirilmiş, şəhid leytenant Qabil Orucəliyevə həsr olunmuş “Səni Vətən çağırır” adlı sənədli film nümayiş etdirilmişdir.
Noyabr ayında könüllü gənclərin iştirakı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində “Ekoyürüş”, “Gənclər bağı”nda yaşıllıqlara qulluq aksiyası təşkil olunmuşdur. Naxçıvan Dövlət Universitetində gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilmiş, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar gənclərin Dövlət Bayrağı Meydanı və Muzeyinə ekskursiyası təşkil olunmuş, gənclər arasında “Mənim layihəm” adlı müsabiqəyə start verilmişdir.
Ötən ay idman tədbirləri də diqqətdə saxlanılmış, yeniyetmə və gənclər arasında yoldaşlıq görüşləri, idmanın şahmat, boks, stolüstü tennis, kross qaçışı, badminton, voleybol, güləş, peyntbol, atıcılığın tir növləri üzrə birinciliklər keçirilmiş, Naxçıvan Futzal Liqasının oyunları, “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin Bədən tərbiyəsi və idman ixtisası üzrə təhsil alan tələbələrinə futbol hakimliyi kursu, futbol üzrə XVIII Naxçıvan Muxtar Respublika Çempionatı, “İdman hamı üçün!” şüarı altında “Azərbaycan Olimpiya Odisseyası” adlı tədbir təşkil olunmuşdur.
İdmançılarımız yüksək nəticələr əldə edərək Azərbaycan birinciliyində 8, Dünya birinciliyində 2, Avropa birinciliyində 18 medal qazanmışlar.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti