23 Dekabr 2024, Bazar ertəsi

Hər iki yurd yerinə muxtar respublikada həyata keçirilən genişmiqyaslı kompleks quruculuq tədbirlərindən pay düşüb, bu kəndlər müasirliyə qovuşub. Belə ki, ötən ay – noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində həmin yaşayış məntəqələrində yeni sosial obyektlər istifadəyə verilib, hər iki kəndin avtomobil yolu yenidən qurulub. Bu yolla irəlilədikcə yadıma paytaxt Bakı şəhərindən muxtar respublikamıza qonaq gəlmiş bir ziyalının sözləri düşdü: – Naxçıvanda sosial-­iqtisadi inkişafı görmək üçün elə onun 3-4 kəndinin yolundan keçmək kifayətdir.

Haqqında bəhs edəcəyimiz kənd­lərin 7 kilometrlik yoluna asfalt salınması, kənddaxili yollarda əsaslı təmir işlərinin aparılması, su keçidlərinin qoyulması, körpülərin tikilməsi, beton su kanalının çəkilməsi dediklərimizi sübut edir. Əhalinin rahatlığına hesablanan bu tədbirlər sakinlər tərəfindən yüksək dəyərləndirilir. Yolun hər iki tərəfində göz işlədikcə görünən badam və tut bağları quruculuq tədbirləri çərçivəsində salınıb. 5,2 hektarlıq sahəni əhatə edən bağlar bir neçə ildən sonra bu yurd yerlərinin təbiətini daha da zənginləşdirəcək. Həmin yolla yeni tikililərdən birinin qarşısına çatırıq. Bu, Yeni Havuş və Xətai kənd tam orta məktəbinin binasıdır. Öncə məktəb haqqında statistik məlumat: 120 şagird yerlikdir. 14 sinif otağından, hərbi kabinədən, kimya-biologiya və fizika laboratoriyalarından, şahmat, kompüter və müəllimlər otaqlarından, kitabxanadan, bufet və idman zalından ibarət olan məktəbdə internetə çıxışı təmin edilmiş 11 kompüter və 3 elektron lövhə quraşdırılıb. Kitabxanada 787 dərslik və 3309 bədii ədəbiyyat olmaqla, 4096 kitab var.

Məktəbin müəllimləri, hər iki kəndin sakinləri ilə görüşdük. Təhsil ocağında kollektivin hələ də sevinc içərisində olduğu diqqətimizdən yayınmadı. Məktəb binasının açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun: “Məktəb hər bir ölkənin gələcəyidir. Bu gələcəyi təmin etmək isə müəllimlərin qarşısında duran əsas vəzifədir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edilməli, təhsilin səviyyəsi yüksəldilməli, məktəbin nailiyyətləri daha da artırılmalıdır” tövsiyəsini xatırladaraq: – Buna necə əməl olunur, müəllimlər öz vəzifə borclarına necə yanaşırlar, göstərilən qayğının müqabilində ötən müddətdə hansı işlər görülüb? kimi suallara cavab tapmaq üçün kollektiv üzvləri ilə həmsöhbət olduq.
Məktəbin direktoru Məmməd Hüseynov bildirdi ki, muxtar respublikamızda hər il yeni məktəb binalarının tikilməsi, ən müasir avadanlıq və informasiya texnologiyaları ilə təchiz olunması davamlı xarakter alıb. Sevinirik ki, yaradılan şəraitdən biz də bəhrələnirik. Müəllim və şagirdlərimizin istifadəsinə verilən məktəb də müasir maddi-texniki bazaya malikdir. Burada tədrisin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradılıb. Qədim diyarımızda təhsilin inkişafı üçün həyata keçirilən belə tədbirlər və təhsil işçilərinin sosial qayğılarının daim diqqətdə saxlanması məsuliyyətimizi daha da artırır.

“Bu gün məktəbdə 69 şagird oxuyur. Son 5 ildə məktəbi bitirən 12 məzundan 8-i ali təhsil alıb”, – deyən məktəbin direktoru təhsilə göstərilən hərtərəfli qayğıya və belə gözəl məktəb binasının istifadəyə verilməsinə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirdi.
Məktəbin müəllimi Vaqif Həsənov: – Heç bir dövlətin, xalqın inkişafı təhsilsiz mümkün deyil. Bir müəllim kimi sevinirəm ki, bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda bu sahəyə göstərilən qayğı ən yüksək səviyyədədir. Bu isə gələcəyə, inkişafa hesablanmış prosesdir və bəhrələrini illərdir ki, görürük. Bizim üçün də belə bir şəraitin yaradılması ürəyimizcədir və hər bir şagirdin, müəllimin və valideynin sevincinə səbəb olub. Bütün bunlar kollektivi yeni uğurlar qazanmağa ruhlandırır.
Müəllim Cavanşir Hüseynov deyir ki, bina istifadəyə veriləndən işimizi qarşıya qoyulan vəzifələrin icrası istiqamətində qurmağa səy göstəririk. Dərs və dərsdənkənar məşğələlərin səviyyəsini yüksəltmək, şagirdlərin bilik və bacarıqlarını artırmaq üçün yaradılan şəraitdən düzgün istifadə edirik. Məktəb işi kollektiv işdir. Bunu diqqətdə saxlayan müəllimlərimiz Ali Məclis Sədrinin dəyərli tövsiyələrini fəaliyyət proqramına çeviriblər. Bu, dövlətimizə, dövlətçiliyimizə, müstəqilliyimizə sədaqətli gənclərin yetişdirilməsində başlıca amildir.
Kənd mərkəzləri muxtar respublikanın yaşayış məntəqələrində yeni ünvanlardır. Son illərdə kəndlərimizdə həyata keçirilən kompleks quruculuq tədbirlərinin tərkib hissəsinə çevrilən belə obyektlərdə dövlət qurumlarının birgə fəaliyyət göstərmələri təmin edilib. Həmin gün istifadəyə verilən kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Kitabxanada, ilk olaraq oxunması zəruri olan kitablardan ibarət guşə diqqəti çəkir. Rabitə evində əhaliyə nümunəvi xidmət göstərilməsi üçün müasir şərait yaradılıb. Burada qurulan yeni nəsil ATS 192 yerlikdir. Qeyd edək ki, quruculuq tədbirləri çərçivəsində 4954 metr fiber-optik, 8050 metr rabitə xətləri çəkilib. Yeri gəlmişkən, digər tədbirlər də həyata keçirilib. Transformator yarımstansiyasında əsaslı təmir işləri görülüb, izolyasiyalı hava xətləri çəkilib, 4747 paqonometr qaz xəttində yerdəyişmə işləri aparılıb. Xətai kəndinin içməli su xətti təmir edilib, yeni subartezian quyusu qazılıb.
Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılıb, ginekoloji müayinə üçün avadanlıqlar, təcili yardım çantası, qlükometr, soyuducu və tibbi ləvazimatlar qoyulub.
Yeni Havuş kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Rizvan İsaqov deyir ki, məntəqədə çalışanlar elə ilk günlərdən sakinlərə səhiyyə xidmətinin səviyyəsini yüksəltməyə səy göstərirlər. Kənd sakinləri onların fəaliyyətindən razılıq edirlər.

Yaxınlıqda isə yeni xidmət mərkəzinin binası yerləşir. Burada bərbər­xana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Mərkəzdə 6 sakin işlə təmin olunub. Əhaliyə göstərilən xidmətlərdən razılıq edən Süleyman Məmmədov bildirdi ki, 80 yaşı var. Belə yüksək dövlət qayğısı, sanki onu cavanlaşdırıb, yaşamaq əzmini yüksəldib.
Qeyd edək ki, hələ də sevinc içərisində olan hər iki kəndin sakinləri torpağa bağlı insanlardır və bu qiymətli sərvətin qədrini bilir, iqtisadiyyatın əsası sayılan kənd təsərrüfatının inkişafına göstərilən qayğıdan səmərəli istifadə edirlər.
Taxılçılıqda yüksək təcrübə qazanan sakinlər artıq 100 hektar sahədə payızlıq taxıl əkinini başa çatdırıblar. Qasım Musayev və Arif Məmmədov bu sahədə irəlidə gedirlər. Yeni Havuşda yaşayan Arif 5, Qasım isə 15 hektar sahədə taxıl əkib. Qasım həm də 25 baş iribuynuzlu heyvan saxlayır. Həmin kəndin sakinləri Minayə Səfərova, Cavanşir Hüseynov da bu sahə ilə məşğul olurlar. Onların ailə təsərrüfatlarının uğurları getdikcə artır. Belə qayğıya görə də torpaq adamları dövlətimizə öz minnətdarlıqlarını bildirdilər.
Xətai kəndinin sakinləri İdris Abdullayev, Vəli Həsənov, İslam Abdullayev və başqaları, əsasən, xırdabuynuzlu heyvan saxlamağa üstünlük verirlər. Onlara məxsus olan pay torpaqlarından biçənək kimi istifadə edirlər.
Bu kəndlərin təbiəti ərazidə arıçılığın inkişafı üçün çox sərfəlidir. Odur ki, hər il arı ailələrinin sayı artır. Müəllim Vaqif Həsənov, ailə təsərrüfatı başçısı Yasin Qasımov təcrübəli arıçı kimi tanınıblar.
Həmsöhbət olduğum kənd adamlarının hamısı muxtar respublikada mütərəqqi təsərrüfat forması olan ailə təsərrüfatlarının yaradılmasına, onların rastlaşdıqları çətinliklərin aradan qaldırılmasında dövlət dəstəyinə görə razılıqlarını ifadə etdilər. Bu kəndlərdə də belə təsərrüfatların sayının getdikcə artdığını bildirdilər.
Ümumiyyətlə, həmsöhbət olduğum insanlar muxtar respublikada son illərdə qazanılmış nailiyyətlərin kökündə insan amilinə qayğının dayandığını vurğuladılar. Məhz bu amilin ifadəsi kimi qədim diyarımızın hər bir guşəsində həyata keçirilən quruculuq tədbirlərini göstərdilər. Bəhs olunan kəndlərdə görülən işlərin isə inkişafın yeni mərhələdə davamı olduğunu bildirdilər. Yeni obyektlərin açılışı zamanı Ali Məclis Sədrinin sakinlərlə görüşündə dediyi kimi: “...Ötən əsrin 70-ci illərindən etibarən ümummilli liderin rəhbərliyi ilə Azərbaycanda inkişafa kəndlərdən, sərhəd rayonlarından başlanılmışdır. Qısa müddətdə Azərbaycan keçmiş Sovetlər Birliyi ölkələri içərisində inkişaf etmiş respublikaya çevrilmişdir. O dövrdə ulu öndərin həyata keçirdiyi tədbirlərin davamı olaraq Azərbaycan müstəqillik illərində də hərtərəfli inkişaf etmişdir. Hazırda ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Ölkəmizin hər bir yaşayış məntəqəsi müasirliyə, inkişafa qovuşmuş, insanların rahat və təhlükəsiz yaşayışı təmin edilmişdir. Aparılan quruculuq işləri Yeni Havuş və Xətai kəndlərində də inkişafa səbəb olmuşdur”.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR