22 Dekabr 2024, Bazar

24 avqust 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü illərin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların yerinə yetirilməsi məqsədilə Şahbuz Rayon İcra Hakimiyyətində tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq məruzə edib. Qeyd olunub ki, payız-qış mövsümünü mütəşəkkil başa vurmaq üçün qarşıda mühüm vəzifələr dayanır. Başlıca vəzifə ondan ibarətdir ki, soyuq qış aylarında əhalinin rahatlığı təmin edilsin, nəzərdə tutulan tədbirlər vaxtında yerinə yetirilsin. Bu istiqamətdə görülmüş işləri xatırladan icra başçısı bildirib ki, rayon mərkəzində 42 idarə, təşkilat və müəssisənin yerləşdikləri inzibati binalardan 30-da müasir istilik sistemi qurulub. 20 yaşayış məntəqəsində fəaliyyət göstərən xidmət müəssisələri müasir istilik sistemi ilə qızdırılacaq. Mövsümədək Kükü, Güney Qışlaq, Ayrınc, Qızıl Qışlaq kəndlərində inşa olunan binalar da müasir istilik sistemi ilə təmin ediləcək.
Diqqətə çatdırılıb ki, müasir istilik sistemi ilə qızdırılacaq məktəblərdə qazanxanalara baxış keçirilib. Beş məktəbin isə ağ neftlə qızdırılması nəzərə alınaraq ilkin tədbirlər görülüb. Payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə, ümumilikdə, 41 min 900 litr ağ neft, 250 kvadratmetr şüşə, 210 ədəd şifer, 460 metr polietilen örtük alınması nəzərdə tutulub və sifarişlər verilib.

Qeyd olunub ki, payız-qış mövsümündə nəqliyyatın normal hərəkəti üçün də bir sıra işlər görülüb. Belə ki, uzunluğu 18 kilometrdən artıq olan Şahbuz-Kükü-Güney Qışlaq avtomobil yolunun xeyli hissəsinə asfalt-beton örtük salınıb. Naxçıvan-Batabat magistral yolundan Ağbulaq-Gömür istiqamətində uzunluğu 8 kilometr olan yolun hərəkət hissəsinin eni 7,2, yol yatağının eni isə 9 metrədək genişləndirilib. Digər kənd yaşayış məntəqələrində də belə tədbirlər həyata keçirilib. 
Bildirilib ki, rayon əhalisinin qış mövsümündə elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaq məqsədilə ilin ötən dövrü ərzində Şahbuz şəhərinin, Aşağı Qışlaq və Keçili kəndlərinin hər birində bir transfor­mator şəbəkədən ayrılıb, elektrik nəqli yaxınlıqdakı transformatorlar hesabına nizama salınıb. Doqquz transformator Culfa təmir sexində təmir edilərək istismara qaytarılıb.
Payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Ayrınc-Kükü-Güney Qışlaq magistral rabitə kabelinin bir çox ünvanlarda yerləri dəyişdirilib, rabitənin optik xətt üzərindən verilməsinin tətbiqi ilə əlaqədar rayon Mərkəzi Xəstəxanasına min metr məsafədən optik kabel çəkilib.
İcra başçısı payız-qış mövsümünə hazır­lıqla əlaqədar görülən işlərlə bərabər, qarşıda duran vəzifələrdən də danışıb. Bildirilib ki, qısa müddət ərzində istehlakçıların normal elektrik enerjisi ilə təminatı üçün yüklərin paylaşdırılmasında səmərəlilik artırılmalıdır. Bu məqsədlə sistemsiz çəkilmiş köhnə, nasaz xətlərin dəyişdirilməsinə ciddi fikir verilməli, elektrik enerjisindən sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbirlər görülməli, ona nail olunmalıdır ki, mövsüm ərzində rayon əhalisi elektrik enerjisi ilə təminat sarıdan heç bir problemlə üzləşməsin.
Vurğulanıb ki, bir neçə kənd yaşayış məntəqəsində təbii qaz xəttinin yenidən çəkilişi ilə əlaqədar mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə konkret tədbirlər görülməlidir. Qış aylarında mənzillərin və təbii qazla iş rejiminə keçmiş istilik sistemlərinin fasiləsiz olaraq təbii qazla təmin olunmasına nəzarət gücləndirilməlidir. Müxtəlif ehtiyat tədbirlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Belə ki, əhaliyə tələbat daxilində ağ neftin və maye qazın satışı təşkil olunmalıdır.
Qeyd olunub ki, qarlı və şaxtalı hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin olunması üçün konkret tədbirlər müəyyənləşdirilməli, ucqar dağ kəndlərinə gediş-gəlişin rahatlığı üçün mümkün vasitələrdən səmərəli istifadə təmin edilməlidir. Bunun üçün lazımi yerlərdə cari təmir işləri vaxtında başa çatdırılmalıdır.
Əhalinin rabitə xidmətindən istifadəsini yaxşılaşdırmaq məqsədilə yararsız kabellərin və dirəklərin dəyişdirilməsi təmin olunmalıdır.
Bildirilib ki, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, xidmət sahələrinin payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün bütün qüvvələr səfərbərliyə alınmalı, elektrik enerjisindən, təbii qazdan və istilikdən qənaətlə istifadə olunması üçün maarifləndirmə işinə ciddi önəm verilməlidir.
Məruzə ətrafında müzakirələrdə rayon Təhsil Şöbəsinin müdiri Tarverdi Qurban­ovun, Elektrik Şəbəkəsinin direktoru Bəhruz Məhərrəmovun, Qaz İstismarı İdarəsinin rəisi Anar Hüseynovun, Rabitə İdarəsinin rəisi Fazil Umudovun çıxışları olub.
Müşavirəyə rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR