23 Dekabr 2024, Bazar ertəsi

1991-ci ildə ölkəmizin tarixi dövlət müstəqilliyi bərpa edildikdən və 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ­ictimai-siyasi həyatımızın bütün sahələrində əsaslı sosial-iqtisadi, həmçinin hüquqi islahatlar həyata keçirilib. Belə islahatların mühüm nəticələrindən biri də müstəqil Azərbaycanda ilk dəfə yerli özünüidarəetmə institutu olan bələdiyyələrin yaradılmasıdır.

Bələdiyyələrin statusu 1995-ci il 12 noyabr tarixdə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. 1999-cu ildə isə respublikamızın hər yerində bələdiyyələrə ilk seçkilər keçirilib. Qeyd edək ki, bu seçkilərdən ötən dövr ərzində ölkəmizdə, eləcə də muxtar respublikamızda zəngin qanunvericilik bazasına əsaslanan yerli özünüidarəetmə sistemi formalaşıb, vətəndaş təşəbbüskarlığı üçün ­əlverişli şərait yaradılıb.
Dekabrın 23-də ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında növbəti bələdiyyə seçkiləri də mütəşəkkilliklə keçirildi. Seçicilərin seçki hüquqlarından istifadə edərək seçdikləri namizədlərə səs vermələri üçün məntəqələrdə zəruri olan bütün şərait yaradılmışdı.
Seçkilərin qanunvericiliyə uyğun olaraq azad, ədalətli və şəffaf keçirilməsi, seçicilərin səsvermədə fəal iştirakı, vətəndaşların sərbəst seçim etmələri demokratiyanın təmin edilməsinin və onun inkişafının əsas göstəricisi kimi bir daha özünü təsdiq etdi.
Sevindirici haldır ki, digər seçkilərdə olduğu kimi, 23 dekabr bələdiyyə seçkilərində də Naxçıvan Muxtar Respublikasının seçiciləri səsvermə prosesində xüsusi fəallıq nümayiş etdirdilər. Qəzetimiz çapa hazırlanarkən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovla əlaqə saxladıq. O bildirdi ki, muxtar respublika üzrə 112 min 277 nəfər, yəni seçicilərin 41,4 faizi səsvermədə iştirak edib. Seçki günü muxtar respublikamızın şəhər və rayonlarından hazırladığımız reportajları oxuculara təqdim edirik.

Naxçıvan şəhəri

Ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik hadisələrdən biri hesab olunan bələdiyyə seçkiləri Naxçıvan şəhərində də yüksək əhval-ruhiyyə ilə keçirildi. Bu əlamətdar hadisə ilə bağlı ilk olaraq 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinə üz tuturuq. Dairə seçki komissiyasının sədri Çingiz Məmişov bildirir ki, bu seçki dairəsi üzrə 37 məntəqədə 44 min 455 seçici qeydiyyata alınıb. Onlardan 504-ü ilk dəfə olaraq bu hüquqdan istifadə edəcək. Naxçıvan bələdiyyəsi üçün 29, Əliabad bələdiyyəsi üzrə isə 13 nəfərin namizədliyi qeydə alınıb. Seçki prosesinin necə keçirildiyini izləmək üçün müşahidələrimizə Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 9 saylı seçki məntəqəsindən başlayırıq.

Qaydalara uyğun olaraq 4-9 saylı məntəqə seçki komissiyasının sədri Aynur Rzayeva komissiya üzvləri qarşısında seçki qutularının möhürlənməsini həyata keçirir. Məntəqədəki şəffaf seçki qutuları ayrı-ayrılıqda möhürlənir, seçkiyə vaxtında – saatlar 800-ı göstərəndə start verilir. Səhər saatlarından başlayaraq məntəqəyə seçicilərin axını müşahidə edilir. Öyrənirik ki, bu məntəqədə 934 seçici qeydiyyatdadır. Onlardan 10-u ilk dəfə səs verəcək.
Müşahidələrimizi “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında yerləşən 4-17 saylı seçki məntəqəsində davam etdiririk. Məntəqənin yerləşdiyi əraziyə yaxınlaşarkən burada seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi çəkir. Artıq saat 1200-dək 351 seçici səs verib. Onlardan Əyyub İsmayılov seçki prosesində iştirak etməyi özü üçün vətəndaşlıq mövqeyi, mənəvi borc hesab edir. Deyir ki, seçimini edərkən bələdiyyələrdə sakinlərin istək və arzularını yerinə yetirə biləcək namizədlərə səs verib.
Qeyd edək ki, bu məntəqə üzrə seçicilərin sayı 1398-dir. Quraşdırılan veb-kamera seçkilərin gedişini internet vasitəsilə də izləməyə imkan verir. Bu da seçkilərin şəffaf və demokratik şəraitdə keçirilməsinə xidmət edir.
1292 seçicinin qeydiyyatda olduğu Naxçıvan Tibb Kollecinin binasında yerləşən 4-12 saylı seçki məntəqəsində də qələbəlik müşahidə olunur. Seçicilərdən yaşı 75-i haqlamış Tofiq Bayramov qeyd edir ki, komissiya üzvlərinin qanunauyğun fəaliyyəti vətəndaşların sərbəst şəkildə öz iradələrini ifadə etmələrinə və istədikləri namizədlərə səs vermələrinə şərait yaradıb. Buraya gələn hər kəs yaradılan bu şəraiti yüksək qiymətləndirir.
Seçici Vəli Baxşəliyev deyir ki, seçki prosesi Azərbaycan Respublikasının seçki qanunvericiliyinə tam uyğundur. Mən də bələdiyyə üzvlüyünə namizədlər arasında ən layiqli bildiklərimə səs verdim. İnanıram ki, seçdiyimiz bələdiyyə üzvləri şəhərimizin daha da inkişafına və gözəlləşməsinə xidmət edəcəklər.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə yerləşən 4-28 saylı seçki məntəqəsində seçki siyahısında 1471 seçicinin adı var. İlk dəfə seçki hüququndan istifadə edən Zərifə Sarıyeva deyir ki, buna görə həm sevincli, həm də həyəcanlıdır. Onun fikrincə, bələdiyyələr əhatə etdiyi ərazilərdə müsbət yeniliklər yarada bilərlər. Ona görə də seçkilərdə iştirak edərək layiqli namizədlərə səs vermək lazımdır.

Şərur rayonu

Həmin gün Şərur rayonunda da seçici fəallığı özünü göstərirdi.
2 saylı Şərur Seçki Dairəsi 53 seçki məntəqəsini əhatə edir. Bu məntəqələrin 5-də seçkiləri izləmək üçün veb-kamera quraşdırılmışdı. Dairə üzrə 43 min 142 seçici qeydə alınmışdır ki, onların 709-u seçkilərdə ilk dəfə iştirak edirdi.
Rayonun Çomaxtur kəndində yerləşən 2-10 və 2-11 saylı seçki məntəqələrində də mütəşəkkillik müşahidə olunurdu. 2-10 saylı məntəqədə də 1277 seçicinin səs verməsi üçün hərtərəfli şərait yaradılmış, seçkilərin şəffaf və heç bir qanun pozuntusuna yol verilmədən keçirilməsi üçün lazımi işlər görülmüşdü.
2 saylı Şərur Dairə Seçki Komissiyasının əhatə etdiyi Qarxun, Məmmədsabir, Sərxanlı və digər kəndlərdəki seçki məntəqələrində də seçicilər öz vətəndaşlıq mövqelərini nümayiş etdirirdilər.
1 saylı Şərur-Sədərək Dairə Seçki Komissiyasının əhatə etdiyi Şəhriyar, Kərimbəyli, Axaməd, Dəmirçi, Maxta, Zeyvə, Düdəngə, Cəlilkənd, Mahmudkənd yaşayış məntəqələrində də mütəşəkkillik təmin olunmuşdu.Həmin komissiyanın Şərurda yaradılmış 27 məntəqəsində 27 min 940 seçiciyə qeydə alınmış 214 namizəd arasından 153 bələdiyyə üzvünü seçmək hüququ verilmişdi. 4 məntəqədə veb-kamera quraşdırılmışdı.
Seçki məntəqələrində səsverməyə gəlmək imkanı olmayan və bu barədə məntəqə seçki komissiyalarına əvvəlcədən müraciət etmiş ahıl vətəndaşların, qocaların və xəstələrin səs vermələri üçün daşınan qutulardan istifadə olunurdu.
Ümumiyyətlə, 2 saylı Şərur və 1 saylı Şərur-Sədərək Dairə Seçki komissiyalarının əhatə etdiyi bütün məntəqələrdə seçkilər demokratik şəkildə keçirilirdi.

Babək rayonu

 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin 3-42 saylı seçki məntəqəsi üzrə 1305 seçici qeydiyyata alınmışdı ki, onlardan 8-i ilk dəfə öz seçki hüququndan istifadə edirdi. Məlumat üçün deyək ki, bu məntəqə də daxil olmaqla, seçki dairəsi üzrə, ümumilikdə, 5 veb-kamera quraşdırılmışdı. Babək qəsəbəsində yerləşən 3-41 və 3-45 saylı seçki məntəqələrində də seçkilərə hazırlıq Seçki Məcəlləsinə uyğun aparılmışdı.

Dairənin 3-33 saylı seçki məntəqəsində də olduq. Bu məntəqədə 457 seçici qeydiyyata alınmışdı və onlardan 5-i ilk dəfə seçkilərdə iştirak etmək hüququ qazanmışdı.
5 saylı Şahbuz-Babək Seçki Dairəsinin Babək rayonunun Sirab kəndində yerləşən 5-26 və Cəhri kəndindəki 5-31 saylı seçki məntəqələrində də seçicilər mütəşəkkillik nümayiş etdirirdilər. Məntəqələrdə şəffaflıq hökm sürürdü və heç bir qanun pozuntusu qeydə alınmamışdı.
3 saylı Babək-Kəngərli-Naxçıvan Dairə Seçki Komissiyasının sədri Zahid Ələkbərov məlumat verdi ki, dairənin dislokasiyasına daxil olan məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri arasında seçkiqabağı maarifləndirmə işləri aparılıb. Öyrəndik ki, dairə üzrə 49 seçki məntəqəsi var. Seçki məntəqələrinin 21-i Babək, 20-si Kəngərli rayonlarında, 8-i isə Naxçıvan şəhərində fəaliyyət göstərir. Həmin məntəqələrdə seçkilərin uğurla başa çatması üçün hərtərəfli şərait yaradılıb.

Ordubad rayonu

Seçki günü Ordubad rayonunun mərkəzində və kənd yaşayış məntəqələrində qaynarlıq, coşqunluq hökm sürürdü. Bu, seçicilərin bələdiyyə seçkilərində fəallığının ifadəsi kimi diqqəti çəkirdi. Hiss etmək çətin deyildi ki, insanlar özlərinin yerli problemlərinin həllində, üzləşdikləri bəzi çətinliklərin aradan qaldırılmasında bələdiyyələrin qüvvəsinə inanırlar. 

Qeyd edək ki, budəfəki bələdiyyə seçkilərində 7 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə 35 min 42 seçici müəyyənləşdirilmişdi. Onlar 52 məntəqədə səs verirdilər. Məntəqələrin 45-i Ordubad rayonunda idi. Dairədə rayon üzrə 431 nəfər bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmışdı. Onlardan 276 nəfəri ən çox səs toplamalı idi.
Rayon mərkəzində bələdiyyə seçkiləri üçün 6 məntəqədə səs verilirdi.
7-1 saylı seçki məntəqəsində 1288 seçicinin səs verməsi üçün hərtərəfli şərait yaradılmışdı.7-2 saylı seçki məntəqəsində də fəallıq müşahidə edilirdi.
7-25 saylı seçki məntəqəsində də heç bir qanun pozuntusu müşahidə etmədik, seçicilərin sərbəst surətdə səs vermələrinə, öz iradələrini ifadə etmələrinə tam şərait yaradıldığını gördük.

Culfa rayonu

 

6 saylı Culfa-Babək Seçki Dairəsindəki məntəqələrdən 16-sı Babək, 23-ü Culfa rayonunda yerləşir. Dairə üzrə, ümumilikdə, 34 min 555 seçici qeydə alınmışdır ki, bunun 19 min 494 nəfəri Culfa rayonunu təmsil edirdi. Onlardan 380-i səs vermək hüququndan ilk dəfə istifadə edirdi. Şəffaflığı təmin etmək məqsədilə 6-16, 6-17, 6-21, 6-22, 6-26 saylı məntəqələrdə veb-kameralar quraşdırılmışdı.
Dairənin 1464 seçicisi olan 6-16 saylı seçki məntəqəsində səhər saat 800-dan başlayaraq mütəşəkkillik müşahidə edilirdi. Seçicilər məntəqəyə yaxınlaşır, istədikləri namizədə sərbəst səs verirdilər.
6-26 saylı Saltaq və 6-21 saylı Ərəzin kəndlərindəki seçki məntəqələrində də seçkilərin başlanmasından qısa müddət keçməsinə baxmayaraq, seçicilərin böyük bir hissəsi səs vermişdi.
Rayon ərazisində yerləşən bütün seçki məntəqələrində seçicilər yüksək fəallıq nümayiş etdirir, hər kəs öz namizədinə səs verirdi. Onu da qeyd edək ki, seçki məntəqələrində sağlamlıq imkanları məhdud seçicilərin də səsvermədə iştirak etmələrinə əlverişli şərait yaradılmışdı.

Kəngərli rayonu

 

Kəngərli rayonunda 19 min 174 seçicini əhatə edən 18 seçki məntəqəsi təşkil edilmişdi. Saat 800-dan başlayaraq seçicilər dəstə-dəstə seçki məntəqələrinə gəlirdilər.
3-4, 3-5, 3-6 saylı məntəqələr Qarabağlar kəndində idi. Kənd mərkəzində yerləşən 3-5 saylı məntəqədə ilk səs verənlərdən olan ağsaqqal Rafiq Ağayev seçiləcək bələdiyyə üzvlərindən daha uğurlu fəaliyyət gözlədiklərini ifadə etdi, namizədlərə müvəffəqiyyətlər arzuladı.
Rayon mərkəzi Qıvraq qəsəbəsindəki 3-9 saylı seçki məntəqəsinin önündə günortaya yaxın qələbəlik var idi. Seçicilər səs vermək üçün erkən saatlardan binanın qarşısına toplaşmışdılar. Aldığımız məlumata görə, saat 1000-a kimi bu məntəqə üzrə 1036 nəfər seçicinin 6,4 faizi səsvermədə iştirak etmişdi. Eyni fəallığı 3-8 və 3-17 saylı seçki məntəqələrində də gördük.
Şahtaxtı kəndində də səhər saatlarından seçki məntəqələrinə sakinlərin axını davam edirdi. Kənddəki 3-12 saylı məntəqədə artıq saat 1200-dək seçicilərin 18,5 faizi səs vermişdi. Seçki günü Kəngərli rayonunda müşahidə olunan fəallıq rayonda bələdiyyələrin yerli özünüidarəetmədə nə qədər mühüm funksiya daşıdığını deməyə əsas verir.

Şahbuz rayonu

 

Növbəti bələdiyyə seçkiləri Şahbuz rayonunda da öz mütəşəkkilliyi ilə yadda qaldı. Məlumat üçün qeyd edək ki, 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin tərkibində olan 46 seçki məntəqəsinin 37-si daimi fəaliyyət göstərir. Həmin məntəqələrin 25-i Şahbuz, 12-si isə Babək rayonundadır. Dairə üzrə 30104 nəfər seçici var. Bunun 14887 nəfəri Şahbuz, 12487 nəfəri Babək seçki məntəqələrində qeydə alınıb.
Şahbuz rayonunda yaşı 100-dən yuxarı olan 1 nəfər seçici vardır. 110 yaşlı Ceyran Qafarova 1 saylı Şahbuz şəhər seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Dairə üzrə bələdiyyə üzvlüyünə, ümumilikdə, 315 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlərin 246-sı Şahbuz, 69-u Babək rayonu üzrə qeydə alınmışdı.
5-2, 5-4 və 5-5 saylı seçki məntəqələrində olduq. Səsvermənin mütəşəkkil keçirildiyini müşahidə etdik.
İnanırıq ki, seçiləcək bələdiyyə üzvləri Şahbuz rayonundakı 22 bələdiyyədə yerli əhəmiyyətli məsələlərin həllinə çalışacaqlar.

Sədərək rayonu

 

1 saylı Şərur-Sədərək Seçki Dairəsinin bu rayonda 7 məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin hamısı zəruri avadanlıq və materiallarla təmin edilmişdi. Seçki məntəqələrində səsverməyə gəlmək imkanı olmayan və bu barədə məntəqə seçki komissiyalarına əvvəlcədən müraciət etmiş ahıl vətəndaşların, qocaların və xəstələrin səs vermələri üçün də şərait yaradılmışdı.1-1 saylı seçki məntəqəsində veb-kamera quraşdırılmışdı.
Adıçəkilən seçki məntəqəsində 1473 seçici qeydə alınmışdı. Saat 1000-da artıq məntəqədə 120 nəfər səs vermişdi. Digər seçki məntəqələrində də əhalinin fəallığı yüksək idi.
1-3 saylı seçki məntəqəsində 1451, 1-5 saylı seçki məntəqəsində 1440, 1-6 saylı seçki məntəqəsində isə 1487 seçici qeydə alınmışdı.
1-2 saylı seçki məntəqəsində 1478 nəfər səs verəcəkdi. Saat 1000-dək 125 nəfər səsvermədə iştirak etmişdi.
Bu məntəqədə ailəsi ilə birlikdə səsverməyə gəlmiş Bəxtiyar Mahmudov seçki məntəqəsində yaradılan şəraitdən, aşkarlıqdan razılıqla danışdı.

* * *

Müşahidələrimizə əsasən demək olar ki, dünən keçirilən bələdiyyə seçkilərində muxtar respublikanın bütün seçiciləri yaradılan demokratik şəraitdən səmərəli istifadə edərək öz iradələrini ifadə ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR