Müstəqillik illərində ölkəmizdə istər demokratiya, istərsə də vətəndaş cəmiyyəti quruculuğu sahəsində böyük işlər görülüb, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yerini tutub. Bu müsbət xüsusiyyətlər ötən müddət ərzində keçirilən bütün seçkilərdə özünü açıq şəkildə büruzə verib. Artıq növbəti bələdiyyə seçkilərinə çox az vaxt qalır. Dekabrın 23-də ölkəmizdə bu seçkilərin də demokratik prinsiplər əsasında, obyektiv və şəffaf şəkildə keçirilməsi üçün muxtar respublikamızda da lazımi işlər görülüb. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından aldığımız məlumata görə, muxtar respublika üzrə 170 bələdiyyəyə 1452 nəfər üzvün seçilməsi nəzərdə tutulur. Qeydə alınmış namizədlərin ümumi sayı 2122 nəfərdir ki, bunlardan 535-i ali, 1587-si isə orta təhsilli, 306-sı qadındır. Siyasi partiya mənsubiyyətinə görə namizədlərdən 1477-si Yeni Azərbaycan Partiyasının üzvü, 475 nəfəri bitərəfdir, qalanları isə digər partiyalar tərəfindən irəli sürülüb. Bəs ölkəmizdə bələdiyyə institutu, onun hüquqi bazası necə formalaşıb, ötən illər ərzində bu sahədə hansı yeniliklər tətbiq olunub? Bu və digər suallarımızı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Xəyal Eyvazov cavablandırır.
– Yerli özünüidarəetmə orqanı sayılan bələdiyyələrin yaradılması əhalinin sosial, mədəni və məişət problemlərinin kompleks şəkildə həllinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi baxımından zəruridir. Xəyal müəllim, istərdim elə ilk olaraq ölkəmizdə sadalanan xarakterik xüsusiyyətləri özündə ehtiva edən bələdiyyə institutunun yaranma tarixi barədə oxucularımıza qısa məlumat verəsiniz.
– Tariximizin müxtəlif dövrlərində yerli seçkili idarəetmə qurumları mövcud olsa da, ölkəmiz əsl demokratik dəyərlərə malik bələdiyyələri yaratmaq imkanını dövlət müstəqilliyi bərpa edildikdən sonra qazanıb. Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanıb və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb.
Yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilir ki, yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır, statusunun əsasları konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.
Bu qurum ölkəmizdə 1999-cu ilin dekabrında dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə formalaşmağa başladı. Sonra isə bu istiqamətdə fəaliyyəti tənzimləyən normativ aktlar qəbul edildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bələdiyyələrin yaradılmasının əhəmiyyətini nəzərə alaraq deyib: “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.
– Sizin də qeyd etdiyiniz kimi, ölkəmizdə bütün sahələrin, eləcə də bələdiyyə institutunun yaradılması, formalaşması istiqamətində görülən işlərin təməlində də məhz görkəmli dövlət xadimi Heydər Əliyev şəxsiyyəti, Onun atdığı mütərəqqi addımlar dayanır. Dahi şəxsiyyətin yolunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə də bələdiyyələrin təkmilləşdirilməsi sahəsində ötən illər ərzində bir sıra işlər görülüb. Bu barədə nə deyə bilərsiniz?
– Yarandığı dövrdən ötən 20 il ərzində yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilib, mükəmməl qanunvericilik bazası yaradılıb, müasir bələdiyyələr formalaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bələdiyyələrin səlahiyyətlərinin və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib və bu tədbirlər hazırda uğurla davam etdirilməkdədir. Nəticədə, böyük inkişaf yolunu keçən bələdiyyələr vətəndaşların maraq və mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak edirlər.
Ölkəmizdə olduğu kimi, muxtar respublikada da bələdiyyələr hərtərəfli qayğı ilə əhatə olunub. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə bələdiyyələrin inkişafı üçün zəruri, hüquqi, təşkilati tədbirlər görülüb və yerli özünüidarəetmə hüququnu həyata keçirməkdə əhaliyə hərtərəfli köməklik göstərilib. Aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri bələdiyyələrin fəaliyyətini də xeyli asanlaşdırıb, onlar müasir iş şəraiti ilə təmin olunublar. Ötən müddət ərzində muxtar respublikamızda fəaliyyət göstərən yerli özünüidarə orqanları bələdiyyə idarəçiliyi sahəsində xeyli təcrübə qazanıblar və onların cəmiyyətin həyatındakı rolu ilbəil artır. Bu da bələdiyyələrin yerli əhəmiyyətli məsələlərin həllində daha yaxından iştirakına və abadlıq-quruculuq işlərində fəallıq nümayiş etdirmələrinə öz müsbət təsirini göstərməkdədir.
– Xəyal müəllim, bildiyimiz kimi, müstəqillik illərində ölkəmizdə yerli özünüidarəetmə sisteminin formalaşdırılması üçün kifayət qədər hüquqi baza yaradılıb. İlk konstitusiyanın qəbulundan bələdiyyələrə seçkilər keçirilənədək və ondan sonra da bələdiyyələrin formalaşması, fəaliyyəti və inkişafının müxtəlif aspektlərini əhatə edən çoxlu sayda qanunvericilik aktları qəbul edilib. Ümumiyyətlə, qanunvericilikdə bələdiyyələrin statusu, fəaliyyəti və səlahiyyətləri barədə hansı müddəalar nəzərdə tutulub?
– “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyən edib. Bələdiyyə qanunla nəzərdə tutulmuş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Onun öz mülkiyyəti və yerli büdcəsi olur və bələdiyyə Azərbaycan Respublikası Konstitusiyası və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Vətəndaşlar yerli özünüidarəni həm bilavasitə, həm də öz nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.
Azərbaycan Respublikası vətəndaşlarının yerli özünüidarə orqanlarına seçmək və seçilmək hüququ vardır. Yerli özünüidarə vətəndaşların fəaliyyətinin elə bir sistemidir ki, həmin sistem qanun çərçivəsində onlara öz mənafeləri naminə yerli əhəmiyyətli məsələləri həll etmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilən bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar, bələdiyyələr və vətəndaşlar yığıncaqlar vasitəsilə həyata keçirirlər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, bələdiyyə qulluğu Azərbaycan Respublikası vətəndaşları üçün eyni dərəcədə müyəssərdir. Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları bələdiyyələrin inkişafı üçün zəruri, hüquqi, təşkilati və maddi maliyyə şəraiti yaradır və yerli özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə kömək göstərirlər. Azərbaycan Respublikası vətəndaşları yaşadıqları ərazidə yerli özünüidarə hüququnu bələdiyyələrə seçkilər vasitəsilə və digər formalarda həyata keçirirlər. Bələdiyyələrin strukturu qanuna və bələdiyyələrin nizamnamələrinə uyğun müəyyənləşdirilir.
Bələdiyyə üzvü bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Onların səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir və təminatları qanunla və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir. Bələdiyyə üzvü seçilmək haqqında vəsiqə seçkilərin nəticələri elan olunduqdan sonrakı 5 gün müddətində dairə seçki komissiyası tərəfindən verilir. “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikasının Qanununda onun fəaliyyətinin əsas təminatları müəyyən edilibdir. Qanunda göstərilir ki, bələdiyyə üzvünün səlahiyyətlərinin maneəsiz və səmərəli həyata keçirilməsinə, hüquqlarının qorunmasına dövlət tərəfindən təminat verilir.
Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə, “Bələdiyyələrin statusu haqqında” qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır. Onlar hüquqi şəxsdirlər, möhür və ştampları, bankda hesabları olur. Azərbaycan Respublikası vətəndaşlarının yerli özünüidarə orqanlarına seçmək və seçilmək hüququ vardır. Qanuna görə vətəndaşlar yaşadıqları ərazilərdə yerli özünüidarə hüququnu bələdiyyələrə seçkilər vasitəsilə və digər formalarda həyata keçirirlər. Bundan əlavə, vətəndaşlar yerli özünüidarəni həm bilavasitə, həm də öz nümayəndələri vasitəsilə həyata keçirə bilərlər. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümümi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Bələdiyyələrə seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun keçirilir. Vətəndaşların yerli özünüidarə orqanlarına seçmək və seçilmək hüququ onların yerli idarəçilikdə iştirakını təmin edir.
– Bildiyimiz kimi, artıq növbəti bələdiyyə seçkilərinin keçirilməsinə çox az vaxt qalır. Ötən illərin təcrübəsi, son dövrlərdə bu sahədə atılan addımlar, aparılan maarifləndirmə tədbirləri, seçki keçiriləcək yerlərdə təhlükəsizliyin tam təmin edilməsi, veb-kameraların quraşdırılması belə deməyə əsas verir ki, budəfəki seçki prosesi də tam şəffaf və obyektiv şəkildə baş tutacaq. Təbii ki, bu istiqamətdə görülən işlər Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə bələdiyyə seçkilərinin təşkili və keçirilməsi qaydalarına uyğun müəyyən edilir. Bu qaydalarda daha nələr nəzərdə tutulur?
– Qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə bələdiyyə seçkilərinin təşkili və keçirilməsinin müvafiq qaydaları müəyyən edilib. Belə ki, həmin məcəllənin “Bələdiyyə seçkilərinin əsasları” adlanan 210-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir və həmin müddətin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Seçki qanunvericiliyinə görə, bələdiyyələrə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Respublikamızda 2014-cü ildə keçirilən seçkilərdə seçilmiş bələdiyyə üzvlərinin səlahiyyət müddəti başa çatmaq üzrədir. Bununla əlaqədar, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2019-cu il 18 oktyabr tarixli Qərarı ilə növbəti bələdiyyə seçkiləri 2019-cu ilin 23 dekabrına təyin edilib.
Bu sahədə görülən işlər belə deməyə əsas verir ki, keçiriləcək seçkilər bələdiyyə üzvlərinin keyfiyyət tərkibini daha da yaxşılaşdıracaq və bu da onların fəaliyyətinin növbəti illərdə də səmərəli olmasına xidmət edəcək, yerli özünüidarəetmənin daha da təkmilləşməsinə öz töhfəsini verəcəkdir. Buna nail olmaq üçün isə biz seçicilərin seçkilərdə mütəşəkkil iştirak edib, layiqli namizədə səs verməyimiz gərəkdir.
– Maraqlı müsahibə üçün çox sağ olun.
Nail ƏSGƏROV