Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Lee Jae Vunqun muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
Universitetin Cənubi Koreya Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 2012-2013-cü tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Koreya dilini öyrədən kurslar açılıb. Mərkəzin müasir informasiya texnologiyaları, Koreya dilində ensiklopediya, lüğət və digər məlumat nəşrləri ilə təmin olunması diqqətdə saxlanılır. Burada Koreyanın dövlət atributları, milli musiqi alətləri, eyni zamanda ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasitələri toplanıb. Koreya Mərkəzində Cənubi Koreyanın əlamətdar tarixi günlərinə həsr olunmuş tədbirlər keçirilir.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri Lee Jae Vunqun ilə görüşüb. Seymur Talıbov qonağı salamlayaraq onu ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib.
Söhbət zamanı qonaq muxtar respublikada Koreya dilinə olan yüksək marağı nəzərə alaraq bu dil üzrə TOPİC imtahanlarının Bakıya getmədən məhz Naxçıvanda keçirilməsini təklif edib. Naxçıvan Dövlət Universitetinin prorektoru Seymur Talıbov təklifi yüksək dəyərləndirib, Koreya milli mədəniyyətinin, incəsənətinin təbliği istiqamətində görüləcək işləri məqsədəuyğun hesab edib və Koreya günü keçirilməsi ilə bağlı təklifini irəli sürüb.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Səadət Əliyeva