Seçki marafonu
9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür. Prezident seçkiləri Azərbaycan Respublikasında 125 seçki dairəsində keçiriləcəkdir ki, bu dairələrdən 7-si Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.
Hörmətli seçicilər!
Seçki Məcəlləsində seçici siyahılarının tərtib olunması ilə əlaqədar ayrıca bir fəsil və 4 maddə nəzərdə tutulmuşdur. Seçki Məcəlləsi hər bir seçicinin harada olmasından asılı olmayaraq, səsvermə hüququnu tam təmin edir.
Seçki gününədək 18 yaşı tamam olan hər bir vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunmaqla seçici siyahısına daxil edilir.
Əgər seçici yaşayış yerini dəyişibsə, müvafiq seçki məntəqəsinin ərazisində seçkilərin elan olunması gününədək əvvəlki 12 ayın azı 6 ayı ərzində o ərazidə yaşaması faktı əsas götürülür və həmin şəxs siyahıya daxil edilir.
Hərbçilər üçün də Seçki Məcəlləsində müvafiq maddələr nəzərdə tutulmaqla onların da seçki hüququ qorunmuşdur. Hərbi hissələrdən kənarda yaşayan hərbi qulluqçular seçici siyahısına yaşayış yeri üzrə ümumi əsaslarla daxil edilirlər. Hərbi hissələrdə yerləşən hərbi qulluqçular, onların ailə üzvləri və digər seçicilər isə həmin hərbi hissələrin komandirlərinin məktubu əsasında yaxınlıqda yerləşən seçki məntəqəsinin seçici siyahılarına daxil edilir və ya Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının müvafiq razılığı əsasında həmin hərbi hissənin daxilində seçkilərə 5 gün qalmış seçki məntəqəsi yaradılır.
Səsvermə günü xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində olan seçicilərin də hüquqları qorunaraq, onlar üçün də yerləşdikləri həmin binalarda seçkilərə 5 gün qalmış seçki məntəqəsi yaradılır və ya yaxınlıqda seçki məntəqəsi varsa, həmin təşkilatın rəhbərliyinin tərtib etdiyi siyahı əsasında o məntəqədə siyahıya daxil edilirlər.
İstintaq zamanı barələrində həbs qətimkan tədbiri seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca seçici siyahılarına daxil edilirlər. Bu cür məlumatlar səsvermə gününə ən azı 2 gün qalmış vətəndaşın həbsi haqqında qərar çıxarmış müvafiq məhkəmələr və ya vətəndaşın inzibati qaydada saxlanılması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin tam göstəriciləri əks edilməlidir.
Barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan və həbs qətimkan tədbiri seçilmiş şəxslər istintaq təcridxanasının rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında seçici siyahısına daxil edilir və səsvermə günü daşınan qutu ilə səs verirlər.
Xəstə olan, hərəkət edə bilməyən vətəndaşlarımız da səsvermədən kənarda qalmır. Yaxın qohumların və ya qonşuların məlumatı əsasında o şəxs siyahıya daxil edilir və daşınan qutu vasitəsilə səs verir.
Muxtar respublikada seçicilərin sayı aşağıdakı kimidir:
-seçicilərin ümumi sayı – 255116 nəfər
onlardan:
-kişi –124479 nəfər, 48,8%
-qadın – 130637 nəfər, 51,2%
-ilk dəfə səs verənlər – 3075 nəfər
Adınızın seçici siyahısında olub-olmadığını Y O X L A Y I N !
Adınızın seçici siyahısında olub-olmadığını və ümumiyyətlə, seçki prosesində sizi maraqlandıran suallarla əlaqədar məlumatları Mərkəzi Seçki Komissiyasının internet saytlarından (www.cec.gov.az, www.msk.gov.az, www.infocenter.gov.az) və ya aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaqla öyrənə bilərsiniz:
- Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası – 544-11-43
- 1 saylı Şərur-Sədərək Dairə Seçki Komissiyası – 542-38-77
- 2 saylı Şərur Dairə Seçki Komissiyası – 542-34-22
- 3 saylı Babək-Kəngərli-Naxçıvan Dairə Seçki Komissiyası – 541-39-88
- 4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyası – 545-74-23
- 5 saylı Şahbuz-Babək Dairə Seçki Komissiyası – 543-03-17
- 6 saylı Culfa-Babək Dairə Seçki Komissiyası – 546-01-14
- 7 saylı Ordubad-Culfa Dairə Seçki Komissiyası – 547-16-41
Vətəndaş seçici siyahısına daxil edilməməsi, seçici siyahısında onun barəsində və ya digərlərinin barəsində göstərilməli olan məlumatlarda aşkar etdiyi səhvlər və ya yanlışlıqlar barəsində məlumat verə bilər.
Aktiv seçki hüququ
Seçkilərin keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, seçkilərin gedişini müşahidə etmək, seçkiqabağı təşviqatda iştirak etmək, Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ – aktiv seçki hüququ vardır.
Yuxarıda göstərilən tələblərə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər.
Həmin tələblərə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).
Seçki Məcəlləsinin 12.4-cü maddəsində aktiv seçki hüququ ilə bağlı bəzi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Qeyd edilir ki, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə referendumda iştirak etmək hüququndan – aktiv seçki hüququndan məhrumdurlar.
Bərabər seçki hüququ həm seçici səslərinin bərabərliyini, həm namizədlər üçün imkan bərabərliyini, həmçinin milli azlıqların və cinslərin bərabərliyi prinsiplərini özündə cəmləşdirir. Belə ki, həmin prinsipə əsasən, hər bir seçicinin bir səsi olur və hər bir səs eyni hüquqi qüvvəyə malik olur. Bir səsdən çox səs verildiyi yerlərdə isə hər bir seçicinin eyni sayda səsi olur. Seçki Məcəlləsində yuxarıda göstərilən hər iki prinsip öz əksini tapıb. 2002-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərə qədər Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə hər bir seçicinin iki səs hüququ var idi. Birinci səs hüququnu majoritar qaydada, ikinci səs hüququnu isə proporsional qaydada istifadə edirdi.
Azad seçki hüququ seçicilərin öz istək və arzularını azad ifadə etmək və seçki pozuntularına qarşı mübarizə aparmaq azadlığını nəzərdə tutur.
Seçki Məcəlləsinin 2.2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə və referendumda iştirakı azad və könüllüdür. Seçkilərdə və ya referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin Azərbaycan Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.
Gizli səs vermək hüququna əsasən, gizlilik seçicinin yalnız hüququ deyil, həm də vəzifəsidir. Səsvermə fərdi olmalıdır. Ailə səsverməsi və bir seçici tərəfindən digər bir səs üzərində nəzarətin hər hansı forması qadağan olunmuşdur.
Seçki Məcəlləsinin 6-cı maddəsində göstərilir ki, seçkilər və referendum zamanı səsvermə gizli olmalıdır, bu isə seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarəti istisna etməlidir.
Birbaşa seçki hüququna əsasən, vətəndaşların seçkilərdə namizədin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səsvermələri nəzərdə tutulur. Qeyd edilir ki, başqa şəxslərin yerinə səs vermək qadağandır və başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.
Naxçıvan Muxtar Respublikası
Mərkəzi Seçki Komissiyası